Fikrət Qoca
Adı qoyulandan yenidir Anar.
Bədii "idmanda" qızıl medalçı,
Güləşdə səksəni yenibdi Anar,
Baxma ağarıbdı saqqalı, saçı.
Heç vaxt çəkinməyib, daldalanmayıb,
Heç bir vəziyyətdə haqqı danmayıb.
Gəzsədə dünyanı uzaq elləri,
Vətən ürəyində, nəfəsindədi.
Bütün obrazları, düşüncələri
Bir polad məntiqin qəfəsindədi.
Qələmi gücünə o məşhur olub.
Düşmən qarşısında pələng, şir Anar
Gözəllər yanında gənc şair olub.
Qəlbin çox cavandı, qələm yorulmaz
Dostumun qəlbində bahar fəslidi.
Alça çiçəyidi saqqalı, saçı,
İcazə istəmir gələndə bahar...
Yaxşısı budur ki, gələndə Anar
Üzünə qapını özünüz açın...
Yaşamaq, yaratmaq dönüb savaşa.
Hələ çox işlərin çatmayıb başa.
Allah çox böyükdü, özüdə qıymaz,
Sənətkar zəhmətin yarımçıq qoymaz.
Qəlbində alışan bu od, bu ocaq
Hələ vulkan kimi püskürəcəkdi.
Şuşada ad günün qeyd olunacaq
Onda da yanında olacağam mən,
Ya sənlə yanaşı, ya göy üzündə.
Cəngi dinləyərik Cıdır düzündə.
04.06.2017
Nizami Cəfərov
Mən həmişə demişəm, indi bir daha təkrar etmək istəyirəm ki, Anar müəllim Azərbaycan Yazıçılar Birliyinə həmişə ürəkdən, istedadla və məsuliyyətlə rəhbərlik edib, ağır illərdə Birliyi dağılmağa, nüfuzdan düşməyə qoymayıb və müstəqillik dövründə Azərbaycan ədəbiyyatının inkişafı üçün təşkilatçı (komandan!) enerjisini əsirgəməyib…
Heç şübhə etmirəm ki, bu gün Azərbaycan Yazıçılar Birliyini Anar müəllimin ən dəyərli, məzmunlu əsərlərindən biri saymaq olar…
Çağdaş ədəbi-bədii fikrinin canlı klassiki
Sabir Rüstəmxanlı
Ədəbi həyatda da teatrdakı kimi hərənin öz "ampulası" var və öz təbiətinin ziddinə gedib bundan kənara çıxmaq asan deyil. Xalq yazıçısı görkəmli şəxsiyyət kimi həmişə mövqeyini uca tutduğum Anar ədəbiyyata epizodik, ikinci-üçüncü dərəcəli rollar üçün gəlməyib. Elə bu xüsusiyyət ona həm bədii, həm də elmi-publisist yaradıcılığında mədəniyyət tariximizin ən qaynar nöqtələrinə əl uzatmaq, ən müqəddəs səhifələrini çevirmək haqqı kimi bir mənəvi imtiyaz verib.
Öz ədəbi taleyini, bugünkü böyük ictimai etimadı, ümumxalq məhəbbətini qazanana qədər o, çətin, dramatik yollardan keçib... Anara etibar etmək olar, yazısında da, ictimai mövqeyində də, danışığında da, sevgisi və nifrətində də... Hansı yerə düşür-düşsün, mədəniyyətimizi ləyaqətlə təmsil edə bilər. Heç bir çətin məqamda öz şəxsi mənafeyini, tərif, ad-san, mükafat həvəsini ümümi mənafeyindən üstün tutub ədəbi vicdanına qarşı getməz... Anarın vaxta, vaxtın Anara sədəqəti məni həmişə təəcübləndirir. Anarın vaxta sədaqəti budur ki, o, həmişə hər vaxtın, hər məqamın öz sözünü, doğma, gözlənilən, gərəkli sözünü deyir. Vaxtın ona sədaqəti də budur ki, bizim üçün 24 saat olan gün sanki onun üçün genişlənir. Yoxsa eyni zamanda həm nasir, həm kino-dramaturq, həm publisist, həm kinorejissor kimi çoxcəhətli fəaliyyətinə necə vaxt çatdırmaq olardı? Əgər zamanın belə yazıçıya sədaqəti olmasaydı, o, bütün ədəbi-ictimai fəaliyyəti ilə yanaşı, Azərbaycanı qarış-qarış gəzib yurdumuzun Naxçıvanı, Qarabağı, Gəncəsi, Şəkisi, Lənkəranı, Qobustanı, İçərişəhəri haqqında bir-birindən gözəl bədii publisistik nümunələr yarada bilməzdi. Anarın varlığında vətənlə şəxsiyyət, yurdla yurddaş nəfəs-nəfəsə ürək-ürəyədir.
O, çağdaş ədəbi-bədii fikrinin canlı klassiki, ədəbi hücrəmizin möhtəşəm sütunlarından biridi. Anar bütün varlığı ilə ziyalılıq, vətəndaşlıq, əxlaq simvolu və ləyaqət məktəbidir. Ondan ancaq öyrənmək, əxz etmək olar. Anarın vaxtilə SSRİ Yazıçılar İttifaqının və SSRİ Ali Sovetinin yüksək tribunalarından səsləndirdiyi cəsarətli fikirlər Azərbaycan gəncliyinin bütöv bir nəslinə örnək, ibrət məktəbi olub. O, həmişə anlamağa və anlatmağa səfərbər olunmuş bir ömür yaşayıb. Özü üçün yaşamamış özgələrinin problemlərinə həsr etdiyi dəqiqələrinə heyifsilənməyib. Yaxşılıq, xeyirxahlıq, müdriklik simvoluna çevrilə bilib. Anar şəxsiyyətinin bu tərəfi onun böyük sənətkar siması ilə bərabər mənə həmişə çox əziz olub. Onun "Kitabi-Dədəm Qorqud" barədə olan araşdırmaları ədəbiyyatşünas, tarixçi, dilçi, etnoqraf alimlərimiz üçün böyük material verir.
Bütün səmimiyyətimlə deyə bilərəm ki, görkəmli yazıçının öz ömrü də barələrində dərin ehtiram və fikir ucalığı ilə söz açdığı Mirzə Fətəli, Mirzə Cəlil, Hüseyn Cavid silsiləsinə daxil olmaq səlahiyyəti qazana bilib. Anar bu şərəfə ilk növbədə həmişəcavan yaradıcılıq eşqi, əzmkarlığı, müdrikliyi və yüksək vətəndaş mövqeyi ilə nail olub. Bilirəm ki, ədəbi uğurlarını kiminsə bostanına daş atmaqla ört-basdır etmək bir para gənc yazarlar yeri gəldi-gəlmədi Anar bəyi də qaralayır, onun böyük zəhmətinə kölgə salmaq istəyirlər. Belə "ədəbi mığmığalar"ın ustad Rəsul Rza tərəfindən verilən sərrast qiymətini Anar özü də yaxşı bilir. Özünün də yazdığı kimi, "qara milçək"lər həmişə olub… Ancaq Anar həmişə belələrinə qarşı öz vicdanlı həyat mövqeyi, müdrik idarəçilik və hər şeydən əvvəl yazıçılıq ustadı ilə cavab verib. Dünən də belə olub, bu gün də belədi, inanıram ki, gələcəkdə də belə olacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!