Əsası 1985-ci ildən ildə qoyulan, 1991-ci ildən isə yeni fəaliyyət mərhələsinə başlayan Mərmərə Universitetinin Türkiyyat Araşdırmaları İnstitutu Türkiyə Cümhuriyyətinin sərhədlərindən kənardakı türksoylu xalqların ədəbi-mədəni, siyasi, sosial, demoqrafik, iqtisadi durumlarını tədqiq etmək, eləcə də bu istiqamətdə mütəxəssislər yetişdirmək, kadrlar hazırlamaq sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Fəaliyyət göstərdiyi illər ərzində institut tərəfindən ölkə və beynəlxalq miqyaslı çox sayda tədbirlər - simpoziumlar, seminarlar, görüşlər, konfranslar təşkil edilmiş, məqalələr yazılmış, kitablar nəşr edilmişdir. İnstitutun hazırladığı tanıtım kataloqu bu tədqiqat mərkəzinin qısa müddət ərzində qazandığı uğurları geniş əks etdirir. Hazırda bu nüfuzlu tədqiqat mərkəzinin müdiri prof.dr. Okan Yeşilotdur.
Prof.dr. Okan Yeşilot maraqlı, zəngin həyat yolu keçmişdir. Mərmərə Universitetinin məzunu (1988-1992) Okan Yeşilotun keçmiş Sovet İttifaqı ərazisindəki türk xalqlarının şanlı, qədim tarixinə, zəngin mədəniyyətinə böyük marağı və vurğunluğu əvvəlcə onu Bakıya gətirmişdir: o, 1995-96 illərdə Bakı Dövlət Universitetində araşdırmalar aparmış, sonra - 1997-98-illərdə Türk-Qazax Xoca Əhməd Yasəvi Universitetinin Çimkənd bölümündə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. "Çarlıq dövründə Azərbaycan tarixi" mövzusunda tədqiqatlar aparan O.Yeşilot Azərbaycanın müstəqillik illərindən - 1991-ci ildən sonrakı dövrləri ilə bağlı da araşdırmalarla məşğul olmuşdur. Geniş tədqiqat sahəsinə malik olan alim 1999-cu ildə Mərmərə Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunda "Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyətləri" mövzusunda namizədlik, İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" adlı doktorluq dissertasiyalarını müdafiə etmiş, nüfuzlu elmi jurnallara məqalələr yazmışdır. Çoxşaxəli və məhsuldar elmi fəaliyyətlə məşğul olan O.Yeşilotun digər türksoylu xalqların tarixi, mədəni həyatı ilə də bağlı maraqlı tədqiqat əsərləri vardır.
Prof.dr. Okan Yeşilotun "Şahın ölkəsində rus çarı I Pyotrın İran elçisi Artyom Volınskinin Qafqaz raporu", "Həsən bəy Zərdabi və onun "Əkinçi" qəzeti", "Avrasiyanın yüksələn ulduzu Qazaxıstan", "Atəş çəmbərində Azərbaycan" və digər əsərləri, eləcə də onun redaktorluğu ilə nəşr olunan "İrəvan türkləri" kitabı həm elmi dəyəri, sanbalı və aktuallığı ilə diqqəti çəkir, həm də mədəni irsimizin, tariximizin tanıdılmasına və təbliğinə layiqli töhfədir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!