İkibəndəli dünyanın "Allah"ı - Füzuli - "Rind və Zahid" vəhdətində... - Sərdar AMİN

Allah və insan, ata və oğul - “Rind və Zahid"

Sərdar AMİN

Çox vicdanlı bir adam şahmat taxtasını açır, fiqurları düzür və təkbaşına ağlarla gediş edir. Ədəblə əks tərəfdə əyləşib qaralarla cavab verir. Yenidən eyni səbrlə qayıdıb ağ fiqurlar arxasında fikrə dalır, tələsmədən növbəti gedişi edir, amma çox vicdanla oynayır bu qoca. Üzündəki qırışlar, başındakı fəs onu Məhəmməd Füzulinin ədəbiyyat kitablarından boylanan şəklinə oxşadır. Əgər bu həqiqətən də Füzulinin rəsmidirsə, onda bu qoca Füzuliyə Füzulidən daha çox oxşayır.

Bəzən yanlış yerə Füzulini dinin hansısa təriqətinə aid edərək ətrafında Füzuli dünyasının fikir axarına uyğun gəlməyən xətlər cızırlar. Təbii ki, bu xətlər Füzuli sərhədləri deyil. Heç onun fikir axınının istiqamət göstəriciləri də ola bilməz. Haqqında ədəbi tənqidçilərin, çağdaş dönəmdə az-çox sözünü demiş ədəbiyyat adamlarının belə qənaətləri ən pis halda Füzuli ilə yenicə tanış olan gənclərə yön verə bilər.
Füzuli şəriət, təriqət mərhələlərini adlamış bir sufidir. Bunu bilmək üçün şairin təkcə "Rind və Zahid" əsərini oxumaq kifayət edir. Rind və Zahid obrazlarını ata və oğul timsalında verən Füzuli onların hər ikisini eyni dərəcədə müdafiə edir, eyni səviyyəli hücumlar qarşısında qoyur və eyni möhkəmlikdə istehkamlarla təmin edir. Obrazların hər ikisi danışdıqda haqlı olurlar, dinlədikdə məğlub. Füzuli iki bəndəli bir dünyanın Allahı kimi obrazlarına ilahi yanaşma sərgiləyir.
Həyatda hər kəsin haqlı, eyni zamanda hər kəsin haqsız olduğunu, hamının qalib, eyni zamanda, hamımın məğlub olduğu, enişlərin yoxuş, yoxuşların eniş olduğunu və bu nisbi kainatda insanın tutunduqlarının yalnız öz istinad nöqtəsi ola biləcəyini, bu təmələ söykənib ətrafındakılara hökm verməyin yanlış olduğunu göstərən ikinci belə kompleks mətnə çətin ki, rast gəlinə.
Füzuli təcrübəsiz, eyş-işrətə meyilli Rind obrazının dili ilə çox ciddi sualları ictimailəşdirir. Şair ciddi zəkası sayəsində İslamda rastlanan - zahiri əlamətlərinə görə qiymətləndirilərək, sirrinə vaqif olmadan tədbiq edilən qaydaları - istedadı sayəsində rastlaşdığı və zamanla cavabını tapdığı sualları sənətkarcasına qələmə alıb. Yaşadığı dönəm üçün yetərincə cəasrətli addım sayıla biləcək "Rind və Zahid" son dərəcə yüksək əxlaq aşılayan metodiki vəsait, həm də estetik və batini orijinallığı olan sənət əsəridir.
Dinin yersəl nemətlər uğrunda silah kimi istifadə edilməsi, daxili zənginliyə hesablanmış konsepsiyanın zahiri elementlərinin daha çox işləməsi şairi narahat edirdi. "Rind və Zahid" dinin vacib olmasına rəğmən kölgədə qalan keyfiyyətlərindən danışan, mahiyyət haqqında alternativ əsərdir.
Füzulinin ilahi müstəvidə tapıntıları oxucuların təsəvvürlərinin zənginləşməsinə xidmət edir. Əsərdəki sənət çalarları bu tapıntılarla elə çulğalanıb ki, "Rind və Zahid" təkcə ibrətamiz əsər kimi deyil, həm də cəsarət məcmuəsi olan inqilabi mətn təsiri bağışlayır. Həyatda nə qədər rindlər aşağılanıb zahidlər yüksəldilsə də, Füzuli nəinki Rindi Zahidin qarşısında aşağılayır, əksinə, aşağı reputasiyalı Rindin yanında daha çox duraraq tərəfləri balanslaşdırır.
Şərab içdiyinə görə Zahid tərəfindən məzəmmət edilən Rind deyir: "İtaət əhli Allahın rəhmətinin güzgüsüdürsə, günah edənlər də Allahın bağışlanmaq sifətini hərəkətə gətirir. Bəndə pis işlərdən uzaq olduğu müddətdə Allahın bağışlamaq siması qeyb pərdəsində gizlənər. Günahkar cəzasını çəkərsə, ədalət təcəlla edər. Əgər bağışlanarsa, mərhəmətə məzhər olar. Savab əhli qiyamət günü Allahın yalnız rəhmət üzünün təcəllasına səbəb olacaq, günah əhlinə görə isə Allahın iki sifəti zahir olacaq; əzab zamanı ədalət, bağışlanmaq zamanı isə məğrifət".
"Rind və Zahid"də insan-Allah, insan-din münasibətlərində bu gün də aktual olan əlaqələrdən bəhs edilir. İndi də dünyamızda milyonlarla "Zahid"lər var. Ancaq Füzulinin Rindindən demək olar ki, yoxdur:

