Salyanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Mayın 25-də Əlibəy Hüseynzadə adına Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi çərçivəsində Azərbaycan ədəbi, ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy Hüseynzadəyə həsr olunmuş "İstiqlal aşiqi" adlı dəyirmi masa keçirildi.

Tədbir "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutdu.

Mərasim iştirakçıları öncə XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin abidəsini ziyarət etdilər.

Tədbir iştirakçıları daha sonra rəsm sərgisi, həmçinin, Əli bəy Hüseynzadə və Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında kitab sərgisi, eləcə də Əli bəy Hüseynzadənin Türkiyədən gətirilərək Azərbaycan İstiqlal Muzeyinə hədiyyə olunmuş şəxsi əşyalarının fotosərgisi ilə tanış oldular.

Tədbir Dövlət himninin ifa olunması ilə başladı.

Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə tutduğu önəmli mövqeyindən danışdı. Vurğuladı ki, ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir bir dövlət kimi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti gələcək müstəqil Azərbaycanın qurulması üçün bünövrə rolunu oynadı.

Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda keçilən çətin, eləcə də şərəfli yoldan danışdı.

Nazir qeyd etdi ki, Prezident İlham Əliyevin 2017-ci il may ayının 16-da imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncama əsasən cümhuriyyətin yaradılmasının 100 illik yubileyi respublikada və ölkəmizdən xaricdə dövlət səviyyəsində geniş qeyd edilir. Bu məqsədlə Mədəniyyət Nazirliyi də silsiliə tədbirlər keçirir.

Əbülfəs Qarayev vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Ölkəmiz 1991-ci ildə müstəqilliyinə qovuşaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz inkişaf yolunu seçdi. Bu yolda ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi.

Nazir Əli bəy Hüseynzadənin ölkəmizin fikir tarixində önəmli şəxsiyyətlərdən olduğunu vurğuladı. Qeyd etdi ki, Əli bəy Hüseynzadəyə məxsus əşyalar, sənədlər bir neçə il öncə qızının qərarı ilə Azərbaycana gətirildi. Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə Əli bəyin qızına Dostluq ordeni verildi.

Əbülfəs Qarayev daha sonra Əli bəy Hüseynzadənin çəkdiyi rəsm əsərini Əlibəy Hüseynzadə adına Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyinə verilməsi üçün Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova təqdim etdi.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxışında Şərqin böyük elm xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin böyük ideoloqu Əli bəy Hüseynzadənin türkləşmə, islamlaşma, müasirləşmə kimi ideoloji triadanın müəllifi olduğunu vurğuladı. O, Əli bəy Hüseynzadənin nəinki Azərbaycanda bütün türk dünyasında geniş tanındığından, onun irsinin bütün türkdilli ölkələrdə həvəslə öyrənildiyini xüsusilə vurğulayaraq bütöv türk dünyasının ideoloqu səviyyəsinə yüksəldiyini bildirdi.

Milli Məclisin deputatları Fəzail Ağamalı, Əliağa Hüseynov, Təfəkkür Universitetinin rektoru Rahim Hüseynov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdiyini vurğuladılar. Qeyd olundu ki, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Tarixçilərə bu istiqamətdə verilən tövsiyələrlə yanaşı, Bakıda "İstiqlal" abidəsinin ucaldılması, hər il may ayının 28-də Respublika Gününə həsr olunmuş qəbulun keçirilməsi Prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstəricisidir.

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından, mübarizə yolundan geniş danışdı. Qeyd etdi ki, Əli bəy Hüseynzadə türk millətinə milli kimliyini aşılayan ilk böyük şəxsiyyətlərdəndir. O, "Türklər kimdir və kimlərdən ibarətdir?" məqaləsi ilə türk xalqlarının etnoqrafik xəritəsini cızıb. Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub, Əhməd bəy Ağaoğlu ilə birlikdə görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi sayəsində "Həyat" qəzetinin nəşrinə başlayıb. "Həyat" qəzetində, eləcə də baş redaktoru olduğu "Füyuzat" jurnalında Azərbaycan ədəbiyyatının və jurnalistikasının görkəmli nümayəndələrini ətrafında birləşdirməyə nail olub.

Sonda Əli Bəy Hüseynzadə irsinə həssas münasibətinə, milli məfkurə dalğasının qorunmasındakı xidmətlərinə görə Mədəniyyət naziri Əbülfəs Qarayevə Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti"nin birgə təsis etdiyi "Əli Bəy Hüseynzadə" mükafatı təqdim edildi.

Eyni zamanda, bu ödüllə bütün dönəmlərdə Hüseynzadələr nəslini ləyaqətlə təmsil etdiyinə görə tibb professoru Rahim Hüseynov da mükafatlandırıldı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!