İki il bundan öncə xalq yazıçısı Elçinin "Baş" romanı çapdan çıxarkən mövzusu, orijinallığı və yüksək bədii xüsusiyyətlərinə görə oxucuların dərin marağına səbəb olmuşdu. Ədəbi tənqid romanı mətbuatda geniş işıqlandırmış, ədəbi ictimaiyyət əsəri ədəbiyyatımızın yeni uğuru kimi qiymətləndirmişdir.
"Baş" romanı artıq xarici ölkələrdə də böyük maraqla qarşılanmaqdadır. Belə ki, əsər rus dilində Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında nəşr olunmuş, eləcə də "Yunost" jurnalında və məşhur "Roman-qazeta"da təkrar dərc edilmişdir. Əsər Qahirədə ərəb dilində, Berlində alman dilində, Kişinyovda moldav dilində çapdan çıxmış, London və Romada isə ingilis və italyan dillərində nəşrə hazırlanır.
Bu günlərdə qardaş Türkiyə Respublikasının ən nüfuzlu nəşriyyatlarından biri olan "İş Bankası Kultur Yayınları" "Baş" romanını nəfis şəkildə nəşr etmişdir. Nəşriyyat kitabın sonunda əsərdə cərəyan edən hadisələrlə bağlı geniş şərhlər vermiş, Elçini "modern ədəbiyyatın ən önəmli təmsilçilərindən" biri kimi oxuculara təqdim etmişdir. Romanı türk dilinə Azad Ağaoğlu çevirmişdir.
"Baş" Elçinin Türkiyədə nəşr edilmiş 26-cı kitabıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!