Tallinn şəhərində Rahva raamat kitab şəbəkəsinin mağazasında yazıçı Kersti Kivirüütin “Küləklər şəhəri” romanının təqdimatı keçirilib. Yazıçı təqdimatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edib. Təqdimat mərasimində Azərbaycan icmasının nümayəndələri və müxtəlif təşkilatlardan dəvət olunmuş qonaqlarla yanaşı, kitab şəbəkəsinin daimi müştəriləri də iştirak ediblər.
Romanı Azərbaycan dilinə tərcümə etmiş Sənəm Əliyeva və yazıçı Kersti Kivirüüt tədbirdə çıxış ediblər. Yazıçı bu romanı Azərbaycanın gözəlliyinə və bu ölkənin tarixinin faciəli səhifələrinə həsr etdiyini söyləyib. Bildirib ki, bu romanı Tur Heyerdalın “Odinin səyahəti” əsərindən ilhamlanaraq yazıb.
Sonra romanın əsasında hazırlanmış slaydlar təqdim edilib.
Yazıçı öz çıxışında Qarabağ müharibəsinə və bu müharibənin ən dəhşətli faciəsi Xocalı qətliamına toxunaraq deyib: “Düzdür, romanın qəhrəmanları – eston qız və azərbaycanlı oğlandır və onların yaşadığı macəra dolu məhəbbət hekayəsi çox maraqlıdır. Lakin mənim üçün bu əsərin qəhrəmanı Qarabağ qaçqını olan Əhməddir, mən onun dili ilə sülh mesajı vermək istəmişəm".
Azərbaycan həftəsonu məktəbinin şagirdləri eston və Azərbaycan dillərində romandan hissələr səsləndiriblər.
Sonda Lövenruh restoranı qonaqlara Azərbaycan şirniyyatları və şirələri təqdim edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!