Amerikada yetərincə populyar olan "Strand Magazine" ədəbi dərgisi Heminqueyin bu vaxta qədər çapa getməmiş, ədəbiyyatsevərlərə məlum olmayan hekayəsini dərc edəcək.
Yazıçı “Bağ tərəfdə otaq” (A Room on the Garden Side) adlı hekayəsini 1956-cı ildə tamamlamışdı. Hekayədə nəql olunan hadisə Parisin Ritz mehmanxanasında cərəyan edir. Hekayəni Robert adlı şəxs nəql edir. Əsərin qəhrəmanı müharibə dəhşətlərinin şahidinə çevrilən, mənən yorğun olan, hələ də gələcəyə ümidini itirməyən əsgərlərin həyatını oçerk olaraq qələmə alır və nəql edir.
“Dərginin 55-ci nömrəsində bu dəyərli hekayəni çap etmək bizim üçün fəxrdir” söyləyən dərgi rəhbərliyi həmçinin araşdırmaçı, alim Kirk Kornuttun bu dəyərli hekayədən çıxarış olaraq sözardı da yazacağını söyləyib.
Qeyd edək ki, Amerikalı yazıçı və jurnalist Ernest Miller Heminquey fərqli yazı stili ilə tanınan yazıçılardan idi. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq üslubu da adlandırırlar.
Ədəbiyyat sahəsində Nobel mükafatı ayrı-ayrı əsərlərinə görə verilməsə də, heç şübhəsiz, "Qoca və dəniz" povesti İsveç Akademiyası üçün 1954-cü il nominantlarının siyahısından məhz Ernest Heminqueyin seçilməsində ciddi stimul oldu. Bu mükafatın preambulasında da öz əksini tapmışdı. Heminquey ədəbiyyat Nobelinə “"Qoca və dəniz" povestində bir daha nümayiş etdirdiyi təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə" layiq görülmüşdü.
Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkirdi. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Həkimlərin səhv müalicəsi nəticəsində yazıçı daha dərin ümidsizliyə qapılmış, bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıraraq dərin ruhi sarsıntı içərisində ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.
Heminquey bu gün də dünya miqyasında çoх tanınan, tərcümə olunan və oхunan amerika müəlliflərindən biri olaraq qalmaqdadır. Yazıçının "Qoca və dəniz" povesti, "Əlvida, silah", "Klimancaro qarları" habelə bir sıra digər əsərləri azərbaycan dilinə də tərcümə edilmişdir.
Mənbə: Российская газета
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!