Saqi, mənə elə şey ver ki,
                       qüssəni aparsın,
Məni varlıqların
        qəm-qüssəsindən qurtarsın.
Qəlbimdə varlıqların izləri dəyişsin
Dəyişməyən nə varsa, bircə o qalsın.

Şair yarı nəsr, yarı nəzm əsəri olan "Rind və Zahid"də qəzəllərindəki Füzulidən kənara çıxaraq özünü fərqli yöndən göstərə bilir. Bu əsərdə onun təkcə Şərq ədəbiyyatına deyil, Qərb mədəniyyətinə də bələdliyi hiss olunur: "Zahid: - Rind, sən cəhalət eybini hünər sayırsan. Bilməməyi yaxşı bilirsən. Cəhaləti etiraf etmək eyib deyil. Cahil olduğunu etiraf etmək də bir növ elmdir". (Onu bilirəm ki, heç nə bilmirəm. Sokrat)
Klassik ədəbiyyatda çox da bəyənilməyən tənbəllik, cahillik Füzuli Rindinin timsalında öncə ironiya kimi görünsə də, az sonra radikal qənaət kimi diqqət çəkir. Füzuli bu radikallığı əsərin sonluğu ilə konpensasiya etsə də (Rind tövbə edir), əsər boyu səsləndirdiyi bütün fikirləri ilə Rind daha çox sevilən obraz kimi görünür.

Bəzən bədii çalarlarla süslənsə də, son dərəcə orijinal, kəsərli, inqilabi qənaətlər sahibi olan Rind Füzuli cəsarətinin məhsuludur. Füzuli Rindin dili ilə insanın zamanla sapındığı mahiyyətinə dönür, ağılla qazanılanların kiminsə payından kəsildiyini, insanın bu həyatda mövcudluğu üçün lazım olan güzəranının onsuz da nəsibi olacağını, sadəcə, rahat olacağı təqdirdə xoşbəxtliyə yaxın ola biləcəyini deyir. Ağlına, bacarığına güvənərək qazanılan nailiyyətlər bəzən həyatın düzəninə yanlış yöndən təsir edir: "Rind: - Bir gün ağıllı bir adam cahilə dedi ki, necə olur ki, sən qəm-qüssəni unudursan, zəngin və şadsan. Mən bu qədər ağıl ilə yoxsulam. Cahil cavab verir ki, mən lütfə təvəkkül edirəm, sən tədbirinlə təkəbbür edirsən. Ona görə də mən Allahın lütfünə, sən qəhrə düçar olmusan.

