Dünya şöhrətli nağıl ustası Hans Xristian Andersen barədə ilk baxışda xoş sözlər deyilir. O mənada ki, uşaqlar üçün nağıl yazan insan heç vaxt pis ola bilməzdi. Bəli, Hans pis insan olmayıb. Ancaq çoxsaylı və unudulmaz, bəzən qorxunc, bəzən kədərli qəribəliyi ilə seçilib. Bənzərsiz nağıl qəhrəmanları uyduran insan qəribə də olmalı idi.
O, 1805-ci ildə Danimarkada doğulub. Elə uşaq vaxtdan kasıblıq içində böyüyüb. Anası küçələrdə dilənçilik edib. Atasının məvacibi ilə dolanmaq it zülmünə bərabər sayılıb. Bir sözlə, ailə dilənçilik hesabına dolanıb. Ancaq yazıçı keçmişi xatırlayarkən deyərmiş ki, kral ailəsinə qohumluğu çatır. Atası bu barədə ona uşaq olarkən danışarmış. Guya kral onları unudub, ya da kasıbları yaxına buraxmaqdan çəkinib. Andersen onu da nəql edərmiş ki, uşaq vaxtı oynadığı oğlan sonralar ölkənin şahzadəsi olub. Bəlkə də həqiqəti söyləyib, ancaq çoxları buna inanmayıb. Çünki o qədər əhvalatlar uydurarmış ki, bunu da o yalanların sırasına qoşublar. Araşdırmalar göstərir ki, Andersenin soy-kökü kral ailəsi ilə bağlı olub. Hansı səbəbdən kasıblıq içində böyüməsinin izahı bu günə qədər tapılmayıb.
Uşaqların sevimlisi Hans Xristian Andersen 156 nağıl yazıb. Ancaq dərindən araşdıranda görmək olar ki, onlardan 56-nın qəhrəmanı sonda ölür. Xeyirxah obrazlar isə çətin sınaqlardan və əzablı həyatdan keçir. Qəmli final. Psixoloqlar belə güman edir ki, bu, Andersenin ikinci MƏN-i ilə bağlıdır. Onun qəmli həyatı nağıllara hopub.
Bunu Andersenin nəsli-nəcabəti ilə əlaqələndirmək olar. Babası psixi sarsıntıdan əzab çəkib. Anası isə spirtli içki qəbul etməkdən xəstəliyə tutulub, dünyadan vaxtsız köçüb. Bioqraflar Anderseni narahat insan qələmində veriblər. Belə ki, vaxtilə doğmalarının çəkdiyi əzabları görən Hans xəstələnməkdən qorxub. Təsadüfi deyil ki, ətrafdakıların qaqqanaq çəkdiyi vasvasılığı məhz bu amildən qaynaqlanıb. Hans Andersenin vasvasılığına heç nə çatmazmış. Yaninda kimsə asqıranda tez əl-üzünü yuyar, kostyumuna düşən toz dənəciyinə görə əsəbləşər, frakının cibindəki daraqla tez-tez saçını darayarmış. Saçını səliqəli hala salması qadınlarla eşq məcarası ilə bağlı deyil. Hans qadınlarla ünsiyyət qurmaqdan qorxarmış. Depressiya içində gəzən yazıçının dərdini heç kim anlamazmış. Gecələr nağıl yazanda qəhrəmanları gözünə görünməzmiş. Bəzi yazıçılarda olan xüsusiyyət Hans Andersendə nəzərə çarpmayıb. Əksinə, xeyirxah obrazlarını yadına salıb gülərmiş. Onun qorxduğu çox nəsnə varmış. Birinci qorxduğu nəsnə diri-diri basdırılmaqdan ibarət olub. Ona görə də yatmazdan əvvəl masanın üzərində vərəq qoyarmış. Orada yazılarmış: "Mən ölü deyiləm. Rica olunur ki, dəfn edəndə nəzərə alasınız". Həm də böyük nağıl ustası zəhərlənərək öldürülməkdən qorxarmış. Yemək gətirən aşbaza birinci özünün dadmasını tələb edərmiş. Yazıq aşbaz, onun bu adətindən bezərək dəfələrlə çıxıb getməyə çalışıb. Zəhələnmə məsələsində Hans Andersenin həyatında baş verən əhvalatı hələ də ona bağışlamırlar. Bir dəfə pərəstişkarları ona bir qutu şokolad göndəriblər. Andersen şokoladın zəhərli olub-olmamasını öyrənmək üçün qonşu uşaqları evinə çağırıb. Balacaları şokolada qonaq edib. Ertəsi gün baxıb görüb ki, uşaqlar sağdır. Deməli, şokolad zəhərli deyilmiş və onu yemək olar. Uşaqlara nağıl yazıb sevindirən nağılçı şokoladın zəhərli olub-olmamasını onların üzərində sınaqdan keçirməsi ürək göynədir. Yazıçın qorxuları bununla bitməyib, hətta ən səbirli adamı da təbdən çıxarıb. Qorxub üşəndiyi nəsnələrdən biri qatillərlə bağlı imiş. Evdə tək olanda qapının arxasına masa ilə stulları dirəyərmiş. Küçədə