Əziz Elçin müəllim
Sizi, qloballaşan müasir dünyanın ən sivil yazıçılarından birini, görkəmli ictimai xadimi, milli bədii təfəkkür fenomenini şərəfli yubileyiniz münasibətilə səmimi dost və qardaş məhəbbətilə təbrik edirəm!
Sizin yazıçı və filoloq alim kimi dərin və çoxcəhətli yaradıcılığınız, böyük ənənələri olan türkçülük və azərbaycançılıq üzərində təməl tapıb. Siz böyük yazıçı İlyas Əfəndiyevin genindən və sənət məktəbindən əxz etdiyiniz mənəvi dəyərləri yüksək müasirlik duyğusu ilə bədii yaradıcılığa gətirmisiniz. Onun əsasını qoyduğu yeni ədəbiyyatın - 60-cı illər ədəbiyyatının yaradıcılarının ön sırasında İ.Hüseynov, S.Əhmədli, Anar, M. İbrahimbəyov, Y.Səmədoğlu, İ.Məlikzadə ilə birlikdə sizin möhtəşəm adınız dayanır.
Mən sizinlə düz 40 ildir ki, (1978) ünsiyyətdəyəm. Bədii və elmi yaradıcılığınız haqqında onlarla məqalə, ədəbiyyatşünas dostum Vəfa Xanoğlanla birgə "Ədəbi-proses və ədəbi nəsil" kitabını yazmışam. Demək istəyirəm ki, qırx ildir yaradıcılığınızı izləyirəm. Bir tənqidçi kimi mənim üçün yazıçı Elçin "Baladadşın ilk məhəbbəti" hekayəsindən başlayır. Əlbəttə, bu ilk əsəriniz deyil, sizi müasir ədəbiyyata daxil edən ilk yaradıcılıq uğurudur. Abşeron mirvarisi kimi totalitar sovet ideologiyası təpkisi altında ədəbiyyata gələn Baladadaşın aerodrom kepkası və çırpa-çırpa rəzalətdən uzaqlaşdığı nimdaş parusin şalvarı yarım əsrdən artıqdır ki, bizi əsarətdə saxlamış rejimə etiraz əlaməti kimi yaddaşıma həkk olunub. Yaradıcılığınızın zəngin bir hissəsi olan lirik-psixoloji hekayələrinizin əksəriyyətinə bu kontekstdə təhlil vermək olar. Onda məlum olar ki, siz niyə bizə doğma olan bu kiçik janrda M.Cəlil, Haqverdiyev,Y.V.Çəmənzəminli, S.Rəhimov, M.Cəlal, İ.Əfəndiyev ənənələrini davam etdirmiş 60-cı illər ədəbiyyatının məcrasında bu janrı bədii fəlsəfi təkamülündə xüsusi xidmət göstərmisiniz. Təsadüfi deyil ki, hələ ilk hekayələriniz haqqında XX əsrin korifey tənqidçiləri Məmməd Arif və Məmməd Cəfər yüksək fikir söyləmişlər.
Şübhəsiz ki, siz 60-cı illər nəslinin əsas üslubunun - lirik-psixoloji üslubun yaradıcılarından birisiniz. Lakin sizin üslubun uzun fərdi xüsusiyyətləri də vardır. Üç nöqtə ilə başlanan mübtədasız yarımçıq cümlələr hələ 70-ci illərdə təhkiyənizin ekspressivliyinizdən xəbər verir, yazıçı üçün vacib olan "Sözün yeri dar, mənanın yeri geniş olsun!" kimi məşhur prinsipin əyani ifadəsi idi.
Hələ ilk hekayələrinizdə ("Qatar. Pikasso. Latur." "Gümüşü, narıncı"), simvol, eyham fantasmaqoniya da var idi. "Mahmud və Məryəm", "Ağ dəvə" romanlarının çapından sonra məlum oldu ki, üslubunuzun alt qatında mifik-mistik elementlər də var. Mif, əfsanə, rəvayət, nağıl, yaradıcılığınızın təkcə predmeti yox, həm də milli-mənəvi ənənələrini təşkil edir. "Ağ dəvə" romanındakı Balakərimin tütəyi ədalətsiz dünyanın qəm nəğmələrini dilə gətirir. Ağ dəvənin ləpirlərində bitən ağ çiçəklər xalqı istiqlal ümidli sabaha aparır. Sizin romanlarda möhtəşəm epos modeli, epos üslubu var - "Mahmud və Məryəm" və "Ağ dəvə" epos təfəkkürünə köklənib. Həm təhkiyə, həm də bədii fəlsəfi idrak bu formatdadı. Bu da həmin əsərləri nağıllar kimi dastanlar kimi xalqa doğmalaşdırır.
