“Edam günü” filmi beynəlxalq festivalda mükafat qazanıb

 

Barselona Film Festivalında azərbaycanlı yazıçı, prodüser Cəlaləddin Qasımovun “Edam günü” bədii filmi “Ən yaxşı danışıq bədii filmi” nominasiyasında qalib seçilib.

Edebiyyatqazeti.az Azərtaca istinadən bildirir ki, filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov  ekran əsərinə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olacağını vurğulayıb.  “Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən həbsxana mövzusuna iki əks qütbə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etdim” deyə Cəlaləddin Qasımov söyləyib. 

Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı tapıb üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir: “Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anları göstərmişik. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasının SSRİ dövründə işləmiş işçiləri ilə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.

Son bir ayda film 3 beynəlxalq festivalın qalibi oldu. ABŞ-da “Los Angeles CineFest”in, Böyük Britaniyada “Slumberjack” film festivalının və İspaniyanın Barselona şəhərində “Planet” film festivalının mükafatçısı olub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!