Qubadlı rayonunun ictimai, sosial, mədəni həyatında böyük rola və əhəmiyyətə malik “Bərgüşad” qəzetinin 80 illiyi tamam olur. Bu münasibətlə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun təklifi və dəstəyi ilə hazırlanmış “Bərgüşad-80” kitab toplusu geniş ictimaiyyətə təqdim olunub. Kitabın müəllifi “Bərgüşad”qəzetinin baş redaktoru, şair, publisist, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-ictimai birliyinin təsisçisi və sədri, "Sözün sehri" ədəbi-bədii, ictimai qəzetin təsisçisi Qafqaz Əvəzoğlu Dəmirovdur.
Uzun müddətdir dövlət arxivində araşdırma aparan Qafqaz Əvəzoğlunun hazırladığı kitabda müxtəlif dövrlərə aid qəzetlə bağlı arxiv materiallarına rast gəlmək mümkündür. Həmçinin burada qəzetdə fəaliyyət göstərmiş redaktorlar, keçmiş əməkdaşlar, ictimaiyyət nümayəndələri, qələm sahibləri, mətbuat işçilərinin qəzet barədə xatirələri, rayon fəalları, rayonun ictimai, mədəni həyatında böyük rola malik olmuş şəxslər haqqında geniş məlumat da verilib. Kitabda qəzetin müxtəlif illərdən olan nəşrlərindən götürülmüş yazılar öz əksini tapıb.
475 səhifədən ibarət olan kitab “Bərgüşad” ictimai-siyasi qəzetinin yaranması və fəaliyyətindən bəhs edir.
Kitabın təbrik bölümündə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun təbrik mətnləri də yer alıb.
Qeyd edək ki, 1937-ci ilin dekabr ayının sonlarında nəşrə başlamış qəzetin ilk adı “Kommuna yolu”, 1938-ci ildən 1991-ci ilə qədər “Avanqard”, həmin tarixdən hal-hazıra kimi nəşr olunan və hazırda isə 80 illik yubileyi keçirilən Qubadlı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan ictimai-siyasi qəzet olaraq “Bərgüşad” adı altında çap olunur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!