Nijnevartovsk şəhərinin mərkəzi kitabxanasında nadir bir sərgi açılıb: Bakı şəhərində fəaliyyət göstərən, dünyada yeganə olan miniatür kitab muzeyinin 165 nüsxə ekspozisiyası təqdim olunub.
Rusiyanın uğra-tv telekanalı bu sərginin açılışından süjet hazırlayıb. Verilişdə qeyd edilir ki, ən kiçik eksponatlar arasında ölçüləri cəmi 3x3 millimetr olan, yeddi dilə tərcümə edilmiş Bibliya xüsusi yer tutur. Burada rus klassiklərinin və xarici müəlliflərin qədim və müasir kitabları da var.
Kolleksiyadan üç minə yaxın nəşr Ginnesin Rekordlar Kitabına daxil edilib. Azərbaycanın Əməkdar Mədəniyyət işçisi, muzeyin yaradıcısı, həyatının 35 ilini miniatür kitabların axtarışı, bərpası və nəşrinə həsr etmiş Zərifə Salahova özü də Nijnevartovska gəlib.
Bu işdə ona tanınmış artistlər, rəssamlar, siyasətçilər, bədii söz sərrafları kömək ediblər.
Süjetdə deyilir: “M.K.Anisimkova adına Mərkəzi Şəhər Kitabxanasında “Miniatür kitablar. Bir kolleksiyanın tarixi” sərgisinin açılışında Nijnevartovskun gənc sakinləri Zərifə Teymur qızı kimi son dərəcə maraqlı bir insanla görüşmək və onun miniatür kitablar kolleksiyası ilə tanış olmaq imkanı qazanıblar. Mərkəzi kitabxanadakı müvəqqəti ekspozisiyada kiçik formatlı 160-dan çox nəşr nümayiş etdirilir. Bütövlükdə isə Zərifə Salahovanın kolleksiyasında dünyanın 80 ölkəsindən gətirilmiş 9000-dən çox kitab var”.
Öz işinin vurğunu olan Zərifə Salahova adı böyük hərflə yazılmağa layiq Oxucudur. Miniatür kitablar kolleksiyasını toplamaq onun bütün həyatının sevimli məşğuliyyətidir. Zərifə Salahova Azərbaycan Kitabsevərlər Cəmiyyətinin sədri olduğu dövrdə tez-tez Moskvaya işgüzar səfərlər edir, vaxtilə Moskvada fəaliyyət göstərən Ümumittifaq Kitabsevərlər Cəmiyyətinə baş çəkirdi. Zərifə Teymur qızı o dövrü yaxşı xatırlayır: adlı-sanlı yazıçılar və şairlərlə görüşlər, elm və mədəniyyət xadimləri ilə söhbətlər, təzə tanışlıqlar, kitab yenilikləri barədə söhbətlər... Lakin 1982-ci il muzeyin banisinin qəlbində ayrıca yeri var. Həmin il o, ən birinci miniatür kitabçanı – 1835-ci ildə işıq üzü görmüş “İ.A.Krılovun təmsillərinin tam külliyyatı” adlı faksimile nəşrini almışdı. İndiki kimi yadındadır: bu kitabın qiyməti 23 rubl idi.
Zərifə Salahova Nijnevartovsk sakinləri ilə söhbətdə deyib: “Mənim muzeyim dünyada yeganədir. Muzeyin açılışı on altı il bundan əvvəl, xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində baş tutdu. O vaxtdan bəri kolleksiyamız xeyli genişlənib, muzeyin 3 filialı yaradılıb. Qeyd etdiyimi kimi, mənim kolleksiyamda 9000-dən çox kitab var, lakin Bakının lap mərkəzində, qədim İçərişəhərdəki muzeyə cəmi 5600 kitab yerləşir. Onda mən qərara aldım ki, o biri kitabları muzeyin ehtiyat fondlarında saxlamaqdansa, Azərbaycanın digər şəhərlərində açıq muzeylərdə sərgiləmək yaxşı olar. Beləliklə, Şəkidə (660 kitab), Naxçıvanda (1120 kitab) və Gəncədə (1060 kitab) filiallar açıldı. Əlamətdar haldır ki, muzeyin qonaqları təkcə Azərbaycanın, Rusiyanın və yaxınlıqda yerləşən başqa ölkələrin sakinləri deyil. Vaxtilə Türkiyənin səfiri və onun xanımı, Monteneqro Prezidenti, Rusiyanın birinci Prezidenti Boris Yeltsin və onun xanımı, Tailand Şahzadəsi bizim muzeydə olublar. Yeri gəlmişkən, Şahzadə muzeyə 38 miniatür kitab hədiyyə etdi. Onlardan biri Şahzadənin atası, Tailand Kralının xatirəsinə həsr olunmuş və şəxsən Şahzadənin özünün tərtib etdiyi kitabdır.
