Bakıya çiskinli havalar qədəm qoyanda yeniyetmə və gənclik çağlarımın bəzi dönəmlərini yaşadığım Dəli dağın ətəkləri yadıma düşür. İstisu da, Kəlbəcər qəsəbəsinin özü də, Qoturlu dərəsi də, Taxta da, Ceyran düzü də eynilə bu cür olurdu. O yerlərin bir mənzərəsi də Bakının bu vaxtlarına çox bənzəyirdi. Oralarda lalələr boz dumanlar içində qızarardı, Bakıda isə axşamın toranında tıxaclara dirənmiş saysız-hesabsız maşınların qızaran işıqları göz oxşayır.
O yerlərdə çiskinli havalarda adamlar ya kiminsə evinə yığışar, ya da ki, o vaxtların darısqal, amma ki, dağ adamlarının ürəyi kimi geniş tutumlu çayxanalara toplaşıb sazdan, sözdən, sənətdən, havalardan, köçünü arana yola salmış yaylaq yerlərindən danışardılar. Ən qəribəsi və yadımda qalan bu idi ki, dəniz səviyyəsindən iki min metrə yaxın olan hündürlükdə yerləşən bu yerlərin insanlarının ən az danışdıqları söhbətlər siyasətdən olardı. Qəribə insanlar idi Kəlbəcərin o dövrünün insanları... Xatırladıqca gözlərim dolur, kövrəlmiyə bilmirəm. Həm də ona görə ki, Dəli dağın o üzünə aşsaydın, düşərdin mənim dünyaya gəlib, bir neçə il bəxtəvər yaşadığım Dərələyəz obalarına. Havası, suyu, yemliyi, cincilimi, quzuqulağı, əvəliyi, şıppırı, yarpızı, baldırqanı, sarı çiçəyi... Eh, nə qədər sayım? Adamın canını polad kimi bərk eləyirdi. Bir dəfə Bakıda pis xəstələnib, düşdüm xəstəxanaya. Həkim biləndə ki, harada dünyaya gəlmişəm, dedi ki: "Oğul, səni saxlayan sümüklərinə işləyən havaynan su oldu". Bir kəlbəcərli dostum var, gənclik illərimdə, hələ şeir yazmadığım vaxtlarda qoşmalarına həvəslə qulaq asdığım Əyyub. Onu Kəlbəcər camaatı "buxalter Əyyub" kimi tanıyır. Deyir ki: "Camaat elə bilir ki, üzümüz bərkdir ki, ölmədik. Yox, qağa, sümüyümüz bərkdir. Vətəndə olsaq da, bu qəribçilik sümüklərimizi boşaldacaq".
Çiskinli Bakı havalarında Kəlbəcəri düşünürəm. O illərdən hafizəmdə həkk olunmuş şair övladlarını - Bəhmən Vətənoğlunu, Sucəyəti, Şəmil Əsgərovu, Qəmbər Şəmşir oğlunu, Məmməd Aslanı, Əlövsət Ağalarovu düşünürəm. Yadıma, mənə hər zaman xoş münasibət bəsləyən Əvəz Şükürov düşür. Ona Kəlbəcər camaatı "Deputat Əvəz" deyərdi. Çünki kolxoz sədri işləyəndə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdi.
Öz kübarlığı və müdrik söhbətləri ilə məclisi ələ almaq məharətiylə seçilən ustad sənətkar Dədə Şəmşirin təşkil etdiyi saz-söz məclislərini xatırlayıram. O vaxtlar nə yaşım varıdı ki, mənim? Doqquzuncu, onuncu sinifdə oxuyan cılız, atasız qalmış bir uşağıdım. Heyran olurdum adlarını sadaladığım və təəssüf ki, bəzilərinin adlarını unutduğum söz adamlarının söhbətlərinə. Maraqla qulaq asır, hardasa onlara bənzəmək istəyirdim...
Yenə də bu gün, bax, bu çiskinli havada kitab rəflərimdə olan çox saylı şeir kitablarının içərisindən kəlbəcərli sənətkarların əsərləri toplanmış nəşrləri yığdım yazı masamın üstünə...
Çox qəribədir - Kəlbəcərdə çox az adama şair deyərdilər. Əksər hallarda aşıq deyərdilər. Dədə Şəmşirin doğma kəndi Ağdabandan olan Qurbana şair deyərdilər. O, gerçəkdən, çox gözəl şair olub. Oğlu Şəmşir aşıq kimi tanındı. Aşıq Şəmşirin övladları sazı və sözü çox yaxşı bilsələr də şair oldular. Şükr ki, aşıq Şəmşirdən xeyli söz inciləri qaldı. Əbədi düşmənlərimiz Ağdabana və bu gözəl kənddəki şair Qurban ocağına da od vurub yandırdılar. Yüzlərlə, minlərlə yüksək poeziya nümunələri olan qoşmalar, gəraylılar, müxəmməslər, bayatılar yanıb göylərə sovruldu. Kəlbəcərin istedadlı şair və aşıqlarının yaratdığı incilər burdakı ürəkləri deyil, səmadakı ulduzları isitmək üçün tüstüyə dönüb o bənzərsiz yurdları əbədi tərk etdilər. Şair Şəmil Əsgərovun yaratdığı "Daş muzeyinə" qədər hər şeyi məhv etdi xəyanətkar düşmənlərimiz. Nələri getmədi, kimləri məhv olmadı gözəl Kəlbəcərin!
