Hər kəs xoşbəxt olmaq istəyir və düşünür ki, bu, onun haqqıdır. Hamı xoşbəxtliyi görmək, hiss etmək arzusundadır... İnsan özünü xoşbəxtlərin yerinə qoyaraq bir növ onların şüuraltısı ilə əlaqə yaratmaq istəyir. Yəni həmin insanın hansı hissləri keçirdiyini, nələr düşündüyünü anlaya bilir. Kredit içində boğulan, sevgisi daşa dəymiş, yoxsulluğun əsir aldığı, yaxud xəstə adamın nələr çəkdiyini isə heç kim bilmək istəmir... Bunları hiss etmək üçün gərək Tolstoy kimi böyük adam olasan. Empatidən danışırıqsa Tolstoyu da xatırlamalıyıq. Bu haqda bir azdan...
"Patheia"-"Path" sözü qədim yunanca hiss etmə, duyma deməkdir. Termin 1909-cu ildə psixoloq Edvard B.Titçener tərəfindən irəli sürülüb. Empati-insanın özünü başqa birinin yerinə qoyaraq onun hiss-həyəcanını, istəklərini, davranışlarını anlamaq qabiliyyətidir. Alman fenomenoloq Edit Styenə görə empatiya qurulmasını asanlaşdırmaq, ona maneə olmaq və ya onun qarşısını almaq mümkündür, amma heç vaxt olmayan empati formalaşdırıla bilməz. Edit deyir ki, empatinin qeyri-adiliyi onun birdən ortaya çıxmasında, vəziyyətə uyğun insanın özünü qarşı tərəfin yerinə qoymasında və idarə oluna bilməməsindədir. Empati qabiliyyəti olan insanlar yaxşı dinləyici və diqqətli müşahidəçidir. Bu anlayışın olmadığı cəmiyyətlərdə həmişə cinayətlər müşahidə edilir.
Bir əlilin dedikləri: "Əlil arabası ilə yeriyirəm deyə mənə iş verməyən, təhsil almağıma mane olan, uşağı ilə eyni sinifdə oxumağı problem hesab edən, məni qonşusu kimi görməyən birisinin yarım saat əlil arabasında oturub empati qurmasını necə başa düşmək olar? Yaşadığım çətinlikləri guya özünə dərd etmək iddiasıyla məni anlamaq adına əlil arabasına oturan birinə səmimiyyətlə bunu söyləyə bilərəm: Yaşamına daxil etmədiyin, yaşamıma daxil olmadığın müddətdə məni tanıya bilməzsən, həyatımı anlamazsan..." Empati qurmaq tək qarşındakı insanın yerində özünü təsəvvür etmək deyil, həm də həmin adamı hiss etmək, ona qarşı diqqətli, anlayışlı olmaq lazımdır...
Oraq, kərənti və yazı masası
Böyük yazıçı Tolstoy özünü ondan çox fərqli yaşayan insanların yerinə qoymaq bacarığı ilə seçilirdi. 1860-cı illərdə o, tək kəndli geyiminə keçməklə kifayətlənmədi, təhkimçilikdən yenicə azad olmuş kəndlilərlə birlikdə öz malikanəsində işləməyə, yer qazmağa, əkin əkməyə, kəndli evlərini öz əli ilə təmir etməyə başladı. Tolstoy inanırdı ki, öz vücudu və düşüncəsi arasında balans yaratmaq onun yaradıcılıq prosesinin mühüm şərtidir. Yazıçı vaxt tapdıqca qələmini yerə qoyub tarla şumlayır, kotan sürürdü. O, oraq-kərəntini həmişə gözlərinin qabağında olsun deyə, yazı masası ilə üzbəüz divara söykəyərdi. Qələm adamları bu saqqallı müdrikə baş çəkməyə gələndə, dünyanın ən məşhur yazıçısını əlində çəkməçi alətləri ilə ustalıq edən yerdə görüb təəccüblənərdilər.
Həyatın acı reallıqları, insanların kilsələrdə tövbə etmələri və oradan çıxan kimi yenidən heyvani hisslərlə yaşamaları, ruhanilərin dindən öz məqsədləri üçün iyrənc şəkildə istifadə etmələri Tolstoyu başqa cür yaşamağa vadar etdi. Dünya malının mənasız olduğunu bütün varlığı ilə hiss edən Tolstoy şəxsi malikanələrini yoxsullar arasında bölüşdürmək fikrinə düşmüşdü. O, özündən soruşardı: "Tutaq ki, sənin 1000 desyatin torpağın, əkin sahələrin, çoxlu heyvanların var və bundan ildə minlərlə rubl gəlir götürürsən. Amma sabah ölüb gedəndə bunun sənə nə xeyri olacaq, bunları özünlə o biri dünyaya apara biləcəksənmi? Öləndən sonra bu mülklərin sənə bir xeyri dəyəcəkmi? Sən əgər bu dünyada var-dövlətlə mənəvi rahatlıq tapmamısansa, onda onlar sənin nəyinə lazımdır ki?"