Zərifə Salahova öz muzeyində qonaqları qəbul etməyi xoşladığı kimi, səyahət etməyi də xoşlayır. Kuba, Əfqanıstan, Banqladeş, Fransa, Amerika, Ukrayna, Almaniya – bunlar muzeyin təsisçisinin olduğu ölkələrin yalnız bir qismidir. Tezliklə Tokioda sərgi açılması planlaşdırılır. Zərifə Teymur qızı belə maraqlı səfərlər zamanı öz kolleksiyası üçün Rusiya klassiklərinin və Azərbaycan müəlliflərinin əsərlərinin nadir nəşrlərini, hələ Rusiya imperiyasında çap olunmuş qədim nümunələri, habelə Sovet dövrünə aid çoxlu kitabları əldə edib. Qonaq 3 mini-kitab barədə xüsusi qürur hissi ilə danışır: Peruda nəşr edilmiş Bibliya, 3x3 millimetr ölçüdə, yeddi dildə “Atamız” duası və yeddi dildə “Olimpiya andı”. Yaponiyada ingilis dilində nəşr edilmiş 4 balaca kitabdan 3-ü 2x2 millimetr formatında “Rənglərin əlifbası”, “Qiymətli daşların simvolikası”, “Zodiak bürcləri” və 0,75x0,75 millimetr formatlı “Dörd fəslin rəngləri” adlı nəşrlərdəki mətni və illüstrasiyaları yalnız lupa vasitəsilə görmək mümkündür. Belə qiymətli kolleksiya dünya ictimaiyyətinin nəzərindən qaçmayıb. 2015-ci ildə muzeyin 2913 kitabdan ibarət toplusu Ginnesin Rekordlar Kitabına daxil edilib, miniatür kitab muzeyinin banisi isə “Guinness World Records” sertifikatına layiq görülüb. Yeri gəlmişkən, Zərifə Salahovadan əvvəl sonuncu belə rekord 1982-ci ildə qeydiyyata alınıb. O vaxt Hindistan sakini 286 kitabdan ibarət kolleksiya toplamışdı.
Şəxsi kolleksiyadakı ən qədim kitab 1672-ci ildə buraxılmış dəri cildli, qızıl haşiyəli “Quran”dır. Bu nəşri muzeyə şairə Rimma Kazakova hədiyyə edib. Həmin “Quran” və “Heydər Əliyevin neft strategiyası” kitabı Zərifə Salahovanın sevimli nəşrləridir.
Zərifə Teymur qızı öz işi barədə söhbət açaraq qeyd edib ki, miniatür formatlı kitabları toplamaqla bərabər, həm də onları nəşr edir. Onun qəlbinə ən əziz olan kitab Azərbaycan Prezidenti Heydər Əliyevin andiçmə mərasimində söylədiyi nitqin mətnindən ibarət “Vətənə, dövlətə, xalqa sədaqət andı” kitabıdır. 35 il ərzində o, görkəmli siyasətçilərə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr olunmuş 220-dən çox mini-kitab yaradıb.
“Şadam ki, bu gün qızımla bərabər burada, sizin şəhərinizdəyəm. Mən bütün dünyanı gəzmişəm və deyə bilərəm ki, bu cür ağır təbii iqlim şəraitində yaradılmış Nijnevartovsk şəhərinin gözəlliyi məni heyrətləndirdi. Ağcaqayınlar isə məni heyran etdi”, - deyən Zərifə Salahova bu tədbirdən xatirə olaraq “Çe Gevaranın Fidel Kastroya vida məktubu” kitabının miniatür nüsxəsini Kitabxana-İnformasiya Sisteminin direktoru İrina İvlevaya hədiyyə edib. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!