Mayın 26-sı görkəmli xalq yazıçısı, ünlü dramaturq, əbədiyaşar sənətkarımız İlyas Əfəndiyevin dünyaya gəlişindən düz 104 il keçir. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdə geniş şöhrət qazanmış ölməz sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir dövrümüzün bədii salnaməsidir. 82 illik ömrünün 60 ildən çoxunu bədii yaradıcılığa həsr etmiş, ədəbiyyatın demək olar ki, bütün janrlarında dəyərli sənət əsərləri yaratmış ustad sənətkarımızın uzun ömürlü və heç bir zaman öz aktuallığını, müasirliyini və bədii təravətini itirməyən əsərləri bu gün də gələcəyə gedən yolumuza işıq saçır. Dünya ədəbiyyatının ən gözəl ənənələrinə dayaqlanan, müşahidə dairəsinin genişliyindən irəli gələn, milli özünəməxsusluğa, folklora, klassik irsə möhkəm bağlı olan, müasirlik, novatorluq, dərin psixoloji təhlil, ümumbəşəri məzmun daşıyan millilik İlyas Əfəndiyev yaradıcılığının əsas xüsusiyyətləridir. Yazıçının bədii əsərlərində toxunduğu mənəviyyat problemləri özəl bədii-estetik dəyərinə, dərin fikir genişliyinə, ictimai-sosial mahiyyətinə görə bu gün də düşündürücüdür, aktualdır, milli düşüncə və əxlaq tərzinin formalaşmasında çox dəyərli əhəmiyyət kəsb edir. Xalq yazıçısının ibrətamiz və mənalı həyat yolu sübut edir ki, yazıçının ən böyük vəzifəsi onun yüksək mündəricəli əsərləri, ən böyük sərvəti isə oxucu məhəbbətidir. İlyas Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu da ustad sənətkarın sənət palitrasının çeşidli çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.
İlyas Əfəndiyev minillik Azərbaycan bədii mədəniyyətinin, türk-müsəlman təfəkkürünün ən yaxşı ənənələrini yeni epoxada davam etdirərək mənəviyyatımızın zirvəsinə yüksəldi. O, ədəbiyyatımızda-nəsrdə və dramaturgiyada lirik-psixoloji üslubun banisi, öz rejissor və aktyor məktəbi olan “İlyas Əfəndiyev teatrı”nın yaradıcısı kimi əbədi şöhrət qazandı. Yazıçı ədəbiyyata gəldiyi ilk illərdən dramaturgiyaya meyil etmiş, ömrünün sonuna qədər teatr və səhnədən ayrıla bilməmişdir. Bütövlükdə sənətkarın bədii yaradıcılığı xalq təfəkkürünün zəngin xəzinəsi üstündə yaranmışdır. Dramaturqun bədii nəsri-hekayə, povest və romanları, tarixi və müasir mövzulu dramları bədii dili, yüksək şeiriyyəti, poetikası, dərin psixologiyası, ideya-məzmununun milliliyi-bəşəriliyi ilə diqqəti cəlb edir. Ədibin müxtəlif janrlı əsərlərində qaldırdığı sosial-psixoloji, mənəvi-əxlaqi mövzular və problemlər indiki dövrdə də müasirdir, düşündürücüdür. İlyas Əfəndiyev elə bir şəxsiyyət və elə bir yaradıcı sənətkardır ki, o, istedadının gücü ilə mədəniyyətimizin müxtəlif sahələrinə nüfuz edə bilmişdir. Onun yaradıcılığında müasirlik geniş fəlsəfi məna daşıyır. Müasirlik öncə onun əsərlərinin ideya-məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir. “Dağlar arxasında üç dost”, “Söyüdlü arx”, “Körpüsalanlar”, “Üçatılan”, “Geriyə baxma, qoca”, “Sarıköynəklə Valehin nağılı” kimi romanlardakı Sarıköynək, Sərvinaz, Səkinə, Səriyyə, Yaqut, Qızyetər və s. qadın obrazları İlyas Əfəndiyevin çoxsaylı obrazlar qalereyasında xüsusi yer tutur. Saf, ülvi məhəbbətlə sevən, sevgisi yolunda həyatın çətinliklərinə, iztirab və psixoloji sarsıntılara sinə gərən bu qadın obrazlarının xarakter bütövlüyü, mənəvi saflığı, əxlaqi kamilliyi milli-mənəvi dəyərlərlə bağlıdır. İnsan mənəviyyatını hər şeydən üstün tutan, insan qəlbinin iztirablarını səmimiyyətlə qələmə alan yazıçının bədii əsərlərində qəhrəmanların ən çox daxili aləmləri, dəruni