Türkiyənin nüfuzlu yayın şirkətlərindən olan “Ferfir” azərbaycanlı yazıçı Əlabbası (Bağırov) türkdilli oxuculara təqdim edib.
Aldığımız məlumata görə“Ferfir”in aylıq nəşri olan “Temrin” jurnalı növbəti nömrəsində Əlabbasın həyat və yaradıcılığına geniş yer ayırıb. Nömrədə yazıçının bioqrafiyası, bədii yaradıcılıq nümunələri yer alıb.
“Azərbaycan aydınları Əlabbas Bağırov haqqında” hissədə isə müasirləri və qələm dostları yazıçının yüksək insani keyfiyyətləri, onun nadir ədəbi üslubu haqqında düşüncələrini bölüşüblər.
Jurnalda həmçinin Əlabbasın “Bitişik masalar” və “Rəzalət” hekayələri də türkdilli oxucuların ixtiyarına verilib.
Türk dünyası ədəbiyyatını tanıtmağı qarşısına məqsəd qoyan “Ferfir” jurnalının Əlabbasın yaradıcılığına maraq göstərməsi təsadüfi deyil. Son vaxtlar yazıçının hekayələri türk, rus, ingilis və fars dillərinə tərcümə olunmaqla oxucu çevrəsini sürətlə genişləndirir.
Yazıçı-publisist Şərəf Yılmazın rəhbərliyi ilə fəaliyyət göstərən “Ferfir” yayınçılıq şirkəti Azərbaycan ədəbiyyatının, şair və yazıçılarımızın təbliğinə üstünlük verir.
Qeyd edək ki, Əlabbas Bağırov "Qiyamçı", "Qaraqovaq çölləri", "Köhnə kişi", "Gümüşü gecələr", "Gözəl", "Halal qan", "Mərənd ölüsü" kimi əsərlərlə ədəbiyyatımızın daha da zənginləşməsinə böyük töhfələr verib. Yazıçının ədəbi ictimaiyyət arasında ilk əsərinin adı ilə - “Köhnə kişi” kimi tanınması da onun bənzərsiz və özünəməxsus yaradıcılıq üslubundan irəli gəlir. Cari ilin may ayında İranın Təbriz şəhərində nəşr olunan “Məhdi-Təməddün” və Urmiyanın “Dəniz” qəzetləri müasir ədəbiyyatımızda “hekayə ustası” titulu ilə oxucuların rəğbətini qazanan Əlabbasın “Yolda adam” hekayəsini dərc edib.
AzərTac
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!