gedəndə də arxaya baxar, kölgə oyunu oynayarmış. Fikir verərmiş ki, kölgə arxasınca düşür, yoxsa kənara yönəlir. Yanğından qorxusu isə lap həddini aşıb. Bu məqsədlə mənzildə özü ilə kəndir gəzdirərmiş. Bəzi qonaqlar elə hesab edib ki, Hans nə vaxtsa kəndiri ilməyə keçirib həyatını intiharla bitirəcək. Ancaq heç kim bilməyib ki, evdə yanğın olacağı təqdirdə pəncərədən çıxmaq üçün kəndiri yanında gəzdirib. Yazıçı həyatı boyu diş ağrısından da əziyyət çəkib. Çox maraqlı məqam ondan ibarətdir ki, Andersen diş məsələsinə xüsusi önəm verib. Ona elə gəlib ki, diş onun xəyallar qurmasına yardımçı olur. Möcüzə baş verib. Sonuncu dişi düşən kimi daha heç nə yaza bilməyib. Onun xəyal qurmaq istedadı tükənib. Həkim ona süni diş qoyan kimi yenidən yazmağa başlayıb. Neçə il sonra Hans Xristian Andersinin həyat və yaradıcılığını araşdıranlar arasında nevropatoloqlar da olub. Onlar hesab edib ki, bu, nevroz əlamətidir. Əslində, dişin olub-olmamasının xəyal qurmağa heç bir aidiyyatı yoxdur.
Hans uşaqlıqda utancaqlığı ilə seçilib. Qonşulardan qaçarmış. Evlərinə qonaq gələndə başqa otaqlara sığınarmış. Valideynlərinin laqeydliyi ucbatından uşağın nə ilə məşğul olmasının fərqinə varılmayıb. Əgər başqa oğlanlar o illərin küçə oyunları ilə əylənərmişsə, Hans gəlinciklərlə oynayarmış. Böyüyəndə uşaqlıq illərini yada salaraq bildirib ki, onda heç vaxt kişilik ruhu olmayıb. Qız hərəkətlərini sinif qızlarından gizlətmək üçün özündən qəhrəmanlıq uydurarmış. Məsələn, bir dəfə deyib ki, guya küçədə ona sataşan üç oğlanı yaxşıca əzişdirib. Ya da danışıb ki, iki qız ona göz qoysa da fikir verməyib və ümumiyyətlə zərif məxluqlar onu görəndə əriyirlər. Bunu eşidən sinif qızları gülər, gələcəyin nağıl ustasını məsxərəyə qoyarmışlar. Hansın belə uydurmaları nağıçılığının əsasını qoyub: "Deməli, bu məndə alınır. Mən yaxşı uydurmağı bacarıram".
Yazıçı həyatını qəmginlik içində keçirib. Belə kədərli notlar nağıllarının ümumi əhvalına da təsir göstərib. Hans heç bir qadınla sevgili həyatı yaşamayıb. Bioqrafların yazdığına görə, o, həyatdan "oğlan" köçüb. Din xadimlərinin dediyi kimi heç bir günaha batmayıb. Əlbəttə, belə yazıçı kilsələr üçün ideal namizəd ola bilərdi. Ancaq o da nəzərə alınmalıdır ki, gənc Hans sevgili olmağa çalışıb, lakin bütün istəklərinə ya gülünüb, ya təhqirli ifadələrlə cavab verilib. Yenidən qadınlarla tanış olmağa can atıb. Bəziləri utancaq görkəminə görə onu uzaqlaşdırıb, çünki qartal baxışı və ürəyi dəlib keçən atmacaları olmayan kişini kim bəyənər ki?! Utancaq və ürəyi tir-tir əsən kişiləri isə tək-tük qadın sevər: "Mən qadınlar üçün yaranmamışam". Bəzən səliqəli geyimi də qadınların xoşuna gəlməzmiş. Bəzi bioqraflar yazır ki, Hans Andersen çox səliqəsiz geyinib. Digərləri isə bununla razılaşmır. Məntiqlə, özünüsevən insan yaxşı da geyinməli idi. Ədəbiyyat tarixi ilə məşğul olan Ksavye Marmye Anderseni Fransanın ən dəbli yazıçısı adlandırıb. Yazıçının dostu Edvard Kollin isə xatirələrində qeyd edib ki, "bahalı geyinməsə də, səliqəli üst-başı vardı. Saçları qəşəng olduğundan tez-tez daraq çıxarıb əl gəzdirər, güzgünün qarşısından çəkilməzmiş". Hans Andersenin həyatında güzgü mühüm faktordur. O, bu əşyanı həm nağıllarında kifayət qədər işıqlandırıb, həm də özünə baxdıqca ağlına yeni mövzular gələrmiş. Yeri gəlmişkən, Hans Andersenin dünya ədəbiyyatı tarixinə nağılçı kimi daxil edilməsi düzgün deyil. Məsələ burasındadır ki, onun 5 romanı, 20 pyesi, oçerkləri, külli miqdarda yol qeydləri olub ki, bütün bunlar 5 cild təşkil edib. Nağıllarını isə sevməzmiş. Özü qədər qəmli nağılları.
