Tartu şəhərində Azərbaycana həsr olunan romanın təqdimatı keçirilib

Estoniyanın Tartu şəhərindəki Vana Kuuste məktəbində Kersti Kivirüütün Azərbaycana həsr etdiyi “Küləklər şəhəri” romanının ilkin təqdimatı keçirilib. Yazıçı-tarixçi Kersti Kivirüüt bütün kitablarının ilk təqdimatını vaxtilə çalışdığı bu məktəbdə reallaşdırır.

Xəbər verilir ki, Kersti Kivirüüt qonaqlara Azərbaycan haqqında danışıb, Azərbaycandan olan həmkarları ilə layihələr çərçivəsində gördüyü işlərdən söz açıb.

Tədbir iştirakçılarına Azərbaycan haqqında slaydlar göstərilib. Qonaqlar Kersti Kivirüütün təqdimatında romandan ayrı-ayrı hissələri dinləyiblər. Sonda qonaqlara Azərbaycan çayı və şirniyyatları təqdim edilib.

Xatırladaq ki, Kersti Kivirüütün romanı “Bestseller 2017” ədəbiyyat müsabiqəsinin qalibi olub.

Mayın 27-də Tallinn şəhərində Rahva Raamat kitab şəbəkələri mağazasında romanın növbəti təqdimatı baş tutacaq. Estoniya yazıçısı təqdimatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!