Edebiyyatqazeti.az xəbər verir ki, xalq yazıçısı Elçinin pyesləri respublikamızın sərhədlərini aşaraq xarici ölkə teatrlarında da uğurla tamaşaya qoyulur və artıq «Elçin teatrı» estetik məfhumu yalnız ölkəmizdə yox, çağdaş dünya sənətşünaslığında geniş yayılmaqdadır. Bu gün onun pyesləri Nyu-York, London, İstanbul, Roma, Moskva, Ankara, Sankt-Peterburq, Seul və başqa böyük şəhərlərin teatr səhnələrində tamaşaya qoyulur, sənətsevərlər tərəfindən hərarətlə qarşılanır.
Xalq yazıçısının məşhur «Cəhənnəm sakinləri» pyesinin də səhnə həyatı uğurlu olmuş, əsər bir çox ölkələrdə tamaşaya qoyulmuşdur. Böyük Britaniyanın tanınmış bəstəkarı Laurence Mark Vayt «Cəhənnəm sakinləri» pyesinin əsasında möhtəşəm müzikl yazmışdır. Sentyabrın 5-də Londonun Union Teatrında «Cəhənnəm sakinləri» («Gecəyarısı») müziklinin premyerası olmuş və tamaşa böyük uğur qazanmışdır. İngiltərə tamaşaçıları azərbaycanlı dramaturqun 1937-ci il represiyaları ilə bağlı fəlsəfi-psixoloji pyesini də, müziklin musiqisini də maraq və rəğbətlə qarşılamış, yaradıcı heyəti uzun müddət alqışlamışlar. Premyeradan sonra tamaşa hər gün anşlaqla göstərilməkdədir.
Tamaşanın qurluşçu rejissoru Kate Golledğe, dirijoru Harry Raden-Brovn, musiqi parçalarındakı sözləri nəzmlə işləyən Timoti Knapman, xoreoqrafı Chris Cuminq, səhnə və kostyum dizayneri lliot Squire, işıq dizayneri Fridthjofur Thsteinssondur. Əsas rolları Solin Burnicle (Kişi), Norma Butikofer (Qadın) və Leon Scott (Qonaq) ifa edirlər.
«Cəhənnəm sakinləri» Azərbaycan dramaturqlarının əsərləri əsasında xaricdə bəstələnmiş ilk müzkldır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!