Edebiyyatqazeti.az Azərtaca istinadən xəbər verir ki, kitabda gürcü yazıçı və şairlərinin, jurnalistlərinin və ictimai xadimlərinin Mirzə Fətəli barəsində fikirləri, eləcə də, ötən əsrin 40-cı illərindən bu günə qədər Gürcüstanın dövri mətbuatında bu böyük mütəfəkkirin yubiley və anım günləri ilə əlaqədar keçirilən tədbirləri əks etdirən yazılar yer alıb.
Kitabın tərtibçisi, Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri, tərcüməçi jurnalist, tədqiqatçı Mirzə Məmmədoğludur (Maşov).
M.Maşov Axundzadəsevərlər üçün hədiyyə olan bu kitab üzərində bir neçə il işləyib: “Ötən əsrin 38-ci ilindən bəri kitab, qəzet və jurnalları gözdən keçirərək Mirzə Fətəli barəsində yazıları bir yerə topladım. Eyni zamanda, Mirzə Fətəliyə və onun ailəsinə aid yeni fotolar üzə çıxartdım və yeni kitab ərsəyə gəldi”.
O qeyd edib ki, 2012-ci ildə bu yazıların əksər hissəsi Azərbaycan dilinə tərcümə edilib, Azərbaycanın Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Bakıda nəşr olunub.
Bununla kifayətlənməyən Mirzə Maşov axtarışlarını davam etdirib və indiyədək Azərbaycan ictimaiyyətinə məlum olmayan fotolar, yeni yazılar üzə çıxardıb. Həmin materialları bir yerə toplayaraq öz hesabına bu kitabı nəşr etdirib.
O deyib: “Kitabda Gürcüstanın rusdilli dövri mətbuatında Axundzadə barədə 40-a qədər müəllifin yazıları verilib. Kitab Lomonosov adına Moskva Dövlət Universitetinin professoru olmuş Əziz Şərifin 1934-cü ildə Tiflisdə nəşr olunan “Türk ədəbiyyatı” kitabının “Ön söz”ünün Mirzə Fətəliyə aid olan hissəsi ilə açılır”.
“Ümid edirəm Axundzadəşünaslıq, eləcə də Azərbaycan-Gürcüstan ədəbi əlaqələri sahəsində yeni bir səhifə olan bu kitab gürcü oxucuların da böyük marağına səbəb olacaqdır”- deyə, Maşov vurğulayıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!