hiss və duyğuları, kədər və sevincləri yüksək bədiiliklə təsvir edilir. Bütün yaradıcılığı boyu yalnız qəlbinin səsinə qulaq asan yazıçı yazırdı: “Uzaq və yaxın dünənimizə, milli-mənəvi mənliyimizə mən heç vaxt direktivlərin, proqramların, ayrı-ayrı dövlət rəhbərlərinin iradəsinin və istəyinin tələbi ilə yanaşmamışam”. Bilgə sənətkarın həyat fəlsəfəsi azadlıq, müstəqillik, sülh, əmin-amanlıq, ədalət, insanpərvərlik və mənəvi ucalıq fəlsəfəsidir. Mərhum akademik Bəkir Nəbiyev haqlı qeyd edirdi ki, “Leninə, Stalinə, sosializmə, partiyaya dair şüar və şit təriflərlə dolu olan bu cür yazılardan tamamilə fərqli olaraq İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir ”.
İlyas Əfəndiyev bədii əsərlərinin dili aydın və obrazlıdır, yüksək estetik dəyəri və bədii siqləti ilə seçilən bir dildir. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlmişdir. Bədii əsərlərinin dili əfsanə, rəvayət, nağıl və dastanların leksikasından gələn dərin hikmət, hər bir sözü yerində işlətmək, yüksək ideya-məzmun, fəlsəfi-dərinlik, sistemli sintaktik düzüm, bədiilik, obrazlılıq, ləngərli deyim ekspressivliyi, axıcılıq və yüksək şeiriyyət bu əsərlərin təsirliliyini, estetik təravətini, bədii hüsnünü və məna dərinliyini daha da artırır.
XX əsr dramaturgiyası milli dramaturgiyamızın tarixində yeni bir mərhələ təşkil edir. Xalq yazıçısı İlyas Əfəndiyev də öz dram əsərləri ilə bu böyük, zəngin mərhələnin yaranmasında və inkişafında özünəməxsus rol oynamış ustad dramaturqlarımızdandır. O, dərin psixoloji tapıntılarla zəngin olan dramları ilə teatr sənətimizdə yeni bir mərhələ açdı və “İlyas Əfəndiyev teatrı” yaratdı. “İlyas Əfəndiyev teatrı” ilə yeni rejissor və aktyor nəsli formalaşdı. Dramaturq kimi o, “İntizar”, “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Qəribə oğlan”, “Bağlardan gələn səs”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx Məhəmməd Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Ağıllılar və dəlilər”, “Odlu səhradan gəlmiş şeytan”, “Bizə inan”, “On manatlıq lüstr”, “Hökmdar və qızı” pyeslərini yazdı. İlyas Əfəndiyevin yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatrımızın inkişafına güclü təsir göstərib. Yarım əsrdən artıq bir dövrdə milli teatrı öz çiyinlərində saxlamış qüdrətli qələm sahibinin dram əsərləri bu gün də səhnədə öz estetik təravətini, aktuallığını və müasirliyini qoruyub saxlayır. Səciyyəvidir ki, rejissorlarımız daima dramaturqun əsərlərinə müraciət edir və maraqlı tamaşalar hazırlayırlar. Dram əsərlərinin bir çoxu isə xarici ölkələrin teatrlarında tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. İlyas Əfəndiyevin tarixi dramlarında əsas aparıcı xətt qəhrəmanlıq motivləridir. Onun keçən əsrin 70-90-cı illərində qələmə aldığı “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Ağıllılar və dəlilər”, “Hökmdar və qızı” tarixi dramları keçmişə yeni təfəkkürlə yanaşması, xalqımızın azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlıdır. Dramaturqun tarixi dramları hər şeydən əvvəl tarixə bədii baxışın yeniliyi ilə diqqəti cəlb edir. Sovetlər dönəmində yazıçı istər nəsr , istər də dram əsərlərində azadlığımızı, müstəqilliyimizi, mühacirət və repressiya mövzularını böyük cəsarətlə ədəbiyyatımıza gətirdi. Müsahibələrinin birində yazıçı yazırdı ki, “Əgər, sovet imperiyasının dəhşətli məngənələri olmasaydı, mən vaxtında daha çox söz deyə bilərdim”. Dramaturq tarixi mövzulu əsərlərlə bağlı qeyd edirdi ki, tarixi hadisələrə yanaşanda tarixilik prinsipi əsas götürülür. Xalq qəhrəmanı haqqında yazarkən, onun şəxsi həyatındakı faktları dəyişmək olar, lakin onun xalqla bağlı mübarizə yolu olduğu kimi göstərilməlidir. 