Əyyub Qiyasın rus dilindən tərcüməsində...
"Deyəcəksiz ki, qəribədir, - bir vaxtlar Corc Qordon Noel Bayron yazırdı, - amma gerçək, bütün uydurmalardan qəribə olur". Bu iki sətirlik şeir parçası ilə o, bizə eyni zamanda, bu günə qədər hələ də müəmmalı, qısa, eyni zamanda qalmaqallı, daima həzz və kef arxasınca qoşmaqda olan həyatı ilə bağlı ikibaşlı fikirlər çatdırmaq istəyib.
Əgər atanın ləqəbi Başdanxarab Cekdirsə, bu o deməkdir ki, sənin də həyatın ziddiyyətlərlə dolu olacaq. Atası hər gün xirtdəyədək vurub gələndə balaca Corcun üç yaşı ancaq olardı və demək olar ki, onu xatırlamırdı. Başdanxarab Corcun axmaq vərdişləri oğlunun qanına işləməsə də, onun hələ tam formalaşmayan ağlından təsirsiz keçməmişdi. Bayronun seçim etmək imkanları bütün hallarda məhdud idi: bu səbəbdən də onun atasının oğlu olmadan başqa çarəsi qalmırdı. Anası Bayrona "axsaq oğlan" deyirdi (ayaqlarından biri şikəst idi) və bir dəfə onu maşa ilə döyüb yarımcan eləmişdi. Mürəbbiyəsi Mey Qrey onunla mazaqlaşanda isə Bayronun on yaşı ancaq olardı. Uşaqlığının yeganə ürəkaçan hadisəsi dayısının bütün var-dövlətinin ona miras qalması idi və gələcək şair mirasla yanaşı, həm də baron titulu almış - Roçdeylli baron Bayron olmuşdu. O vaxtdan etibarən hamı Corc Qordona yenə əvvəlki kimi lord Bayron deməyə başlamışdı.
Bayron böyüyüb yaraşıqlı bir kişi olmuşdu. Axsaq ayağından başqa onun digər fiziki çatışmazlığı (şikəstliyi gizlətmək üçün idman bacarıqlarını inkişaf etdirməyə çalışırdı) köklüyə meyilli olması idi. XIX əsrin dəbi ilə ayaqlaşmaq üçün öz fiziki qüsurları ilə ciddi mübarizə aparır, orqanizmini aclıqla imtahana çəkir, yüksək dozada işlətmə dərmanları atırdı. Yeməyini seks əvəz edirdi. Bayron dövrünün əsl Kazanovasıydı, Venetsiyada bir il ərzində onun yatağından 250-yə yaxın qadın keçmişdi. Bu qələbə siyahısında ledi Korolina Lemin (bu xanımın Bayronun haqqında məşhur deyimi vardı: "Qəddardır, başdanxarabdır, onunla yaxınlıq etmək təhlükəlidir!"), onun qohumu Enn İzabellanın (1815-ci ildə ledi Bayron olmuşdu) və ögey bacısı güman edilən Avqusta Linin də adları vardı. Belə ki, Corc Qordon yalnız bir cinsin nümayəndələri ilə əlaqədə olmaqla kifayətlənmirdi, onun homoseksuallarla əlaqədə olması barədə xəbərlər dolaşırdı və deyilənlərə görə onların əksəriyyəti azyaşlı oğlan uşaqları idi. Ümumiyyətlə götürəndə, Bayronun ətrafındakılar arasında onunla heç olmasa bircə dəfə seksual əlaqədə olmayan az adam tapılardı və bu, dostluqdan daha çox yanında ekzotik heyvan gəzdirmək vərdişinə bənzəyirdi. Ona bu məşhurluğu bəxş edən isə poetik uğurlarından çox haqqında ağız-ağız dolaşan ziddiyyətli dedi-qodular idi. Bu dedi-qodular arasında ən çox yayılanı - şərabı birbaşa qafa tasından içməyi ilə bağlı deyilən fikirlər olub. (Kimsə bu qafa tasının monaxa, bir digəri onun keçmiş sevgilisinə məxsus olduğunu iddia edirdi... Əslində, bu, şayiələr gerçəklərin üstünə kölgə salırdı.)
Ərinin macəraları ledi Bayronu boğaza yığmışdı və 1816-cı ildə, toylarından cəmi bir il sonra qadın boşanmaq məcburiyyətində qalmışdı. O ərəfədə Bayron İngiltərəni tərk edərək kontinental Avropasına keçmiş və bir daha geri qayıtmamışdı. Bu, onun Britaniya ictimaiyyətinin haqlı qəzəbindən qorunmağı üçün yeganə çıxış yoluydu.
