Rüstəm KAMAL
Lüğət dildəki müəyyən sözlərin və mənaların qeydə alınması deyil, həm də ictimai, ideoloji hadisədir.
Lüğət Mirzə Cəlil düşüncə kodlarını müəyyənləşdirən bir janr hadisəsidir. "Lüğətə baxmaq" yazıçı davranışının bir formasıdır. Çox güman ki, lüğət kitabları daim onun əlinin altında idi və sevimli mütaliəsi olub. Hətta lüğətin evdə harda olmasını yaxşı bilir: "Mənim qırmızı cildli türk lüğətimi (iki cild) göndər, kravatımın yanındakı taxçadadır" (14 aprel 1915-ci il).
"Anamın kitabı"nda senzorun Rüstəm bəydən siyahıya aldığı lüğətlərdə Şuşada Bəhmən Mirzənin kitabxanasından alınmış kitablar olmalıdır. "Dekabrın əvvəllərində Mirzə Cəlil kənd işlərini qurtarıb Şuşaya, bizim yanımıza istirahət etməyə gəldi. O, mənə dedi ki, "Anamın kitabı" adlı yeni pyes yazmağa başlamışdır.
…O sonra məndən lüğət kitabları istədi. Poçtalyon Rəsulbəydən öyrəndim ki, İran şahzadəsi Bəhmən Mirzənin kitabxanasını satırlar. Bu xəbər Cəlili çox sevindirdi. Kitablar ələgəldikdən sonra o işə girişdi".
Gündəlik həyatı, yaşamı da, insanlarla ünsiyyəti də çox vaxt sanki "lüğət modeli" üzrə qurulurdu. Həmidə xanım xatirələrində yazır ki, "rəssam Potter rusca çox zəif bilirdi. Ona görə də Mirzə Cəlil çəkiləsi şəkillərin mövzusunun ona işarə ilə başa salır, Tiflisin müsəlman hissəsində yaşayan əhali arasından tipləri seçib ona göstərir və bunlardan istifadə etməyi məsləhət görürdü". Mirzə Cəlil jestlərinin şərhi şəkillərin simvolik mahiyyətini bildirirdi.
"Anamın kitabı"nda "ailə mətni" üç qardaşın anası və bacısı ilə münasibəti sözlərin qarşıdurmasından təşkil edilir. Əslində isə üç dilin, üç üslubun (Osmanlı, İran, Rusiya) toqquşduğu absurdluq məkanıdır. Personajlardan biri Rüstəm bəyin başı lüğətə qarışıb, "qəribə sözləri" toplamaqla məşğuldur: "Rüstəm bəy. Ana, bilirsən, nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində hər nə qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. Bəlkə sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Nə, nə deyirsən, ana? Bir qəribə söz du yazım".
Böyük mütəfəkkir yaxşı anlayırdı ki, dilimizə doldurulmuş yad, anlaşılmaz sözlər - "qəribə sözlər" mədəniyyətimizin saxta informativ-mifoloji məkanını yaradır. Mənaların məchulluğu saxta miflərin yaranmasını şərtləndirir. Axı, "Mif yalnız tarixi hadisə deyil, həm də sözdür" (A.Losev). O, ömrü boyu bu miflərlə mübarizə apardı. Onun "Füyuzat"la münasibəti bu vacib məsələ üstündə idi: "Ərəb dilini qurdalayıb ərəb lüğətlərindən elə bir az eşidilən və az işlənən sözlər tapıb işlədirlər ki, çox vaxtda lüğət kitablarında da sözlər işlənmirdi".
O, qəti inanırdı ki, "indiyədək qəliz ərəb sözləri ilə zibillənmiş bədbəxt türk dilini təsfiyə etmək (saflaşdırmaq) lazımdır". Adətən bu sözlərin gerçəkliklə heç bir əlaqəsi olmur, onlardan kütlə şüurunun manipulyası üçün istifadə edirlər. Cəmiyyətdə "qəribə sözlərin" lüğəvi mənası ilə gerçəklik düz gəlmirdi.
"Mərhumun adını qəzetlərin birində qoymuşdular: "Nadirül-vücud". Lüğəti açıb baxdım, gördüm "nadirül-vücud" o səxsə deyirlər ki, millət yolunda heç bir əlahiddə səy və qeyrət göstərməyə və "bir kəs məndən inciməsin" - deyib ömrünün əvvəlindən axırınadək çalışmalı yerdə, rahat otura evində və öləndə də Qafqaza elə söhbət sala ki, xalq onu doğrudan da millət mücahidi hesab edə" ("Nadirül vücud").
Ona görə də lüğətdə "az işlənən" ərəb sözlərinin obrazını söz oyununa çevirirdi. Onların sakral mənasını təhrif etməklə və ya dəyişməklə profanlaşdırırdı və bununla da absurdluq mifologiyası yaradırdı. Mirzə Cəlili "etimologiyası" və fərdi mifologiyası metafora enerjisi ilə yüklənir. Yazıçının "lüğət oyunu" əslində metafora oyunu idi: "Əvvəl bir lüğətə baxaq. "Etidaliyyun" - "dal" sözündən əmələ gəlir. Məlumdur ki, mollaların yan ciblərindən savayı, bir dənə gizlin dal cibləri də olur.