90-cı illərdə dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum, Sivas, Kayseri şəhərlərində nümayiş etdirildi və qardaş ölkədə hərarətlə qarşılandı. Müasir türk mətbuatı dramaturqu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırmışdı. Türkiyənin məşhur rejissoru Kənan İşıq müsahibələrinin birində demişdir: “Siz bu iki tamaşa ilə (söhbət dramaturqun “Sevgililərin cəhənnəmdə vüsalı” və “Bizim qəribə taleyimiz” tamaşalarından gedir) bütün Avropa ölkələrini gəzə bilərsiz. Çünki, bu əsərlərdə qaldırılan problemlər millətindən asılı olmayaraq bütün insanlara aiddir”. Bu gün də “İlyas Əfəndiyev teatrı”nın uğurları Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin və ikitərəfli əməkdaşlığın daha da genişlənməsində mühüm rol oynayır.
İlyas Əfəndiyev yaradıcılığı boyu milli mədəniyyətimizin təəssübkeşi olub. Onun mədəniyyətimizə həsr etdiyi nəzəri-estetik məqalələri öz aktuallığı, məna tutumu ilə seçilir. Dramaturgiyaya, teatra, kinoya, musiqimizə, təsviri sənətimizə, mənəviyyatımıza həsr etdiyi məqalələri bu gün də müasirdir. Dramaturq teatr və səhnə sənəti haqqındakı fikirlərini “Yüksək səhnə əsərləri uğrunda”, “Dramaturgiyamızın bəzi məsələləri haqqında”, “Həyat” yeni quruluşda”, “Gözəl tamaşalar yaradın”, “İstedad və mövzu”, “Mərdlik ocağı”, “Teatr qayğıları”, “Teatr və dramaturgiya məsələləri”, “Əsəri də, tamaşanı da istedad yaradır” və s. əsərlərində irəli sürdüyü mülahizələrilə peşəkar teatrşünas səviyyəsinə yüksəlmiş bir sənətkar olduğunu sübut etmişdir. Yazıçı həmin məqalələrində teatr və səhnə sənəti ilə bağlı bir sıra aktual problemlərə, o cümlədən dramaturq və teatr, rejissor sənəti, teatr tənqidi, aktyor ifası, tamaşanın məşqi, səhnə texnikası, rol bölgüsü, tamaşanın musiqisi və bədii tərtibatı kimi məsələlərə münasibət göstərmiş, fikir və arzularını bildirmişdir. İlyas Əfəndiyevin teatr və səhnə haqqındakı nəzəri-estetik görüşləri bugünkü teatrşünaslıq elmi üçün də böyük əhəmiyyət kəsb edir. Peşəkar teatrşünaslar və yüksək ixtisaslı mütəxəssislər tərəfindən yazıçıya verilmiş “görkəmli teatrşünas”, “ikinci rejissor”, “səhnə bilicisi” , “tanınmış teatr xadimi” kimi adlar heç də təsadüfi deyildi. “Teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir, xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir” - deyən mütəfəkkir sənətkarın bu səpkili məqalələri özünün yeni, novator keyfiyyətləri ilə diqqətəlayiqdir. Dramaturqun fikrincə “teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur. Teatr yalnız ədəbiyyat və incəsənət deyil, eyni zamanda, tamaşaçı mədəniyyətinin də meyarlarındandır”. Xalqın mədəni-intellektual inkişafında və mədəniyyətimizdəki xüsusi rolundan bəhs edən ünlü sənətkar sözügedən mövzuya həsr etdiyi məqaləsində fikrini davam etdirərək yazırdı: “Mənim üçün teatr, Allahın insanlara bəxş elədiyi ruhun, gözəl hisslərin, arzuların, müxtəlif həyat ideyalarının yaşadığı, çarpışdığı bir məkandır. İnsanın daxili dünyasının aynasıdır. Teatr həm də xalqımızın tərcümanıdır. Bu məkan gözəl olduğu qədər, həm də ilahiləşmiş bir aləmdir”. Teatr sənətində dramaturqu maraqlandıran ciddi məsələlərdən biri də teatr tənqidi idi. Yazıçı zəif, bədiilikdən uzaq olan pyeslərin səhnəyə yol açmasını teatr tənqidinin zəifliyində görürdü.