Müstəqillik dövründə yazdığınız əsərlər milli-mənəvi yaddaşımızı bizə doğmalaşdırmaqdadır.
Sizin yaradıcılığınızda drammaturgiya xüsusi yer tutur. Bunun da tarixi "Poçt şöbəsində xəyal" psixoloji dramından başlayır. Faktiki olaraq son illər siz böyük dramaturqumuz İlyas Əfəndiyevdən sonra teatrda yaranan boşluğu aradan qaldırmağa nail olmusunuz. Mirzə Cəlilin "Dəli yığıncağı"ndan sonra səhnəyə sizin "dəlilər" gəlməyə başladı. Çünki artıq nə səhnədə, nə də həyatda ağıllılara yer yox idi, yaşamaq üçün dəli olmalı idin. Dəlilik yeganə çıxış yolu idi, ağıllı adamlar özünü dəliliyə vurdu. Sizin dəlilərdə bir az Koroğlunun dəlilərindən nişanə var, əksəriyyəti mərd və qeyrətli, namusunu itirməmək üçün ağlını itirən adamlardır. "Dəlixanadan dəli qaçıb", "Mənim ərim dəlidir" ... dəliliyin genelogiyası barəsində düşünməyə imkan verir. "Teleskop" pyesiniz bu dünyaya amansız ironiyadır.
"Baş" romanı XXI əsrin Azərbaycan-tarixi prosesində və sizin yaradıcılığınızda yeni mərhələ, bədi-fəlsəfi hadisədir. Romanın əlyazmasını oxuyub sarsılmışdım. Dərhal sizə ədəbi məktub yazdım. "Ədəbiyyat qəzeti" və "525-ci qəzet"də "Tarixi mövzuda psixoloji roman" və "Başın səyahəti" adları ilə çap olunub. O yazının birinci cümləsi belə idi: "Baş" başsızlıq haqqında romandır. Başsızlıq olan yerdə dəlilik meydan sulayır. Romanın iki bədii-psixoloji müstəvisi var: bir başın romanı, bir də "O"nun romanı. Başın romanı (onunla bağlı tarixi hadisələr) əslində "o"nun romanı üçün vasitədir. Bu roman haqqında onlarla dəyərli tənqidi məqalə yazıldı. Fəqət onun əsl təhlili hələ tezdir, zamana möhtacdır...
Bizim ədəbiyyatda yazıçı-tənqidçi tipi mövcuddur. M.F.Axundzadə, A.Şaiq, M.Cəlal, M.Hüseyn, M.İbrahimovdan sonra bu missiyanı yüksək səviyyədə siz icra edirsiniz. Siz 60-cı illər intekllektual tənqidinin yaradıcılarından birisiniz. Yaşar Qarayev, Asif Əfəndiyev, Akif Hüseynov kimi həmkarlarımızla birlikdə bu tənqidi nəzəri metodoloji və estetik prinsiplərini formalaşdırmısınız. Sizin tənqidiniz çox dinamikdir, ədəbi prosesə real təsir gücünə malikdir. Siz bədii mətni hiss edir, onun poetik, leksik, semantik və struktural təhlilini verirsiniz. Hərdən mənə elə gəlirdi ki, tənqidçi Elçin yazıçı Elçindən güclüdür, təfəkkürü təxəyyülündən üstündür. Etiraf edim ki, "Baş" romanını oxuyandan sonra bu fikirdən daşındım. "Baş" hər şeyi vurub dağıtdı. "Baş" dünya romanının bədii-fəlsəfi səviyyəsini müəyyənləşdirən müasir Azərbaycan romanıdır...
Sizin yaradıcılığınızın bədii-fəlsəfi pafosunun ideya-poetik konsepsiyasını kəskin müasirlik təşkil edir. Bu müasirliyin cövhərində zamanı qabaqlamaq cəhdi var. Buna hər şeydən əvvəl çevik bədii təfəkkürünüz və ondan da çevik, hüdudsuz bədii təxəyyülünüz imkan verir.
Sizə möhkəm cansağlığı və yaradıcılıq uğurları arzu edirəm.
Dərin hörmətlə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!