Böyük ədəbiyyatın təmsilçisi

Fikir verirsinizsə, son vaxtlar ixtisaslaşmış dərgilərdə, ədəbiyyat konfranslarında, lap elə sosial şəbəkələrdə aparılan müzakirələr "ultrayeni", "postmodern" mətnlərin taleyi ilə bağlı yaxşı heç nə vəd etmir.

Postmodern ədəbiyyatın öyrənilməsi üzrə təşkil olunan proqramlar, əsasən, köhnə kitablara istinad edir, bu isə o deməkdir ki, burada hər şey öləziyib, yenilənmə getmir.

Mürəkkəb rebusu, pazlı, kompyuter oyununu xatırladan mətnlər yazıb, oxucudan intellektual səviyyə, mədəni hazırlıq, nə bilim, həyat təcrübəsi, necə deyərlər, bekqraund tələb etmək mənə heç vaxt məntiqli gəlməyib. Gecə-gündüz piar edilən, amma ən "hazırlıqlı" oxucuları belə çaşbaş salan mətnlərin nə üçün yazıldığını hamımız bilirik.   

İndiki diskussiyalar bir vaxtlar ədəbiyyatda gözümçıxdıya salınmış "səmimiyyət" mövzusunun yenidən aktuallaşdığını göstərir. Bunu illər uzunu bütün dünyada ədəbi cameyəyə sırınan tələblərə qarşı demarş kimi qiymətləndirməyə dəyməz. Ona görə ki, sən demə, müəllif ölməyib, dipdiridir və əsərin uğurunu müxtəlif texniki priyomlar, eksperimentlər, intertekstuallıq oyunlarından daha çox, müəllifin öz iradəsi, istedadı, mövqeyi, yanaşma tərzi, üstəlik, şəxsiyyətinin miqyası və özəllikləri müəyyənləşdirir.

***

"Heç vaxt çərçivələri şüurlu şəkildə dağıtmamışam, sadəcə, ayrı cür yaza bilməmişəm"; "Ədəbiyyata cərəyanlar çərçivəsindən baxmıram və düşünürəm ki, bu, ədəbiyyat üçün göstərici deyil" - yazıçı Afaq Məsudun məşhur "Duyğular imperiyası"ndan götürdüyümüz bu təsbitlər yuxarıda söylədiyimiz fikirlərin çox gözəl illüstrasiyasıdır. Yazıçıları, ağına-bozuna baxmadan, bu və ya digər ədəbi cərəyana aid etmək ədəbiyyatşünasların, ədəbiyyat tənqidçilərinin işidir. Mən müasir dünyada öz yaradıcılığını hansısa "izm"ə aid edən ciddi qələm adamı tanımıram. Bu yanaşma ədəbiyyatla gerçəklik arasındakı estetik baryerləri aşmaq üçün ən effektli resursdur.

"Baş qəhrəmanı qadın olan əsərlərimin çoxu bioqrafikdir, bu barədə dəfələrlə demişəm. Əlbəttə, yazıçı, ya rəssam ilk növbədə özünü yazır, çəkir. Bu, yaradıcı stixiyanın özünun tələbidir" - Afaq Məsudun bu sözləri eskapizmi ədəbi kateqoriya, hətta mütləq dəyər səviyyəsinə qaldırıb, anlamsız mətn quraşdırıb, bunu zövqlü yaradıcılıq aktı kimi təqdim etməyə çalışanlara xoş gəlməyə bilər. Lakin deyildiyi kimi, bu, yaradıcı stixiyanın tələbidir. Burada Floberin "Madam Bovari - mənəm" ifadəsi yada düşür. Sözsüz, bu ifadə Emma Bovari obrazının yalnız təxəyyül məhsulu olduğunu, heç bir prototipinin mövcud olmadığını vurğulamaq məqsədi ilə də səsləndirilə bilərdi. Amma ən populyar şərh bundan ibarətdir ki, Bovari - ədəbi xarakter kimi, yazıçının öz daxili dünyasını əks etdirən personajdır. 