İlyas Əfəndiyev milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi, xalqımızın şifahi xalq ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Sənətkara görə, mənəvi mədəniyyətin yüksəkliyi hər bir insan üçün vacib şərtdir. Bu baxımdan qüdrətli qələm sahibinin zaman məhdudluğu tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına çevrilib. Yazıçı milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmir: “Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər”. Ümumiyyətlə, yazıçının mədəniyyət tariximizə, sənət məsələlərinə həsr etdiyi nəzəri-estetik məqalələri, esseləri və müsahibələri axtarış ruhunun təzəliyi ilə diqqəti cəlb edir. Çoxşaxəli yaradıcılığında milliliklə ümumbəşəri dəyərlər arasında bir körpü yaradan dünya şöhrətli dramaturqun bütün zamanlarda oxunan bədii irsi bu gün də çoxmilyonlu oxucular tərəfindən sevilə-sevilə oxunur. O, şərəfli ömrünün altmış ilini bədii yaradıcılığa, bütünlükdə mədəniyyətimizin inkişafına həsr etdi və əbədi ömür qazandı. Ustad sənətkarın uzunömürlü bədii əsərləri həm də mədəniyyət müstəvisində zamanları birləşdirən bir körpüdür.
Azərbaycan ədəbiyyatının klassiki, milli nəsrimizin, dramaturgiyamızın, lirik-psixoloji üslubun, teatr sənətimizin, ədəbi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan, ədəbiyyat tarixində silinməz iz qoymuş görkəmli Xalq yazıçısı, unudulmaz sənətkarımız İlyas Əfəndiyev yaradıcılıq axtarışlarının ardıcıllığı, həyati mövqeyinin fəallığı və ideya baxışının aydınlığı ilə seçilən sənətkardır. Onun müasir Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edən dramaturgiyası qabaqcıl sənət ənənələri əsasında boy ata-ata mənalı yol keçmiş, ideya-estetik vüsəti tapmış, dərin müasirlik keyfiyyəti qazanmış və “İlyas Əfəndiyev teatrı”nı yaratmışdır. Aktual problemlər qaldırmaq cəsarəti, hadisələrə ayıq sənətkar münasibəti, fəal prinsipiallıq və vətəndaşlıq mövqeyi, habelə digər ideya-bədii məziyyətlər təkcə dramaturgiyasını deyil, bütövlükdə yaradıcılığını səciyyələndirən amillərdəndir. Çoxşaxəli bədii yaradıcılığı ilə ümumxalq məhəbbəti qazanan ustad sənətkar dünya miqyaslı bir yazıçı, dramaturq kimi şöhrətlənmişdir.
Altmış illik yaradıcılıq dövründə İlyas Əfəndiyev altı roman – “Söyüdlü arx” (1958), “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981), beş povest - “Kənddən məktublar” (1939), “Aydınlıq gecələr” (1941), “Torpağın sahibi” (1952), “Qaçaq Süleymanın ölümü” (1993), “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” (1996), qırx yeddi hekayə, oçerklər, xatirələr və esselər yazıb. 50 ildən çox teatrlarımızın repertuar ağırlığını çiynində daşıyan qüdrətli sənətkarın dram əsərləri teatr tariximizdə yeni rejissor və aktyor nəslini formalaşdırdı. Görkəmli sənət adamları sənət talelərindəki uğurlara görə bu böyük şəxsiyyətin həm özünün, həm də dramaturgiyasının müstəsna rolundan fərəh hissi ilə söz açırlar. İlyas Əfəndiyev yaradıcılığının estetik özülündə milliliklə bəşəriliyin vəhdəti durur. Xalq yazıçısı bədii yaradıcılığında özünü novator və orijinal bir sənətkar kimi tanıtdı. Bədii yaradıcılıqda yenilikçi və orijinal olmaq isə əslində mədəniyyətin avanqardına çevrilib onu irəli aparmaq deməkdir. XX əsr Azərbaycan teatr tarixində “İlyas Əfəndiyev teatrı” ifadəsi, anlayışı və praktiki təzahürü danılmaz kulturoloji faktdır.
