Heç nədən ailələr dağılır, insanlar uzun illər bir-birindən ayrı düşürlər, faciələrə düçar olurlar, hüquqlar tapdanır, əzilirlər, bədbəxtliklərə məruz qalırlar. Kimlərsə onlara yol göstərməlidir, məsləhət verməlidir, hallarına yanmalıdır, kömək etməlidir. Axı bu missiyaları həyata keçirmək - kimə isə əl uzatmaq, kimə isə həyan olmaq, kiminsə dərdinə şərik çıxmaq nəcib və savab işdir. İnsanların hər yerdən əli üzüləndə televiziyalara, qəzetlərə üz tuturlar. Beləliklə, onların dərdləri ictimailəşir. Hərə özü üçün yaşasa, cəmiyyət tamamilə dağılar!
Bu fikirlər tanınmış nasir və publisist Xeyrəddin Qocanın yenicə çapdan çıxmış “Yazdıqlarım... Yazılanlar...” kitabında yer alıb.
Yazıçının əvvəlki kitablarına daxil edilməyən, lakin mətbuatda və müxtəlif nəşrlərdə dərc olunan, son illər yazdıqları və haqqında yazılanlar bu yeni nəşrə salınıb ki, özü demişkən, “arada-ortada itib batmasın”...
Kitabın “Yazdıqlarım” bölməsində Xalq Yazıçısı Anar, Xalq şairləri Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Zəlimxan Yaqub, Xalq artistləri Habil Əliyev, Teymur Mustafayev, Munis Şərifov, Ramiz Quliyev, gitara ustası Rəhman Məmmədov, naşir Əjdər Xanbabayev və başqaları haqqında maraqlı yazılarla yanaşı, tənqidi, publisistik məqalələr, C.Cabbarlı adına İrəvan-Azərbaycan Dövlət Dram Teatrının bəzi tamaşaları haqqında resenziyalar və s. yer alıb. Məsələn, “Televiziyada görünmək dərdi”, “Tozdan silkələnmək, təmizlənmək gərək”, “Səviyyəli kim, səviyyəsiz kimi”, “Millətə ekrandan vurulan zərbə”, “Heç nə əbədi deyil, bircə sənətdən başqa” və digər yazılar sərlövhələrdən də göründüyü kimi aktual məsələlərə həsr edilib.
“Bizim “Bakı” – “Baku” qəzetləri...” məqaləsində oxucunu redaktor Nəsir İmanquliyevin rəhbərlik etdiyi dövrdə bu mətbuat orqanının ətrafında formalaşmış yaradıcı mühitlə tanış edən müəllif sonda yenə mühüm problemə toxunur: “Deyirlər, indi qəzetləri almırlar, oxumurlar. Burada bir həqiqət var. Oxuyan oxuyur, oxumayan da oxumur. Lakin “Bakı” – “Baku” qəzetlərini əvvəlki səviyyəsində buraxsınlar, görün, köşklərdə həmin qəzetlərin bircə sayı qalırmı?”
Qeyd edək ki, Xeyrəddin Qocanın bu məqaləsi “525-ci qəzet”in 2007-ci il 14 iyul nömrəsində dərc edilib.
“Xeyrəddin Qocanın yumoristik hekayələrində Mixail Zoşşenkodan da, Əziz Nesindən də, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var. Lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz onun özüdür, Xeyrəddin Qocadır”. Akademik, ədəbiyyatşünas Nizami Cəfərovun Xeyrəddin Qoca haqqında bu fikirləri Kitabın “Yazılanlar...” bölməsində verilib.
Bu bölməyə Xalq Şairi Qabil, Xalq yazıçıları Anar, Elçin, filologiya elmləri doktoru, professor Pənah Xəlilov, akademik İsa Həbibbəyli və başqalarının Xeyrəddin Qoca haqqında fikirləri, onun haqqında məqalələr daxil edilib. Müasirləri Xeyrəddin Qocanı müstəqillik dövrünün Azərbaycan publisistikasında öz mövqeyi olan, satirik nəsr və publisistikanın maraqlı nümunələrini yaradan qələm sahiblərindən biri kimi dəyərləndirirlər.
Düşünürük ki, tanınmış yazıçının “Bayramoğlu” nəşriyyat-poliqrafiya müəssisəsində nəfis tərtibatla çapdan çıxmış bu kitabı da oxucuların böyük marağına səbəb olacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!