Filosof, ədəbiyyatşünas Niyazi Mehdinin “Qəribə adamlar, qəribə olaylar” kitabı nəşr edilib

"Azərbaycan tarixində düşündürücü və ibrətamiz olaylardan, insanlardan", "Azərbaycan tarixində qəribə hadisələrdən, qəribə hərəkətlər",  "Azərbaycanda qəribə təbiət hadisələrindən", "Azərbaycan tarixində sarsıdıcı xəyanətlər və yaramazlıqlardan", "Azərbaycanda ilk dəfə edilənlərdən", "Azərbaycan dilində sözlərdən, deyimlərdən və ümumiyyətlə, Azərbaycanda dillərdən", "Аzərbaycanlılarda bəzək, əyin-baş və jest nişanlarından", "Azərbaycanlılarda qəribə adətlərdən", "Azərbaycan tarixindən məzəli hadisələrdən" mövzularını əhatə edən kitabın  ön sözündə müəllif yazır: "...Yəqin mənim indi təqdim etdiyim işdə çatışmazlıqlar çoxdur. Örnəyin, bəzən Azərbaycan tarixində önəmli hadisələr, əslində, maraqlı hadisələr kimi peyda olur. Elədirsə, maraqlı olayla qəribə hadisə nədə fərqlənirlər? İlk cavabı belə verərdim: maraqlı olay diqqəti önəmi ilə özünə çəkir, qəribə hadisə isə qanunayğunluğu, alışqanlığımızı pozduğu üçün təəccüb yaradır. Ancaq bu tanım, tərif də yetərli deyil, ona görə də önəmli hadisələr və ya qəribə hadisələr bölməsində elələrinə rast gəlmək olar ki, o biri bölmədə olmağa da layiqdirlər. Qüsura baxmayın. İdeal düz cızıq olmadığı kimi materialların ideal düzgün bölgüsü də mümkün deyil..Kitabın çevrələdiyi coğrafiya Azərbaycanın indiki sınırlarına uyğun gəlmir. Amma indiki sınırlara hansı ölkənin sərhədləri uyğun gəlir ki?!. Mən başqa torpaqlara iddia duyğusuna xəstələnmədən nəzərə alıram ki, Manna, Midiya indiki Güney Azərbaycanın coğrafiyasında olubsa, Doğu Anadolu həm bizim, həm də Anadolu türklərinin adamları ilə dolu olubsa, İrəvan, Borçalı, Tiflis, Dərbənd indi və ya bir vaxtlar Azərbaycan türklərinin yurdu olubsa, oradakı qəribə adamları, qəribə olayları da kitabıma sala bilərəm". 

Qeyd edək ki, “Qəribə adamlar, qəribə olaylar” kitabı “Qanun” nəşriyyatı tərəfindən çap olunub və  artıq satışdadır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!