Edebiyyatqazeti.az saytı The Hollywood Reporterə istinadən bildirir ki, Buker mükafatı laureatı, hind əsilli ingilis yazıçısı Salman Rüşdünün “Gecə yarısının uşaqları” romanı Netflix şirkəti tərəfindən ekranlaşdırılacaq.
Əsəri dünyanın ən nəhəng romanı adlandıran Netflix şirkətinin vitse-prezidenti Erik Barmak burada əks olunan hadisələrin indiyənə qədər aktual olduğunu söyləyib.
S.Rüşdinin özü də serialın ekranlaşdırılmasında yaradıcı heyətlə birgə iştirak edəcək.
Qeyd edək ki, magik-realistik mövzuda qələmə alınmış bu roman Hind-Pakistan münasibətlərinin tarixi-məişət araşdırması fonunda qələmə alınıb. Romanda hadisələr mistik və sehirli yöndən öz bədii həllini tapır. Əsərin qəhrəmanı Hindistanın müstəqillik qazanması ilə eyni gündə dünyaya gələn, xüsusi istedad, vergi ilə doğulan Salem Sinaidir. Sonradan qəhrəmana məlum olur ki, tarixi hadisə fonunda, dövlətin qazandığı müstəqillik zamanı dünyaya gələn gecənin bütün uşaqları xüsusi istedadla doğulublar. Və onlar əslində zamanın, tarixin övladlarıdırlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!