Astanada “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mayın 16-da Astanada, Qazaxıstanın Birinci Prezidenti Kitabxanasında qazax dilində "Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub.

 

 

Lomonosov adına Moskva Dövlət Universitetinin tarixçi alimlərinin kollektiv əsəri olan bu kitab rus dilindən Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilib. Kitaba ön sözü vaxtilə ümummilli lider Heydər Əliyevin çox yaxın dostu olmuş Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb.

Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor əvəzi Мahmud Kasımbekov tədbiri açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü məhz Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi, Azərbaycan xalqının taleyi ilə bağlıdır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında ulu öndər haqqında çox qiymətli bir kitabın qazax dilinə tərcümə edilməsində əməyi olanlara minnətdarlığını bildirərək deyib ki, bu kitab Heydər Əliyevin uşaqlıq illərindən başlamış siyasi Olimpin zirvəsinə qədər keçdiyi yolu izləməyə, həm də bu böyük şəxsiyyətin nə qədər hərtərəfli olduğunu görməyə imkan verir.

Daha sonra tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nizami Cəfərov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli çıxış edərək ulu öndər Heydər Əliyev haqqında qazax dilində bu kitabın təqdimatının tarixi hadisə olduğunu vurğuladılar.

Kitabda ölkə rəhbərlərinin, dünya şöhrətli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin xatirələri ilə yanaşı, bəzi şəkillər də ilk dəfə dərc olunub.

Tədbir zamanı Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!