Tənqid yarpaqları
I yazı
Xatırlayıram 90-cı illərin sonlarını. Bir cavan, ağbəniz, hündür boylu qız Vaqif Səmədoğlu poeziyasından yazdığı namizədlik dissertasiyasını qarşıma qoydu, mənim ona rəyçi təyin edilməyimi bildirdi,dissertasiyanı oxuyub rəy yazmağımı xahiş elədi. Məmnuniyyətlə razılıq verdim, çünki Vaqif Səmədoğlu poeziyası haqqında bu qızın nə deyəcəyi məni çox maraqlandırırdı və əsəri bir gündə oxuyub başa çatdırdım, xoşuma gəldi, ona görə ki, bu əsər Vaqif Səmədoğlu haqqında ilk bitkin elmi əsər idi- Vaqif poeziyasının özünəməxsusluğu öz elmi şərhini tapmışdı. Mən onda "Azərbaycan" jurnalında ədəbi tənqid şöbəsinin müdiri işləyirdim, dissertasiyanın içindən bir maraqlı hissənin də çap olunmasına kömək etdim. Namizədlik dissertasiyasının müdafiəsi isə çox gur keçdi, bu cavan, ağbəniz, hündürboylu qız elmlər namizədi kürsüsündə çox cəsarətlə çıxış elədi.
O qız İradə Musayeva idi ki, məlum hadisələr zamanı ailəsiylə birgə Ağdamda evini-eşiyini qoyub gəlmişdi Bakıya və ən çox heyifsləndiyi bu idi ki, biz gec-tez öz evimizə qayıdacağıq deyirdi, amma mənim o evdə nə qədər kitablarım var idi, onlar qaldı orda. Amma İradə xanım o kitabların qisasını ala bildi, İradə Musayeva çox tezliklə fəal bir tənqidçi və ədəbiyyatşünas kimi diqqəti cəlb etdi, ədəbiyyatımızın müxtəlif problemlərinə aid onlarla yazı qoydu ortalığa, XXI əsrdən ötən əsrlərə - Nizami dünyasına boylana bildi, klassik eşq fəlsəfəsinin mahiyyətinə vardı, Füzulinin "Leyli və Məcnun" əsərinə yeni baxış bucağından yanaşdı, bir az da tənqidçi-ədəbiyyatşünas nəzərlərini Avropaya yönəltdi, Qərbin ədəbi fakturası və modelləri ilə bizləri tanış eləməyə girişdi. Amma İradə Musayeva nə qədər keçmişə - Orta əsrlərə boylansa da, tənqidçi-ədəbiyyatşünas marağını uzaq məkanlara - Avropaya yönəltsə də, o, daha çox öz ətrafında, içərisində olduğu ədəbi mühitin hər bucağında cərəyan edən hadisələrə: yeni nəşr edilən kitablara, müxtəlif ədəbi nəsillərin nəsr və poeziya yaradıcılığına, elmi-publisistik nəşrlərə, cavan şair və nasirlərin yazılarına, ədəbi jurnal və qəzetlərin fəaliyyətinə diqqətini yönəldir, vaxtında-məqamında bu ədəbi hadisələrə münasibətini bildirir. Daha çox "Ədəbiyyat qəzeti"ndə, yeri gələndə "Azərbaycan" jurnalında İradə Musayeva imzası ilə qarşılaşırıq.
