Daşkənddə “Klassik və müasir özbək ədəbiyyatının xarici ölkələrdə təbliği və populyarlaşdırılmasının aktual məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən tədbirə dünyanın 40-dan artıq ölkəsindən gələn yazıçılar, şairlər, ədəbiyyatşünas və tənqidçilər qatılıblar.
Konfransda ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar və həmin qurumun dramaturgiya bölməsinin rəhbəri, yazıçı Firuz Mustafa təmsil edib.
Toplantının iştirakçıları əvvəlcə böyük özbək şairi Əlişir Nəvainin abidəsi önünə əklil qoyub, sonra Ədiblər Xiyabanına gedib, Özbəkistan Yazıçılar Birliyinin (ÖYB) yeni istifadəyə verilmiş binasında olublar.
Konfrans işinə Özbəkistan prezidentinin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başlayıb.
ÖYB-in sədri Siracəddin Səyyid konfransın məramı və məqsədi haqqında məlumat verib, klassik və müasir özbək ədəbiyyatının aktual problemləri və onun beynəlxalq aləmdə təbliği ilə bağlı ətraflı söhbət açıb.
AYB-in sədri Xalq yazıçısı Anarın Azərbaycan və özbək xalqlarının çoxəsrlik ədəbi-mədəni əlaqələrinə həsr olunmuş çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
Yazıçı-filosof Firuz Mustafanın “Müstəqillik mərhələsində özbək-Azərbaycan ədəbi əlaqələrinin mühüm aspektləri” mövzusunda etdiyi çıxış da maraqla dinlənilib, çıxışçı ÖYB-in xüsusi diplomu ilə mükafatlandırılıb.
Konfrans çərçivəsində AYB-in sədri Anarla ÖYB-in rəhbəri Siraciddin Səyyid arasında gələcək ədəbi əlaqələrin daha da inkişaf etdirilməsinə dair memorandum imzalanıb.
Azərtac
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!