Arundhati Roy ilk romanı "Kiçik şeylərin Tanrısı"ndan 20 il sonra yenidən bütöv bədii əsərlə oxucuların qarşısındadır.
"Əbədi xoşbəxtlik dövləti" adlı roman oxucunu uzun bir səfərə çıxarır. Hekayə köhnə Delhidə qələbəlik küçələrin sonunda cücərən metropollara, oradan da müharibənin sülh, sülhün müharibə mənasını verən Kəşmir vadisinə və mərkəzi Hindistan meşələrinə dartılır.
"Əbədi xoşbəxtlik dövləti" həm sarsıdıcı eşq hekayəsi, həm də etiraz motivli romandır. Bu hekayə bəzən pıçıldayarır, bəzən hayqırır, bəzən göz yaşı tökür, bəzən də qəhqəhə çəkir. Romanın qəhrəmanları dünyanın şilləsilə yaralanıb, eşqlə və ümidlə sağalan insanlardır. Buna görə, kövrək olduqları qədər də möhkəmdirlər və əsla təslim olmurlar.
Təbii ki, romanın ən ümdə özəlliyi Arundhati Royun möcüzəvi təhkiyyəsidir.
Roy 24 noyabr 1961-ci ildə Hindistanın Assam əyalətinin Şilonq şəhərində xristian ananın və hind atanın qızı kimi doğulub. Aymanam kəndində anasının rəhbərlik etdiyi məktəbdə oxuyub. 16 yaşında evini tərk edib. Dehli Memarlıq Məktəbində oxuyub, amma heç vaxt memarlığı sevməyib. İtaliyaya getdikdən sonra yazıçı olmağa qərar verib. İkinci həyat yoldaşı ilə birlikdə bir televizor kanalı üçün, Hindistanda tələbələrin həyatından bəhs edən filmlər üçün senarilər yazıb. 1997-ci ildə yazdığı ilk romanı "Kiçik şeylərin Tanrısı" İngiltərədə Buker mükafatını qazanıb. O, Bukerə layiq görülən ilk hindli qadındır.
"Küçədəki insanın imperatorluq bələdçisi" , "Ya çək dəftərini, ya da Kruz raketini" adlı kitabları da yarı bədii, siyasi mövzu daşıyan əsərlərdir. 2002-ci ildə "Lanan Mədəni Azadlıq Mükafatı", 2004-cü ildə "Sidney Sülh Mükafatı"nı qazanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!