AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun təsisçisi və baş redaktoru olduğu "Tənqid.net" jurnalının 12-ci sayı (2016-2017) işıq üzü görüb. Jurnalın bu sayı "Müstəqil Azərbaycanın müstəqil ədəbiyyatı və müstəqil ədəbiyyat elminin 25 illiyinə" həsr olunub.
Jurnal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin 9 noyabrında AMEA-nın 70 illiyi münasibətilə bayram yığıncağındakı çıxışı ilə açılır. Bu çıxışı humanitar elmin dirçəlişində təkan adlandıran baş redaktor cari ədəbi prosesə müxtəlif aspekt və baxış bucaqlarından nəzər yetirməklə bahəm "25 illik müstəqilik yolu keçmiş ədəbiyyat və ədəbiyyatşünaslığımızın durumu"nu aydınlatmağa çalışır.
"Tənqid.net" dərgisindəki yazılar müxtəlif bölmələrdə cəmləşərək ümumən çağdaş ədəbiyyatımızı fərqli ədəbiyyat müstəvilərdən təqdim edir: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Yaradıcılıq fondu və sim-sim.az, Azərbaycan Yazıçılar Birliyi, "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Kaspi" qəzeti və s. Belə ki, ötən ədəbi ildə müəyyən rezonans doğurmuş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi, Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin yaradılması faktından tutmuş Şərif Ağayarın "Arzulardan sonrakı şəhər", Sona Vəliyevanın "İşığa gedən yol" romanlarının geniş müzakirəsi, tənqid rakursundan Elçinin "Söz azadlığı tənqidimizə nə verib" silsilə yazıları, Tehran Əlişanoğlunun, Rüstəm Kamalın, Azər Turanın, Məti Osmanoğlunun, Elnarə Akimovanın, Azad Qaradərəlinin, Mətanət Vahidin, Qismətin, Qanturalının ədəbi proseslə bağlı məqalələri, monoqrafik rakursdan İsa Həbibbəylinin, Anarın, Kamal Abdullanın, Nizami Cəfərovun, Qorxmaz Quliyevin, Qəzənfər Paşayevin, Elnarə Akimovanın kitabları haqqında resenziyaların təqdiminə qədər çeşidli mətnlər jurnalda yer alıb. Afaq Məsudun, Qəzənfər Paşayevin, Qurban Bayramovun, Bahar Bərdəlinin yubileyləri və onlarla bağlı yazılar, Məmməd Cəfər Cəfərovun "Get dolangilən, xainsən hələ" pyesi də dərgidə ayrıca bölümdə təqdim olunub.
Qeyd edək ki, "Tənqid.net" jurnalı 2006-cı ildən çap olunur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!