Bayron 1816-cı ilin yayını şəxsi həkimi Con Polidori ilə birlikdə İsveçrədə keçirdi. Onlar gənc şair Persi Bişi Şelli və onun nişanlısı Meri Hodvin ilə yaxın dostluq edirdilər. Dostlar yağışlı havalarda bir yerə yığışıb vaxtlarını qorxulu əhvalatlar uydurmaqla keçirirdi. Meri danışılan əhvalatları özü üçün qeyd edirdi ki, nəticədə, həmin əhvalatlar məşhur "Frankenşteyn" romanına çevrildi, Polidori isə Bayronun obrazından ilhamlanaraq özünün "Vampir" hekayəsini qələmə aldı. Heç bir günahı olmayan qurbanlarının qanını içən ingilis zadəganı haqqında olan möhtəşəm hekayət, sonralar Bram Stokerin məşhur "Drakula" əsərinin yaranmasına təsir etdi.
Şair İsveçrədən İtaliyaya üz tutdu və orada ərli bir qadınla - qrafinya Tereza Qviççioli ilə böyük eşq macərası yaşadı. O,1823-cü ilədək orada qaldı, sonra tale axtarışına çıxdı və yunanların türklərlə mübarizəsində onlara yardım etmək məqsədilə Yunanıstana üz tutdu. Hərb sahəsində təcrübəsiz olmağına baxmayaraq, Bayron ordu hazırlığına kömək edir, üsyançı qüvvələrin təminatını ödəmək məqsədilə vəsait toplayırdı. Hələ indinin özündə belə Yunanıstanda onu milli qəhrəman kimi xatırlayırlar.
Onun da iştirakı ilə formalaşdırılan hərbi qüvvələrin döyüş mübarizəsini görməyə ömrü çatmayan Bayron 1824-cü ildə, pasxa bayramı vaxtı bazar günü qızdırmadan dünyasını dəyişdi. Bayronun vəfatından az sonra (onun ölümü bütün İngiltərəni yasa qərq etmişdi) İngiltərədəki dostları şairin xatirəsini yad etmək üçün bir yerə toplaşdılar. Əlyazmalarının əksəriyyəti Bayronun sevgi macəraları haqqında qeydlərlə dolu idi. Bu qeydlərin onun min bir zəhmətlə qazandığı qəhrəman nüfuzuna xələl gətirəcəyindən ehtiyat edən dostlar, gələcəkdə Bayron haqqında heç bir ziddiyyətli fikir yaşanmasın deyə, əlyazmaları yandırmaq qərarına gəldilər.
QƏRİBƏ KOLLEKSİYA
Bayron zəmanəsində foto icad olunmadığı üçün, şair keçmiş sevgilərinin xatirəsini yaşatmaq məqsədilə orijinal bir üsul fikirləşmişdi. O, həmin qadınların telindən kəsərək onları zərfə qoyur və üstündə qadının adını yazırdı. Həmin zərflər hələ 1980-ci ilə qədər bir vaxtlar Bayronun kitablarının çap olunduğu nəşriyyatda qorunurdu. Sonra zərflər müəmmalı şəkildə qeyb oldu.
BACIDAN OLAN QIZ...
Çoxsaylı sevgililərilə yanaşı, Bayron ögey bacısı Avqusta Li ilə də eşq yaşamışdı. O vaxtlar qadın ərdəydi, amma xəyanət yolu seçən adamın qarşısını hansısa bir evlilik ala bilərmi? Bayron irsini tədqiq edən bir sıra tədqiqatçılar Avqustanın qızı Medoranın Bayrondan dünyaya gəldiyini iddia edirlər ki, bu da şairin bioqrafiyası ilə bağlı eşidib-bildiklərimizin gerçək faktların yanında toyagetməli olduğunu ortaya qoyur.
HEYVANSEVƏRLİK
Ərli qadınlarla gənc oğlanlardan başqa, Bayron heyvanları da sevərdi. Onun heyvanxanasında atlar, qazlar, meymunlar, porsuqlar, tülkülər, tutuquşular, marallar, qartallar, qarğalar, vağlar, şahinlər, timsah, beş tovuz quşu, iki firəngtoyuğu və Misir durnası vardı. Hələ Kembric Universitetinin tələbəsi olarkən Bayron evində ayı saxlayırdı və bu, universitet qaydalarına - yataqxanada it saxlamaq olmazdı - zarafatla edilən bir etiraz idi. Bayron məktublarının birində yastıdaban dostunu "qardaşlıq təcəssümü" adlandırmışdı.
