Mayın 25-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın Cümhuriyyət illərindəki fəaliyyətinə həsr edilmiş “O böyük istiqlal bəstəkarı idi!” adlı tədbir keçirilib.
Ev-muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Üzeyir bəyin Cümhuriyyət dövründəki fəaliyyətindən danışıb. Bildirib ki, Cümhuriyyətin himninin musiqisini bəstələyən dahi bəstəkar həm də güclü qələmə, dərin mühakimə, kəskin müşahidə qabiliyyətinə malik publisist və jurnalist kimi də fəaliyyət göstərib.
Tədbirdə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton janrının Üzeyir bəyin ədəbi irsində əhəmiyyətli yer tutduğunu vurğulayıb. Bildirib ki, Cümhuriyyət illərində “Azərbaycan” qəzetinin baş redaktoru olan Üzeyir bəyin zəngin yumoristikası vaxtilə “Ordan-burdan”, “O yan-bu yan” rubrikası altında dərc etdirdiyi yazılarda özünü aydın göstərirdi. Onun “Bazar söhbəti”, “Məzhəkə”, “Təhsil” kimi satirik hekayələrini, “Rəfiqimdən məktub”, “Üçüncü dəllək”, “Məclisimizin duzu”, “O, heç”, “Tərəqqi və gerilik”, “Ha fikir edirəm, başa düşmürəm!” felyetonları dövrünün ən mühüm problemlərinə həsr edilib. Həmin yazılar publisistik məziyyətləri, ictimai-siyasi məzmunu və bədii dəyərləri ilə seçilirdi. Bu silsilədən olan məqalələrdə Üzeyir bəy Bakı Şəhər Dumasının “fərsiz deputatlarını” rüsvay edir, tutduqları mənsəbə layiq olmadıqlarını, siyasi mövqelərinin sürüşkənliyini, saxtalığını açıb göstərirdi. Fəaliyyətsiz “qlasnıları” barsız ağaclara bənzədirdi.
Natiq bildirib ki, Üzeyir bəy Hacıbəylinin çoxşaxəli yaradıcılığı ilə hərtərəfli tanış olduqdan sonra onun ayrı-ayrı qollarının bir mənbədən qaynaqlandığını, hamısının da bir-birinə sıx bağlı olduğunu yəqin edirsən. Müəllifin “Dövlət Duması”, “Ata və oğul”, “Kələkbazlar”, “Üçüncü dəllək”, “Məzhəkə”, “Müalicə”, “Moizə” və digər qaravəlli və satirik miniatürlərini oxuduqca aydın olur ki, bunlar ədibin sonrakı möhtəşəm əsərlərinin bir növ müqəddiməsidir. Bu yazılar həm də Üzeyir bəyin qorxmaz, cəsarətli bir insan olduğunu təsdiqləyir. Onun böyük istedadının bir göstəricisi də odur ki, əsərləri hansı zamanda oxunsa, sanki həmin dövrün qüsurlarını, problemlərini açıqlayıb.
Tədbirdə Əməkdar İncəsənət Xadimi, bəstəkar Aydın Dadaşov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Üzeyir bəyin ailə qohumu Əhməd Ağdamski və başqaları onun bəstəkar olmaqdan əlavə həm də güclü qələmə malik, publisist yazılar müəllifi olduğunu vurğulayıblar.
Sonda Əməkdar Artist Yaqub Zurufçunun ifasında bəstəkarın “Sevgili canan” romansı və “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında bəstəkarın vaxtilə dərc edilən felyetonları səsləndirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!