Cəmiyyəti-xeyriyyəyə, ya maarif işlərindən ötrü pul yığanda mollalar əllərini yan ciblərinə salıb və ciblərinin torbalarını çıxarıb çörək qurusunu silkirlər divarın dibinə və and içirlər ki, "vallah, bir qəpiyim də yoxdur". Amma pulları dal ciblərində gizlədirlər.
Odur təzə firgənin adını qoyublar "etidaliyyun", yəni camaatın pulunu dal ciblərinə qoyanlar" ("Etidaliyyun").
Mirzə Cəlil "lüğətində" komiklik - kinayəlilik proseduru omonimlik və semantik "bölünmə" üsulu ilə yerinə yetirilir. Məsələn: "neytralnı" - ney-tura.
"Ancaq qanmıram səbəb nədir ki, bu bitərəf duran hökumətlərə "neytralnı" ad qoydular. Axır məlumdur ki, farsca "ney" düdüyə deyər, "türa" - yəni "sənə", "ləni" ərəbcə yəni "çal".
Demək, hansı mərdüməzar isə bu hökumətlərə bu adı qoymaqla əlbəttə, fikri bunlara dolaşmaqdır; çünki nə dəxli var, mənim kefim istəyir davaya qarışıram, istəmirəm - qarışmıram. Dəxi mənim adımı "düdük çalan" qoymaqla yəni bir də görüm sözün nədir?" ("Qeyrət").
Yazıçının "lüğət məntiqinə" görə, əgər "millət sözü" bir dilin lüğətində yoxdursa, deməli, onun ifadə etdiyi mahiyyət hələ formalaşmayıb: "Millət" ləfzi İranda yoxdur. Nə qədər ki, qamuşları vərəqlədim, nə qədər ki, camaat içində dolandım, - "millət" sözünü nə eşitdim, nə də bir kitabda gördüm.
O yerdə ki, lüğət kitabında gərək yazılaydı, "millət", orada millət əvəzinə yazılıb "səxş" ("Millət").
Y.Lotman son araşdırmalarının birində qeyd edirdi ki, hər bir "yaxşı" mətn fərqli semiotik mexanizmlərin işinin nəticəsidir, yəni bir neçə "dildə" yaranır. "İranda hürriyyət" hekayəsinin süjeti iki semiotik dilin (yuxu və lüğət) əsasında təşkil olunur. Mirzə Cəlil cəmiyyətin həqiqətini, qrotesk gerçəkliyini linqvistik vasitə ilə çatdırır. Sözlərin absurd mənası ilə gerçəkliyin sintezi fantasmaqorik - qrotesk mənzərəsini yaradır. "İranda hürriyyət" hekayəsi həmin ölkədə toplumsal (kollektiv) cəhalətin miqyasını ifadə edir, bəzi qüvvələrin "hürriyyət" sözünün magiyasından istifadə edərək savadsız, avam kütləni ovsunlaması haqqındadır.
"Kərbəlayi Məmmədəli dedi:
- Bizim İrana hurriyyət verilib.
Pərinisə bir qədər dayanıb soruşdu.
- Nə verilib?
- Ay qız, hürriyyət də! İndiyə kimi bunu da bilmirsən?"
Lüğət vahidlərinin metaforik yolla profanlaşdırılması onun bədii düşüncə sistemini, ideoloji dünyagörüşünü formalaşdırmışdı. "Hürriyyət" sözünün mənası həmşəri Məmmədəli, onun arvadı Pərinisə üçün tamam anlaşılmazdır və bu leksik anlaşılmazlıq yuxu mətninin metaforik məna absurdluğu ilə birləşir: "Kərbəlayi Məmmədəli, mən genə sənə deyirəm ki, yaxşı xəbər gələcək. Onnan ötrü ki, mən yuxuda həmişə qarpız görəndə şad oluram. Keçən həftə Sara bacım da yuxuda qarpız görmüşdü, əri Məşədi Haqverdi gəlib mollaya Sara bacımın yuxusunu nağıl eləmişdi. Molla demişdi ki, qarpız şadlıqdı. Mən də həmişə yuxuda qarpız görəndə sevinirəm".
Ümumiyyətlə, bu tipli mətnlərin yaradılmasında əsas əməliyyat bənzətmə, metafora üzərində aparılır, yəni mətnin bir tərəfində bilavasitə obyektin adı, digər tərəfində, onun metaforik açıqlaması verilir. Yuxu və fal mətnləri bu tipli struktura malikdir. (Yusif Vəzirdə oxuyuruq: "Güzgünün şəfəqi çayırı nurlandıran kimi işlər də xeyirliyə dönür. Güzgü xoşbəxtlik deməkdir").
Beləliklə, "hürriyyət" sözünün mənası yuxu metaforası ilə açıqlanır.
Mirzə Cəlilin lüğətində inandığı bir "qəribə söz" də var ki, "xalqa cümhuriyyətin əlifbasını anlatmağı özünün vətəndaşlıq borcu saymışdı" (İ.Həbibbəyli) - "Cümhuriyyət", yəni latınca "Respublika" elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri".
O, lüğətə fal kitabı kimi baxırdı. Cəmiyyətin falına baxırdı. Lüğətlə sakrallıqdan və mənadan məhrum olan absurd sözlər yəqin ki, təsirsiz ötüşmürdü, onun öz həyatını da qapayırdı. "Molla Nəsrəddin"in ömrü "Allahsız" adıyla tamamlanırdı - dediklərimizin hələ bir mistik örnəyidi…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!