Yuxarıda qeyd etdiyimiz kimi öz ölkəsində qadınlardan çəkinən Hans günlərin birində İtaliyaya getməyi qərara alıb. Ona danışıblar ki, Neapolda kifayət qədər əxlaqsız qadın var. Kişilərin onlara yaxınlaşmasına ehtiyac yoxdur. Özləri adamı dilə tuturlar. Hans Neapola çatır, çox da təmtəraqlı olmayan oteldə gecələyir. Ertəsi gün əxlaqsız qadınların arxasınca düşür. Xatirələrində isə belə yazır: "Bu dəfə də məndə nəsə alınmasa, deməli həyatımın sonu yaxınlaşacaq". Hətta bir dəfə bütün gün ərzində pozğun qadınların arxasınca düşsə də, bir nəticə hasil edilməyib. Əxlaqsız qadınlara dediyi incə sözlər onları güldürüb. Heç pul hesabına da onunla sevişməyə razılıq verən tapılmayıb.
Hans Andersen digər kişilər kimi ömründə bircə dəfə də olsa sevib. O qadının adı Yenni Linddir. İsveç müğənnisi və aktrisası Lind yazıçının sevgisini ilk əvvəl yüksək dəyərləndirib. Hans ona sevgi dolu məktublar yazarmış. Amma həmin məktublar tam düşünülmüş və ütülənmiş sözlərdən ibarət olub. "Yenni Lind, Tanrı bu səhər çağının gözəlliyindən sizə də bəxş etsin". Belə incə sözləri sanki qardaş bacıya, ya da kişi dost qadına yazır. Yenni ondan kişiyana məktublar gözləyib. Məsələn, "Sən mənim sevgilimsən... Sənsiz yaşaya bilmirəm" və sair. Belə sözləri ondan nahaq umurmuş. Hans tam çılpaq sözlər yazan sevgililərdən deyildi. Nə də heç vaxt bunu bacarmayacaqdı. Də.hət həm də bundan ibarət olub ki, Andersen zərif cinsin nümayəndələrindən çəkinərmiş. Üstəlik, düşünüb ki, belə sözlərlə qadının xətrinə dəyər. İstədiyi məktubları ala bilməyən Yenni onu ailənin kişisi kimi də təsəvvür etməzmiş. Nəhayət, məşhur vəkilə ərə gedib. Əri ona şeir və nağıl həsr etməsə də, mehriban ömür sürüblər. Hans Xristian Andersen yada da düşməyib.
Beləliklə, dahi nağıl ustası heç vaxt evlənməyib. Ancaq onlara can atıb. Zərif cinsə ehtiyacı olub. Əzizlənmək, xoş sözlər eşitmək istəyib. Lakin qorxu hissi, sözlərini ifadə edə bilməmək qabiliyyəti, üstəlik əzilib-büzülməsi istəyini gerçəkləşdirməyə imklan verməyib. Elə məhz buna görə də nağıllarındakı qadın qəhrəmanlar əzab-əziyyətə məruz qalıb, küləklərdən, çovğunlardan keçməli olub. Yazıçı qadınlardan qisasını belə çıxıb. Ədəbiyyatçılar hesab edir ki, o, qəsdən ailə həyatı qurmayıb. Bunu ölümündən əvvəl dediyi sözlərlə izah edirlər: "Mən çox böyük məbləğə nağıllarımın bədəlini ödədim". Hesab edilir ki, evlənsəydi, subaylıq xəyalları itib batacaqdı. Düşünə bilməyəcək, məişət qayğıları ilə yüklənəcəkdi. Kədərli nağılçı ömrünü də tənhalıqla başa vurdu. Tənhalıq içində vəfat etdi. Nəslini davam etdirəcək kimsə olmadı. Dünyanı sevindirib ağladan nağıl ustasının kədərli taleyi beləcə bitdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!