"Mənim əsərlərim mənim şəxsiyyətimə bənzəyir". Neçə gün idi ki, Elçin Əfəndiyev haqqında yazmaq istəyirdim, bu fikir başımda dolaşırdı; bəlkə də bunu kimsə deyib, bilmirəm. Ağlıma gələni dedim - başıma da gəlsə, qürur duyaram!
Onunla cəmi ikicə dəfə təmasda olmuşam: birinci dəfə Astarada, Mədəniyyət evində. Anarla birlikdə xalqın görüşünə gəlmişdi. (Təəssüf ki, indi xalq əyalətlərdə tanınmış yazıçılarla görüşlər üçün tamarzıdır!). O görüşü mən aparırdım. Hamımız tanınmış, cavan, enerjili Azərbaycan yazıçılarını canlı görürdük, dinləyirdik, eşidirdik. Ayrı aləm idi - əsərlərindən tanıdığın yazıçıyla canlı söhbət edəsən, sual verəsən, cavab alasan, onun sənə, ətrafdakılara, həyata, insani dəyərlərə, ölümə... münasibətini və xüsusi vurğulayım ki, fərqli baxışlarını öz ağzından eşidəsən, təbii təbəssümünü, gözlərinin gülən rəngini, sevinc işartılarını, yaşından, çəkisindən ağır ləngərli yerişlərini görəsən, ağır başlı kişilər sayağı hikmətli sözlərinə... qulaq asasan... Vallah, ayrı aləm idi! Həmin görüşün humanist duyğuları indi də içimdə dolaşır.
Elçin Əfəndiyevi ikinci dəfə Mərkəzi Komitə Aparatında işləyəndə görmüşəm. Yenə Anarla birlikdə gəlmişdi; bu dəfə çox həyəcanlı və gərgin idilər, dost itirmişdilər - mənim də yaxşı tanıdığım, tanınmış Azərbaycan ziyalısı Araz Dadaşzadə Moskva xəstəxanalarının birində vəfat etmişdi, cənazəni Bakıya gətirmək lazım idi. Bazar günüydü, Aparatda tək-tük adam vardı. Mən MK katibinin köməkçisiydim, təbii ki, yerimdəydim; katib müşavirədə, mərhumun ailəsi isə qərib bir şəhərdə əziz-girami adamını itirmişdi, cənazə ilə baş-başa qalmışdı. Belə bir zamanda humanist dost sədaqəti, dost köməyi lazım olur. Elçinin və Anarın son dərəcə üzüntülü, həyəcanlı və gərgin səylərini gördüm, içimdə bu böyük yazıçıların şəxsiyyətinə yenidən heyranlıq hissləri oyandı. Moskvadakı nümayəndəliyimiz "telefon atəşinə" tutuldu (o zamanlar mobil telefonlar yox idi!), istirahət günü onları yerində tapmaq müşkül məsələydi. Nəhayət, günün axırına kimi cənazə onların israrlı və gərgin səyləri nəticəsində Bakıya gətirildi...
Bu görüşlər və daha sonralar onun şəxsiyyəti barədə Söhrab əmidən tez-tez eşitdiyim xoş sözlər, habelə, yaxın qələm dostlarımın yazıçının xeyirxah əməllərindən ağızdolusu danışması Elçin Əfəndiyevin humanist Şəxsiyyət obrazını yaddaşıma əbədi yazdı. Halbuki, mən bütün bunlara qədərki Elçini də tanıyır və sevirdim - Yazıçı kimi!
Təfərrüata varmadan Elçin Əfəndiyevi yazıçı kimi də xarakterizə etmək gücüm olsa, qısaca bunları deyə bilərəm: o, müasir Azərbaycan ədəbiyyatının ən məhsuldar simalarından biridir. Onun çoxşaxəli ədəbi və ictimai fəaliyyəti sözün əsl mənasında təqdir olunmalıdır.
Struktur baxımından yanaşsaq, adətən, yazıçının bədii dünyası ideyalar, motivlər və bədii reallıqlar üzərində qurulur. Bu sxem qəlib olmasa da, bütün hallarda bu və ya digər dərəcədə yazıçının bədii təxəyyülü və düşüncəsindən süzülən məhsullarda özünü göstərir, insan-varlıq-dünya-ölüm əlaqələri və münasibətləri barədə yazılan əsərlərin əksəriyyətində ona əməl olunur. Bəlkə də belə bir sxem olmasaydı, maraqlı tarixi-fəlsəfi romanlar yaranmazdı. Elçinin "Ağ dəvə", "Mahmud və Məryəm" və "Ölüm hökmü"ndən tutmuş sonuncu "Baş" romanı da daxil olmaqla, təxminən, bu strukturla qurulan bütün əsərləri ilk baxışdan mürəkkəb görünür, əslində isə rəvan, səlis formada keçmişlə bu günün tarixi bağlantılarını yaradır, ictimai-siyasi motivlər üstündə, zaman və məkan çərçivəsində sadə bədii həqiqətləri məharətlə söyləyir. Tarixi faktlar bugünə və gələcəyə bədii təxəyyülün gücü və köməyilə daha mötəbər və daha dəqiq ötürülür.
Elçinin yeniyetməlik çağlarımdan ta bu günə kimi oxuduğum hekayələrinin ("Qatar. Pikasso. Latur.", "Beş qəpiklik motosikl", "Qırmızı ayı balası", "Baladadaşın ilk məhəbbəti", "Qış nağılı", "Bu dünyada qatarlar gedər", "Beş dəqiqə və əbədiyyət", "Gül dedi bülbülə", "Ömrün son səhəri", "Stalinin ölümü" və s.) demək olar ki, bütün elementlərində bədii-psixoloji lirizmlə yanaşı, incə sarkazm, estetika və fəlsəfə var. Mən onu Əziz Nesinlə, rus nəsrinin böyük simaları Paustovski və Buninlə də müqayisə edərdim. Ola bilsin bu müqayisələrim avam görünsün, bunlar mənim hazırlıqlı oxucu kimi duyduqlarımdır. Və bunu da əlavə edirəm ki, onun nəsrində bədii fəlsəfə bəlkə də bundan ibarətdir ki, o, sadəcə, xarakterik motivlər, obrazlar, ənənəvi (ya da qeyri-ənənəvi!) formalar yaratmır, özünəməxsus nəqletməni lirik-psixoloji çalarlarıyla, çoxqatlı və çoxmənalı rəngləriylə oxucuya ötürə bilir; düşünürəm ki, biz belə yazıçılarımızın əsərlərini sürətlə tərcümə etməli, dünyaya yaymalıyıq.
Azərbaycan ədəbiyyatında Elçin silsilə obrazlar yaradıb, bu obrazlar vasitəsilə nasir sözünü deyə bilib və böyük ədəbiyyatda qalmaq haqqını qazanıb. Elçin xüsusi bədii zövq yaratdı və onu formalaşdırdı. Bu isə böyük zəhmət və istedad bahasına başa gəlir. Yazıçı kimi onun bəlkə də ən böyük xidmətlərindən biri də elə budur. Gənc tədqiqatçılar bunları nəzərə ala bilərlər.
Mən Elçin müəllimi - gözəl yazıçı və şəxsiyyəti, yubileyi münasibətilə təbrik edirəm, ona möhkəm cansağlığı, uzun ömür, yorulmaz ədəbi və ictimai fəaliyyətində bundan sonra da tükənməz enerji arzulayıram.
1 may, 2018-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!