Mayın 15-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakı ofisində türk dünyasının böyük yazıçısı, görkəmli ictimai-siyasi xadim Çingiz Aytmatovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib.
Milli Məclisin deputatlarının, tanınmış ictimai-siyasi xadimlərin, elm və mədəniyyət adamlarının qatıldığı tədbirdə əvvəlcə Çingiz Aytmatova həsr olunmuş fotosərgiyə baxılıb.
TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, türk dünyası yaşadıqca Ç.Aytmatov dühasının yaratdığı söz körpüsü də əbədi olaraq yaşayacaq.
Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş edilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yazıçının yaradıcılığından söz açıb. Dünyada qırğız mədəniyyətinin uğurlarından danışan Anar deyib ki, bu mədəniyyətin dünyaya bəxş etdiyi ən ali dəyərlərdən bir də Çingiz Aytmatov olub.
Tədbir Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Bakıt Usupovun, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Çingiz Aytmatov barədə fikirləri ilə davam edib.
Görkəmli yazıçının ailəsi adından oğlu Askar Aytmatov çıxış edərək atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edib, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!