Zahid: - Ola bilməz ki, Allah cahili inayət silsiləsinə alıb, alimi xəyanət çuxuruna atsın. Əks təqdirdə cahilin nemət içində, alimin səfalətdə dolanması Allahdan deyildir, ya da yoxluq varlıqdan daha üstündür. Yoxsa elmi necə yüngül saymaq olar, necə demək olar ki, nemət cahillərə məxsusdur?
Rind: - Cahilin nemətdə, alimin çətinlikdə yaşamasının ilahi bir sirri var; dünyada idarəetmə həmişə cahillərdə olur, alimlər isə tədbirləri sayəsində cahillərin idarəetməsində belə yaşaya bilir, güzəranlarını qazana bilirlər. Əgər dövlət işləri alimlərin əlində olsaydı, cahillər cahil olduqları üçün çox çətinlik çəkərdilər.  
Beləliklə, hər kəs bu kərəm süfrəsindən nəsibini alır".
Rind və Zahid ata və oğul deyil, iki dost, mürşid və mürid, iki yoldaş obrazları da ola bilərdi. Əsərdə ata-oğul münasibətlərindən daha çox insan-Allah münasibəti qabarır. Proseslər daha çox ata və oğul obrazıları üzərində deyil, ilahi düşüncələrində fərqli müstəvilərdə olan Rind və Zahid üzərində qurulub. Sofokldan bu yana tarix boyu problem kimi qalan ata-oğul münasibəti bu əsərdə ikinci dərəcəli olsa belə, fərqli müstəvidə həllini tapır.
Sofokl qəhrəmanı olan Edipə atasını öldürtdürür, daha sonra peşmanlıqdan qəhrəmanı özünü kor edir. Firdovsi isə Rüstəmi oğul qatili edir, sonra üzündən peşmanlıq, gözlərindən yaş yağan Rüstəm əsrlər boyu miniatür rəsm əsərlərinin ən təsirli mənzərələrindən biri kimi çəkilməkdə davam edir. Bu mövzuda son əsərlərdən olan Orxan Pamukun "Qırmızı saçlı qadın" romanında Cem atası kimi gördüyü ustasını quyuda qəza nəticəsində öldürür (hərçənd usta ölməmişdi, lakin Cem uzun illər onu öldürdüyünü düşünərək yaşayır), hadisə yerindən qaçır, lakin bu hadisə kölgə kimi onun ömrünü müşahidə edir, hətta atasını öldürdüyünü düşünən Cem övlad həsrəti ilə yaşamalı olur.
Bütün dönəmlərdə oğlunu öldürən ata gələcəyi məhv edən qısır mədəniyyətin, atasını öldürən oğul isə natamam, ağlaya-ağlaya böyüyən yetim mədəniyyətin simvolu olur.
Avropa mədəniyyətində müqayisədə ikinci qol daha uyğun sayılır və bu kültürdə atasını öldürən oğulun izləri daha çox görünür. Şərq mədəniyətində isə bu məsələ bir neçə müstəvidə həllə meyillidir. "Rind və Zahid" əsərində də bu münasibət hər nə qədər kölgədə təsvir olunsa da, Füzuli sonda qəhrəmanlarının həm zahiri, həm də batini dünyalarında bir-birilərinə ehtiyyaclarını qabardır, onların vəhdət şəklində inkişafını daha münasib sayır. Zahid irfan sahibi Rindin fikirlərindən nəticə çıxarır, riya, təkəbbür kirini simasından silir. Rind isə təcrübəli Zahidin məsləhəti ilə öz surətini tövbə örtüyü ilə zinətləndirir. Vəhdət olaraq məhəbbət dəlili olan hidayət küçəsini seçirlər.

Fanilik yolunda ağıllı ilə dəli bir,
dənizin dibində daş ilə inci birdir.
Yaxşı və pislik etibarı aradan qalxsa,
məscid ilə meyxanə birdir, bir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!