İlyas Əfəndiyev tarixə müraciət edəndə yaşadığı dövr haqqında fəlsəfi mühakimələr aparmaq, müasiri olan insanların mənəvi-əxlaqi dünyasını araşdırmaq, cəmiyyət və fərd, insan və zaman arasında münasibətləri aydınlaşdırmaq üçün keçmişə doğru tarixin pillələrinə enir, dövrün ictimai-fəlsəfi mənzərəsini tarixi müstəvidə verməyə çalışır. İlyas Əfəndiyevin tarixi dramları özünün bədii-fəlsəfi fikir dərinliyi ilə sənətkarın yaradıcılığında xüsusi yer tutur. Yüksək ideya-bədii səviyyəsinə, tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli səhnə təcəssümünə görə dramaturqun “Xurşidbanu Natəvan” əsəri həm oxucuların, həm də tamaşaçıların dərin marağına səbəb oldu. Natəvan dramda təkcə bir şairə kimi göstərilməyib, o həm də şairlikdən çox Qarabağ bölgəsinin hökmdarı, xanı kimi göstərilib. Dövrün ziyalıları ilə ünsiyyətində, xalqın mədəni tərəqqisində, bütün məsələlərdə o, güclü görünür, müsahiblərini üstələyir. Pyesin bütün fəsilləri dərin fəlsəfi fikirlər üzərində qurulmuşdur: “Əgər bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa, o da yalnız insanın öz vətəninə, öz mənliyinə, öz ləyaqətinə sahib olmasındadır. Mən azadlığın qüdrətinə inanıram. İnsanın gözəl hisslərinin, gözəl fikirlərinin pərvazı üçün, insan ləyaqətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır”. Bu sözlər dramın leytmotividir. Şairə, ictimai xadim Natəvan üçün Azərbaycanın birliyi, azadlığı, xalqın mədəniyyəti, dili, milli müstəqilliyi onun əsas amalıdır. Natəvanın nəzərində ikili Azərbaycan yoxdur, bütöv Azərbaycan var. Əsərin sonunda Natəvan öz sinfinə qarşı çıxır və mənsub olduğu sinifdən etibar görməyərək ondan üz döndərir: “Mən xan qızı Xurşidbanu inanmıram öz sinfimin alicənablığına! İnanmıram onların Vətən namusuna! Eşidirsinizmi, inanmıram ! Mən bu gün, bu dəqiqədən etibarən onlara yadam”-deyərək yalnız əməkçi xalqa hüsn-rəğbət bəsləyərək onların hüquqlarını müdafiə edir. Ümummilli Lider Heydər Əliyev “Xurşidbanu Natəvan” pyesinin uğurlu tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa bildirərək demişdir: “Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə Sizə sağ ol deyirəm. Mən son monoloqunuza görə sağ ol deyirəm”. Natəvan daxili bir inamla deyirdi: “Gedin kəndlilərə deyin ki, onlar daha mənə vergi verməyəcəklər. Daha xan qızı Xurşidbanunun kəndi, torpağı yoxdur! Deyin ki, xan Xurşidbanu Natəvan bu əzablı yolları onlarla birlikdə gedəcəyəm! Onu da deyin ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını tapmış azad Azərbaycan gözləyir!”. 80-ci ildə Natəvanın dili ilə mütəfəkkir sənətkar müstəqilliyimizə və istiqlaliyyətimizə gedən yola işarə edirdi.
Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu. Və özüylə birlikdə Qarabağ nisgili apardı. Müsahibələrinin birində dramaturq yazırdı: “Füzuli şəhəri, Füzuli rayonu bir tərəfdən sovet imperiyasının zülmünə, repressiyasına məruz qaldı, digər tərəfdən də erməni işğalçılarının. Deməli, Füzuli şəhəri iki dəfə qarət edildi. Bunun necə böyük dərd olduğunu demək çətindir”.
Baharda dünyaya göz açan görkəmli sənətkarın nəzəri-estetik görüşlərində də xalqımızın milli adət-ənənələri, qonaqsevərlik, toy, nişan mərasimləri mühüm yer tutur. Onun yaradıcılığında ən maraqlı cəhətlərdən biri də baharın gəlişi ilə Novruz bayramını, xalqın suya, oda olan inamlarını öz əsərlərində yaşatmasıdır. 1967-ci ildə qələmə aldığı “Bahara alqış” məqaləsində yazıçı doğulduğu məkanı və uşaqlıq çağlarını xoş duyğularla xatırlayır. “Mənim həyatımda ən güclü xatirələr baharın girməsi ilə bağlıdır” – deyən ədib yazır: “Azərbaycan xalqı baharı mehribanlıq rəmzi olan odla, gözəllik rəmzi olan tər çiçəklərlə, məhəbbət rəmzi olan yaşıl səmənilərlə qarşılayır. Bu adət nə qədər nəcibdirsə, bir o qədər də qədimdir. Pəncərələrdə bir qarış qalxmış yaşıl buğda səmənisi neçə min ildir ki, xalqımızın bolluq arzusuna, çörəyə hörmətə çevrilmişdir. Azərbaycan xalqı ən gözəl adət və ənənələri göz bəbəyi kimi qoruyur, keçmişə baxaraq bu günə qədər qədirşünaslıqla qiymət verməyi bacarır. Bolluq arzusu olan səməni bu gün də evlərimizi bəzəyir, bizə baharın gəldiyini xəbər verir, tarlaya çıxın – deyir, əkinin, səpinin vaxtıdır, gözəl şəhər və kəndlərimizi təzə bağlarla bəzəməyin, yeni meşələr salmağın, toyun-mağarın vaxtıdır”.
İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının, ədəbi dilinin və teatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır. Qüdrətli qələm sahibi ədəbi dilə və müqəddəs əlahəzrət Sözə yüksək qiymət verirdi: “Ədəbi dilimizin inkişafında ən mühüm vəzifələrdən biri, əlbəttə, yazıçıların, şairlərin üzərinə düşür. Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır. Ədəbiyyata gətirilən sözü yazıçı elə işlətməlidir ki, o, hamı üçün anlaşıqlı olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq məhəbbəti qazanır”. İlyas Əfəndiyev həmişə oxunan və sevilən sənətkardır. O, Sovetlər İttifaqı dönəmində gündə bir havaya oynayan, yalnız hakim ideologiyanın sifarişi ilə “əsərlər” yazan “yazıçıları” özünəxas ustalıqla tənqid edirdi. Yazıçı Azərbaycanın gələcəyinə böyük ümidlər bəsləyirdi: “... Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Çünki Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni təlatümünün coşub kükrəyən dövrüdür”. Sənətkar şəxsiyyətinə və onun bəşəri məzmun kəsb edən əsərlərinə yüksək dəyər verən ustad sənətkar yazırdı: “Dünyada böyük sənətkarlar çoxdur və onların böyüklük dərəcəsi də müxtəlifdir, lakin hər xalqın öz dahisi, öz sənət ulduzları vardır, bu ulduzlar, ilk növbədə öz doğma xalqları üçün əzizdir, çünki onların işığı həmin xalqlara aydınlıq, fərəh və sevinc gətirmişdir”. Bu gözəl fikirlər “hər bir əsərim ömrümün bir parçasıdır” deyən ustad sənətkarın çoxçeşidli yaradıcılığının bədii-estetik özəlliklərini bütün dolğunluğu ilə özündə təcəssüm etdirir. Uzun ömürlü əsərlərində xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini, istiqlaliyyətini tərənnüm edən müqtədir sənətkarımızın əbədiyaşar sənətinin işığı bu gün də gənclərimizin həyat yoluna işıq saçır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!