"Duyğular imperiyası"nı maraqlı və oxunaqlı edən məqamlardan biri də esse qəhrəmanının məhz yeganə düzgün dəyərləndirmələrə və ya təsbitlərə iddia etməməsi, yaxud onun subyektivizmidir. Subyektiv olmağı bacarmayan qələm adamları mənə həmişə maraqsız gəlib. Çünki arzuladığımız "hazırlıqlı" oxucu çox zaman müəllifin subyektiv baxışları və yanaşmaları ilə tanış olmaq istəyir. Həm də ona görə ki, pafos, yalançı həyatsevərlik və yersiz ritorika ədəbiyyatın düşmənidir. Məsələn, "İnsan, onun bu dünyada mövcudluğu, dünya və kainat barədə bildiklərim məndə bu dünyaya bir də qayıtmağa maraq yaratmır" - bəlkə də, hansısa mədəni kodlarla, üfürə-üfürə saxladığımız kitabların təlqin etdiyi, insana ürək-dirək vermək məqsədi güdən fikirlərlə uyuşmur, amma şəxsən mənə olduqca tanış hissdir.

Afaq Məsud "condition humaine" ("insan situasiyası") qavramını real boyalarla, əsrlərlə ehkamlaşmış qənaətlərin mental yaşına məhəl qoymadan, başlıcası isə, səmimi şəkildə ifadə edən az-az sənətkarlarımızdandır. Onun ədəbiyyatımızdakı yerini və mövqeyini müəyyənləşdirən məqamlardan biri də çeşidli ədəbi illüziyalardan kənarda dayanmasıdır. Mövlana nahaqdan yazmayıb ki: "Qələmin rüzgardan, kağızın sudandırsa, nə yazsan yox olacaq". Afaq Məsud bunu bildiyi üçün ədəbiyyatımızda həmişə var olacaqdır.

***

Afaq Məsudun "Dovşanın ölümü" hekayəsi ədəbiyyatımızda həcmcə kiçik, lakin roman potensialı daşıyan ən uğurlu əsərlərdəndir. Etiraf edim ki, onun əsərlərinin çoxunu məhz bu hekayə ilə tanış olduqdan sonra oxumuşam. Bu hekayədə "həyat və ölüm" fəlsəfi konflikt rolunda çıxış edir. Adi məişət hadisəsi - dovşanın ölümü son dərəcə təsirli bədii hadisəyə çevrilir. Burada təsvir olunan situasiya maraqlı həyat dramını əks etdirən özünəxas güzgü rolunu oynayır. Ölüm - burada güzgünün arxa hissəsi, qaranlıq tərəfidir ki, bunsuz heç nəyi görmək mümkün olmazdı… Yazıçının digər hekayələri və  "Dəfn", "İzdiham", "Azadlıq" və s. romanları da məhz bu cür bədii paradiqmaya əsaslanır. Odur ki, yazıçının arxa planda olan qəhrəmanlarının belə öz qabarıq xarakteri var.

Böyük ədəbiyyatı "kiçik" ədəbiyyatdan fərqləndirən odur ki, ikinci adətən hansısa fərdin əhvalatını danışır, əsl ədəbiyyat isə, insan tiplərindən bəhs edir. Bu tipləri görmək, onların dünyasını qələmə almaq hər yazıçıya nəsib olmur. Mübaliğəsiz deyirəm, Afaq Məsud böyük ədəbiyyatın təmsilçisidir.

***

Dəfələrlə şahidi olmuşam: Rusiya və Türkiyədə, keçirilən ədəbi məclislərdə mötəbər qələm adamları onun ayrı-ayrı əsərləri haqqında olduqca yüksək fikirlər səsləndiriblər. Təsəvvür etmək çətin deyil, onun yerinə başqası olsaydı, bu fikirlər ölkənin bütün qəzetlərinin manşetini bəzəyərdi. Amma Afaq Məsud bunun üçün heç barmağını da tərpətməyib. Məncə, onun yazıçı obrazına bu ştrixi də əlavə etmək yerinə düşür.

Etimad BAŞKEÇİD


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!