Londonda 86 yaşlı ingilisdilli yazıçı, əslən Hindistanlı olan Vidiadxar Suracprasad Naypol dünyasını dəyişib.
Vidiadxar Suracprasad Naypol 30-a yaxın kitabın müəllifidir. Onun ən məşhur əsərləri “Mister Bisvas üçün evlər” və “Qaranllığın ərazisi” kimi romanlarıdır.
Qeyd edək ki, Trinidadda dünyaya göz açan Naypol 16 yaşında savadlı şagird olaraq xaricdə təhsil almaq üçün dövlət təqaüd proqramının qalibinə çevrilir. Gələcəyin yazıçısı Oksford Universitetinə qəbul olur. O, öz ölkəsi miqyasında bir sıra tanınmış ədəbi şəxsiyyətlər və siyasətçilər yetirən Kapildeo nəslindən idi.
1971-ci ildə V.C.Naypol “Asılmış vəziyyətdə” romanına görə Buker mükafatının laureatı olur. 30 ildən sonra özünün Hindistan, Afrika, İran haqqında yazılmış travelotik prozalarına görə Nobel mükafatına layiq görülür. 2001-ci ilin 11 sentyabrından az sonra müsəlman düşmənçiliyi ilə tanınan Vidiadxar Naypola Nobel mükafatı verilməsini İsveç Akademiyasının ABŞ-a məhəbbət izharı və müsəlman dünyasına aşağılayıcı mesaj kimi dəyərləndirənlər də tapılmışdı. Naypol mükafatı "adətən müzakirəsi məqbul sayılmayan faktlar üzərində düşünməyə vadar edən güzəştsiz düzlüyünə görə" almışdı. Bəzi mütəxəssislərin fikrincə Naypol Nobel mükafatına hələ 80-ci illərdə layiq görülməli idi. Çünki o, elə həmin illərdə artıq ədəbiyyatda öz sözünü demiş yazıçı idi. Təsdaüfi deyil ki, İosif Brodski 1986-cı ildə ədəbiyyat üzrə Nobel mükafatını alanda, "Gərək bu il mükafatı Naypola verəydilər" söyləmişdi.
Vidiadxar Naypol son dərəcə qapalı həyat tərzi keçirirdi. Özünün heç bir ictimai, yaxud siyasi cəmiyyətlə bağlı olmadığını, fikirlərinin hamısının yalnız şəxsi xarakter daşıdığını söyləyirdi. Yeddi illik sükutdan sonra o, 2001-ci ildə "Həyatın yarısı" romanını yazmış və yenidən susmuşdu.
Yazıçı daima öz romanlarında unudulmuş mədəniyyətlərə, kökündən ayrılmış insanın öz əvvəlinə qayıdışı kimi mövzulara müraciət edirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!