Daşkənddə Azərbaycan və özbək dillərində çap edilmiş şeirlər kitabının təqdimatı keçirilib

Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə “Extremum–press” nəşriyyatında çapdan çıxmış “Özbək şeir çələngi” (“Uzbek şeriyati qulçambari”) kitabının təqdimat mərasimi keçirilib.

Edebiyyatqazeti.az Azərtaca istinadən xəbər verir ki, kitabın tərtibçiləri Azərbaycan şairi Şahməmməd Dağlaroğlu, özbək şairəsi, tərcüməçi Şəhla Qasımovadır. Kitaba akademik Nizami Cəfərov və filologiya elmləri doktoru, professor Almaz Ülvi rəy veriblər. Toplunun məsləhətçiləri Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur.

Özbəkistan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə direktor Zuxra Berdiyeva iki xalq arasında dostluq əlaqələrindən, AMM-in Azərbaycan ədəbiyyatı nümunələrinin özbək dilində çoxsaylı nəşrlərindən danışıb. Bildirib ki, Azərbaycan dilində özbək ədəbiyyatının tanınmış simalarının əsərlərinin işıq üzü görməsi təqdirəlayiq hadisədir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov kitabdakı şeirlərin tərcüməsinin xüsusi zəhmət tələb etdiyini vurğulayıb, nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, kitabda ilk dəfə olaraq özbək ədəbiyyatının tanınmış simaları – Çolpan, Oybek, Qafur Qulam, Zülfiyyə, Maqsud Şeyxzadə, Həmid Olimcan, Abdulla Aripov, Həlimə Xudayberdiyeva, Rauf Pərvi, Xurşud Davron, Tahir Qəhhar və başqa ədəbiyyat nümayəndələrinin populyar əsərləri Azərbaycan və özbək dillərində oxucuya təqdim edilir.

Kitabın redaktorları, şair Əkbər Qoşalı və Fərid Hüseyn ölkəmizdə özbək ədəbiyyatına böyük maraq olduğunu deyiblər. Onlar kitabda məşhur qələm sahiblərinin əsərləri ilə yanaşı, bir sıra gənc şairlərin şeirlərinin yer almasını təqdirəlayiq hal kimi qiymətləndiriblər. Kitabın iki xalqın ədəbiyyatına böyük hədiyyə olduğunu söyləyiblər.

Özbəkistan Yazıçılar İttifaqının tərcümə bölməsinin müdiri Atxam Alimbekov, şair Xasiyət Rüstəmova özbək ədəbiyyatını və düşüncəsini əks etdirən şeirlərin Azərbaycan dilinə çevrilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə, kitab Özbəkistan və Azərbaycan kitabxanalarına, elm, təhsil müəssisələrinə hədiyyə ediləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!