Bayronun adi heyvanları da vardı. O, səfərə çıxanda beş pişiyini də özü ilə götürərdi və onlardan birinin ləqəbi Beppo (Bayronun poemalarından birinin adı) idi. Bayronun ən məşhur dördayaqlı dostu - nyufaundlend cinsindən olan Bostveyn adlı it idi ki, o da beş yaşı olanda, - 1808-ci ildə - quduzluqdan ölmüşdü. Bayron itinə olan sevgisini "İtə epitafiya" adlı şeirində vəsf etmiş, ailə sərdabəsində ona heykəl qoydurmuşdu.
Ledi Bayron ərinə olan sevgisini faunaya qurban vermirdi. Boşandıqdan sonra o, dəfələrlə: "Bəzi zülmə meyilliyi insanların heyvanlara olan mülayim, humanist rəftarı heyvanların ağılsızlığından irəli gəlir və onlar bu üzdən öz sahiblərini əxlaqsızlıqda ittiham edə bilmirlər"- kimi fikirlər yazmışdı.
QANINI TÖKƏ-TÖKƏ...
Bəlkə də otuz altı yaşlı Bayronu ölümün pəncəsindən xilas etmək olardı, çünki o, XIX əsrdəki tibbi texnologiyaya rəğmən dünyasını son dərəcə bəsit səbəbdən dəyişmişdi. Yağış altında yunan dərələrindən birində at gəzintisinə çıxan şairin evə qayıdar-qayıtmaz qızdırması qalxmış, həkimlər ondan qan ala-ala axırına çıxmışdılar. Hərarət ocağını "söndürməyə" cəhd edən həkimlər Bayronun bədəninə on iki zəli yapışdırmışdılar. Bundan əlavə qarnını açmaqdan ötrü vücuduna külli miqdarda gənəgərçək yağı yeritmişdilər ki, müasir tibbdə o dövrün bu müalicə üsuluna idiotluqdan başqa ad qoymaq olmur. Bu minvalla on iki zəli onsuz da qızdırmadan halsız olan xəstənin canından iki litrədək qan sovurub onun axırına çıxmışdı. Bu səbəbdən də Bayronun ölümqabağı gah ingilis, gah da italyan dilində çığırıb sayıqlaması heç də təəccüb doğurmur. Güman ki, o, öz vəkilini tələb edirmiş. Heç bir sutka tamam olmamış şair gözlərini əbədi olaraq qapadıb.
Lord Bayron dövrünün əsl kazanovasıydı, Venetsiyada bir il ərzində onun yatağından 250-yə yaxın qadın keçmişdi (və müəəyən vaxtlarda həmin qadınları yeniyetmə oğlanlar əvəz edirdi).
SON BAXIŞ
Bayron öləndən sonra Vestminster abbatlığındakı şairlər hücrəsində dəfn olunmağını istəyirdi. Amma bioqrafiyası ziddiyyətlərlə dolu olduğundan ona belə bir ehtiram göstərilməmiş, Cefferi Çoser və Edmund Spenser kimi ilahiləşmiş imza sahiblərilə bir məzarlıqda uyumasına razılıq verilməmişdi. Bayronun nəşi Haknoll-Torharddakı ailə sərdabəsində dəfn olunmuşdu. 1938-ci ilin iyununda yenə Bayronun rahatlığı pozulmuşdu. Səbəbi bilinməsə də, o vaxt qırx nəfərə yaxın adam şairin cəsədinin doğrudan da orada olub-olmamasını yoxlamaq üçün sərdabəyə enmiş, məzarı açıb Bayronun qalıqlarına baxmışdı. Tabutun qapağı açılandan sonra yoxlamaya gələnlərdən yalnız üç nəfəri cəsarətli çıxmış, fikir söyləmişdi. Onlardan biri yazırdı ki, şairin nəşi "son dərəcə yaxşı vəziyyətdə qalıb". Təbii ki, ürəyi ilə beyninin (cəsədi yararkən onları götürmüşdülər) və sağ ayağının yoxluğunu nəzərə almasaq. Bayron 114 il əvvəl dünyadan köçmüş bir adam kimi pis görünmürmüş. Nə demək olar, belə çıxır ki, Bayron ölümündən sonra da çağırılmamış qonaqlarını ələ sala bilib.
Ertəsi gün onlar Bayronun tabutunu yenidən qapatmış, şairin son yolçuluqda rahat uyumasına mane olmaqdan çəkinmişdilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!