Tənqidçilərin öz həmkarları barədə söz deməyi, fikir söyləməyi qətiyyən anormal hadisə sayılmamalıdır və bu gün ədəbi mətbuatda bir-birininin yaradıcılığını təqdir edən onlarla yazılara təsadüf edirik. Belə yazıların bir qismi çox ciddi mətləblər üzərində qurulur və bir tənqidçi öz həmkarının ədəbi prosesdəki rolunu, onun nəyə qadir olduğunu etiraf edirsə, bunun özü də maraqlı bir hadisədir. Təki ortada difiramb olmasın, qədərindən artıq tərif, tərənnüm olmasın. Və mən İradə Musayevanın yazılarından, onun ədəbiyyata münasibətindən söz açıramsa, ilk növbədə, onun bir tənqidçi kimi hansı keyfiyyətlərə malik olduğunu və zəif nöqtələrini də açıqlamalıyam. Bu baxımdan İradə Musayevanın "XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz" kitabı məndə böyük təəssürat yaradır. Azərbaycanda akademik İsa Həbibbəylidən başqa belə nəhəng tənqid-ədəbiyyatşünaslıq kitabları nəşr edən müəllif tanımıram, İradə xanımın adını çəkdiyim kitabının həcmi 700 səhifədən çoxdur. Amma bu nəhəng kitab qətiyyən darıxdırıcı deyil, istəyirsən üç günə oxu, istəyirsən beş günə… bu kitabdakı fikirləri təqdir edə bilərsən, ya da müəlliflə qətiyyən razılaşmaya bilərsən, söhbət ondan gedir ki, İradə Musayeva professional tənqidçidir. Və mən kitaba ön söz yazan akademik Rafael Hüseynovun bu fikrini misal gətirməkdən çəkinmirəm: "Bəsirətlilik, daxildəkini gözlə də görə bilmək istedadı hər adama nəsib deyil. Tənqidçiliksə bir ayrıca sənətdir ki, orada bəlli sahə və istiqamətlərin kamil, bişkin bilicisi olmaqdan savayı, həm də dərinlərə nüfuz etmək baxımından o səmtin görücüsü olmaq vacibdir". Bu fikrin İradə Musayevaya ünvanlandığı həmin ön sözdəki digər mülahizələr də təsdiq edə bilər. Rafael müəllimin ön sözü "Görünənlərdən daha çox görə bilmək qabiliyyəti" adlanır və əlbəttə, əsl tənqidçinin də missiyası məhz elə bu "görə bilmək qabiliyyəti"dir.
İradə Musayevanın müasir poeziya və nəsr haqqında yazıları zənnimcə, onu bir tənqidçi kimi daha çox tanıdır. Poeziyadan mükəmməl yazmaq olar, bu şərtlə ki, şeiri şairin özü qədər dərindən hiss edəsən. İradə Musayeva Vaqif Səmədoğlunu, Fikrət Qocanı, Ələkbər Salahzadəni, Salam Sarvanı bir şair kimi hiss edir - Vaqif Səmədoğluda "bütün çalarları ilə görə bilmədiyimiz bir rəng, ahənginə, zilinə, həmişə köklənə bilmədiyimiz bir səs", Ələkbər Salahzadədə heç kəsdə rast gəlmədiyimiz "sözlər arasında ülfət, harmoniya, məqsəd birliyi",Salam Sarvanda "dərdin estetikası" "kəşf" olunur. Bu şairlərin hər biri son dərəcə fərdidir, şeirləri bir-birinə üslubca qətiyyən yaxın gəlməz, amma müasir Azərbaycan şeirinin ən yaxın, ən doğma variantlarıdır.Mənim fikrimcə, Ələkbər Salahzadə şeirini İradə Musayeva hamımızdan yaxşı duyur, mənalandırır. Baxın bu təhlil məqamına: "Təbiət və məişət lövhələri Ə.Salahzadənin poetik yanaşmasında canlanır. Müəllif sanki gördüyü hər şeyin hekayəsini yazır, nağılını quraşdırır, taleyini yaradır.. Kibrit çöpləri, Prometey əsgərləri - kazarmada yatan qəhvəyi papaqlılardı. Günəbaxan günəşə uymuş, sevgilisini aldadan çəhrayı kirpikli qızdır. Xınalıq yolunda, dağın ətəyində bitən ağacların dərdi nədir? "Ağaclar yorulub qaldı bir dağın ətəyində. Daha qalxa bilmədi, qalxan-qalxan yıxıldı, dura bilmədi. Kiçik bir yarpağını bayraqtək qaldıra bilmədi. Yeridilər, tövşüdülər, gedib çata bilmədilər". Ümumiyyətlə, Ə.Salahzadə şeirlərinin dərki obrazlı təfəkkürün ən yüksək forması olan assosiativ təfəkkürlə bağlıdır. Şair predmet və həyat hadisələrinin mahiyyətinin qeyri-adi tərəflərini orijinal baxış tərzində, konkret detallarla poetikləşdirir". Mən sevinirəm ki, çox sevdiyim Ələkbər Salahzadə haqqında vaxtında deyə bilmədiyim fikirləri İradə Musayeva deyə bilir. Vaxtilə mən onun "Qar və çiçək" şeirini oxumuş və bu şeirin poetik zərifliyi məni heyran etmişdi. Amma unutmuşdum, yazmamışdım o şeir barədə. İradə Musayeva isə mənim bu "günahımı" yudu: "Başqa bir şairdə ("Qar və çiçək") isə payızla qışın görünüşü hər iki fəslin ən incə, zərif nümayəndəsinin timsalında müşahidə etdik. Bəyaz qar (Sulu qar, dolu, şaxta, boran yox)-ağ çiçək (bağ, bağça, gülüstan, laləzar yox) iki ağ duvaqlı gəlin, iki ağ göyərçin, iki ağ çiçək də demək olar bunlara:
Bəyaz qarla bir ağ çiçək
üz-üzə gəlib görüşüb.