Çıxış yolu Allaha bağlanmaqdadır
Nəhayət, Tolstoy şəxsi mülkiyyətdən əl çəkmək barədə qərar qəbul etdi. Bu isə ailə daxilində böyük narazılıqlara səbəb oldu. Ailədə Tolstoyun artıq ağlını itirdiyi qənaətində idilər və onu həkimə göstərmək, müalicə etdirmək istəyirdilər. Lakin Tolstoy onların bu iradlarını rədd edərək, var-dövlətin insanlara ruhi və mənəvi rahatlıq gətirmədiyini, ətrafındakı adamların çirkab içində olduğunu söyləyərək, çıxış yolunu bütün varlıqları ilə Allaha bağlanmalarında, Allahın insanları sevdiyi kimi, insanların da Yaradanı təmənnasız məhəbbətlə sevməsində, pisliklərdən əl çəkməsində gördüyünü söylədi. Amma artıq dünya şöhrətli yazıçını öz ailəsində belə, başa düşmək istəmir və onun hər addımını, dediyi hər sözü əsəbiliklə qarşılayırdılar. Bütün bunlar Tolstoyun ağır sarsıntılar keçirməsinə səbəb olurdu.
Heç şübhəsiz, bu qayğıkeş babalıqdan bir az da zövq alan Tolstoy kəndlilərin arasında olmaqla şəhərlərin ədəbi və aristokratik elitalarına qəsdən acıq verirdi. Yazıçı inanırdı ki, başqalarının həyatını şəxsən yaşamadan onların yaşadığı həyatı, reallığı başa düşə bilməzsən.
1870-ci illlərin xəyal qırıqlığından sonra Tolstoy Pravoslav kilsəsi də daxil olmaqla bütün rəsmi dinləri inkar etmişdi. O, xristianlığın ruha və maddi gözütoxluğa söykənən təriqətlərindən birini qəbul etmişdi. İçməyi, tütün çəkməyi tərgitmiş, vegeterian olmuşdu. O, adamları özünü dolandıra bilən, ortaq mülkiyyətə sahib icmalar yaratmağa ilhamlandırmışdı. Bu sayaq "Tolstoy icmaları" geniş yayılmışdı. 1910-cu ildə yaradılmış Tolstoy fermasını da onun empati hissinə misal göstərmək olar.
Dilemma: "Anna Karenina", yoxsa aclara yardım...
O, özünün məxsus olduğu təbəqənin adamlarından, insanların dərdinə şərik olmaq bacarığı ilə fərqlənirdi. Buna ən parlaq misal onun aclıqla bağlı humanitar fəaliyyətidir. 1873-cü ildə əkilən məhsullar bar vermədiyi üçün Tolstoy "Annna Karenina" üzərində işi bir il təxirə salmışdı ki, aclıq çəkənlərə humanitar yardımı təşkil etsin. Onun dostları və ailəsi düşünürdü ki, dünyanın ən gözəl yazıçılarından birinin öz şedevrlərinin biri üzərində işi yarımçıq qoyması ağılsızlıqdır. Yazıçı, aclıq ili olan 1891-də də belə etmişdi. Ömrünün iki ilini şorba mətbəxlərində işləməyə və aclar üçün pul toplamağa həsr edən yazıçı bir qohumuna belə yazırdı: "Mən xəyal edilən obrazların xətrinə özümü canlı məxluqlardan ayıra bilmərəm". Tolstoy deyirdi ki, baxışları və həyat tərzləri bizimkindən fərqli olan insanların əhatəsində olmalıyıq.
"Başqaları üçün özünüzü unudun, o zaman sizi də xatırlayacaqlar" - deyirdi böyük yazıçı. Bu gün Tolstoyun yaxşılıqlarından, necə böyük ürək sahibi olmasından danışırıqsa, deməli o, başqaları üçün özünü unudanlardandır. Bu gün də Tolstoy xatırlanır. Bundan sonra da əsrlərlə xatırlanacaq...
Lev Tolstoy "Dirilmə" əsərində yazır ki, istər siyasətçi olsun, istərsə də biznesmen və ya oğru-adamların əksəriyyəti intstinktiv olaraq onların baxışlarını paylaşan insanların çevrəsini və bu çevrədə öz yerlərini qoruyub saxlamağa çalışırlar.
Yazıçının gördüyü işlər bunlarla yekunlaşmadı. O, uşaqların çətinliklərini də yaxşı başa düşürdü. Onların oxuması, savadlı olması üçün də xeyli iş gördü. Ümumilikdə Tolstoy, Yasnaya Polyana ətrafında 20-dən çox məktəbin tikintisinə kömək etdi. Beləliklə, böyük yazıçı, 1862-ci ildə oxu kitabları ilə birlikdə işıq üzü görən "Yasnaya Polyana" pedaqoji jurnalını nəşr etdirdi, bu jurnal eynilə 1870-ci illərdə elə onun özünün tərtib etdiyi "Əlifba" və "Yeni əlifba" dərslikləri kimi, Rusiyada uşaq və xalq ədəbiyyatının klassik nümunələrinə çevrildi.
"İşıq saça bilmirsənsə, heç olmasa işığın qabağını kəsmə" - deyirdi böyük yazıçı. Tolstoy zehninin, istedadının işığı sönmədən, tükənmədən bundan sonra da əsrlərlə insanların yoluna nur saçacaq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!