Solmayıb gül, dözüb durub,
qar tələsib,
tez düşüb!
Tanımırlar bir-birini:
birdən-birə rastlaşıb
ağ çiçəklə bəyaz qar
Hər ikisi
qərib, ürkək-
bir az çiçək, bir az qar".
Bu məqalə istər-istəməz mənə müasir Azərbaycan tənqidinin ən akademik təmsilçisi - mərhum Yaşar Qarayevin vaxtilə Ələkbər Salahzadə poeziyası ilə bağlı bir bənzərsiz yazısını xatırlatdı. Yaşar Qarayev Ələkbər Salahzadə poeziyasının sehrini onun "Ağ bir zanbaq kimi açıldı səhər.." bənzərsiz metaforası ilə səciyyələndirmişdi. İradənin yazısında da Yaşar Qarayev təhlil metodundan gələn bir cizgi - görünüş nəzərə çarpır.
İradə Musayevanın "Çağdaş Azərbaycan nəsri və roman problemləri" silsiləsindən olan məqalələri də onun bir tənqidçi kimi professionallığını sübut edir. Məsələ burasındadır ki, tənqidçi gərək ədəbi prosesi müntəzəm izləsin. Əgər o, roman problemini və bu janrla bağlı müşgülləri tənqidin obyektinə çevirirsə, kifayət qədər məlumatlı olmalıdır və yaxşı ki, İradə Musayeva müasir Azərbaycan nəsrinin bütün mənzərəsini görür. İradənin müasir roman haqqında fikirləri mili-lokal çərçivəsini aşır, Azərbaycan romanına dünya romanı səviyyəsindən yanaşmanı təhlillərinin medoduna çevirir. İki - üç il öncə mən "Ədəbiyyat qəzeti"ndə romanla bağlı İradə xanımın və bir də Təyyar Salamoğlunun yazılarını oxuyurdum və deyim ki, bu iki istedadlı ədəbiyyat adamının fikirlərində bir-birinə zidd məqamlar hiss edirdim. İradə Musayeva Azərbaycan romanına bir az "yuxarıdan" boylandığı üçün təkidlə söyləyirdi ki: "Azərbaycan romanı dünyaya çıxa bilmədi… o mənada ki, dünya romanı inkişafı ilə ayaqlaşa bilmədi". Təyyar Salamoğlu isə "dünyaya çıxa bilməyən" romanlardan, onların nəsrimizə gətirdiyi yeniliklərdən fərəhlə söz açırdı. Hətta bu iki tənqidçi arasında müəyyən polemika da öz əksini tapdı.
İradə Musayevanın dünya və Azərbaycan romanı ilə bağlı silsilə məqalələrində maraqlı, düşündürücü mətləblər az deyil. Xüsusilə, konkret roman təhlillərində öyrənə biləcəyimiz çox şey var. Ancaq İradə xanımın Azərbaycan romanına Folkner, Kamyu, Markes ölçüləri ilə qiymət verməsi son dərəcə mübahisəli məsələdir. "Azərbaycan romanı dünyaya çıxa bilmədi" fikri də zənnimcə, həqiqəti düzgün əks etdirmir. Şəxsən mən "Dəli Kür"ü, "Axırıncı aşırım"ı, "Qətl günü"nü, "Fətəli fəthi"ni, "Mahmud və Məryəm"i, "Köç"ü dünya romanları cərgəsində görürəm. Niyə, nə üçün? Qalsın gələn yazıya…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!