Təəssüf ki, böyük Dədə Şəmşirin şair oğlu Qəmbər müəllimin məndə kitabları yoxdu. Kəlbəcərli dostum İmamverdi Cəfərov da vəd etdi, amma gətirib çaxarmadı.
Şəmşir ocağının çox dərin hörmətə malik olan varisi Cavid Qurbanovun kitablarını bir daha varaqladım. Və ustad Şəmşirin o uzaq illərdə, özü də bilmədən, mənə vermiş olduğu ustad dərslərinin qarşılığını ödəmək istərdim.
Mən Cavid Qurbanovun şeirlərinə yaxşı bələdəm. Şeirdən az-çox başım çıxdığı üçün bu yerdə böyük Türk şairi Nazim Hikmətin Azərbaycanın mütəfəkkir alimi və şairi Mikayıl Rəfiliyə yazdığı misraları xatırladım: "Şair ola bilərdin, Rəfili, professor oldun".
Cavid Qurbanov şair ola bilərdi deyil, şairdir! Eyni zamanda da dövlət adamıdır, mühəndisdir, Millət vəkilidir. Çox yüksək təşkilatçılıq bacarığına malik olan bir şəxsiyyətdir. Mən də uzun illər müxtəlif vəzifələrdə çalışdım. Amma, eyni zamanda şairliklə və qeyri-şairliklə məşğul ola bilmədim. Bəlkə bu, ona görədir ki, mənim nəslimdə-kökümdə şair olmayıb. Amma Cavid Qurbanovun şairlik mayası çox-çox uzaq illərdən yoğrula-yoğrula gəlir. Ona görə də Cavid Qurbanov üzərinə düşən vəzifələrin öhdəsindən gəldikdən sonra yorğun gözlərinin mürgüləri arasında çox maraqlı, istiqanlı və obrazlı şeirlər yaza bilir. Çünki Cavid müəllim möhtərəm dövlət başçımızın uzaqgörənliklə fərqlənən göstərişlərini uğurla yerinə yetirdikdən sonra, Azərbaycan sərhədlərinin hüdudlarını aşaraq "İpək yolu"nu yenidən yaşatmaq üçün uzanan polad relslərin üstüylə irəliləyən qatarların haralardan keçəcəyini düşünüb, kövrələrək deyə bilir:
Ömür keçir pərdə-pərdə,
həsrət bizi saldı dərdə,
dağlar qaldı Kəlbəcərdə,
dağlar bizim dağlar deyil...
Və kirpiklərindən sallanan göz yaşlarını silərək uzaqlara boylanaraq, müsahibələrinin birində dediyi kimi: "Haçansa Murovdan Kəlbəcərin Yanşaq kəndinə dəmir yolu çəkmək istəyi"nin tez bir zamanda gerçəkləşməsini düşünür.
O illərdə Kəlbəcərin və İstisuyun yolları çox ağır və xatalı idi. Sovet dönəmiydi, hər şey Moskvadan asılı idi. Azərbaycanın Cavid Qurbanov kimi vətənpərvər övladları da az deyildi. Amma Azərbaycanın öz müstəqil dövlətçiliyi yox idi. İndi isə var! Və tarix belə istək və arzuların həyata keçirilməsinə münbit şərait yaratdı. Az qalır, lap bir az qalır, rədd edərik əbədi düşmənlərimizi torpaqlarımızdan və Cavid Qurbanovun rəhbərliyi ilə nəinki ulu Murovdan qədim Yanşağa dəmir yolu, üstəlik İstisudan Bulannığa da asma yol çəkilər!
Cavid Qurbanov bir püxtələşmiş şair olsa da, özünə təxəllüs götürmədi. Varaqlayaq şair Cavidin "Yağışlı bir gün" kitabını:
Yollar çətin, hər döngədə tərəzi,
çoxlarının bilinməyir mərəzi,
mən olsam da bu dünyadan narazı,
keçənləri unutmayım, neyləyim?
Şeirin dərinliyinə varaq; döngə elə bir yerdir ki, arxasında qarşına nə çıxa biləcəyindən xəbərin olmur. Budur döngələrin "tərəziliyi". Və sən sanbalını, çəkini, şəxsiyyətini elə saxlamalısan ki, zamanın tərəzisi səni nələrəsə qurban vermiyə. Üstəlik, dünyadan narazı olsan da, "keçənə-güzəşt" deyərək olan pislikləri belə unutmağı bacarmalısan. Cavid Qurbanov həyatın qarşıya atdığı xırda problemlər qarşısında xırdalanmamağı ustad Şəmşirdən görüb-götürüb.
Kəlbəcər dağlarının yaylağını, payızını görməyən adam çətin ki, belə bir obrazlı deyilişə qələm çala bilərdi:
Ağaclar oxuyur vida nəğməsin,
tökülən yarpaqlar qəm pıçıldayır,
meşənin yolları xəzəl içində,
ayağım altında yer xışıldayır.
Yaylaqdan arana köç başlayıbdır,
yolları qoyunlu-quzulu payız,
mən yaza vurğundum bir zaman, Allah,
indi sevgilimdir qızılı payız...
Bax, budur Cavidi şair kimi kökdə saxlayan. Qayıdıram bayaqkı fikrimə - içində payız olmasaydı, Cavid Qurbanov belə həzin notlarda köklənmiş misralar yaza bilməzdi. Çünki o, üzərinə qoyulmuş dövlət tapşırıqlarını şəxsi mənafeyindən, hətta şairlik vergisindən də üstün tutan adamdır! Şair Cavidin içini oxudan payız həsrəti, Vətən təəssübü, itirilmiş (hələ ki, itirilmiş) və o torpaqlarda yaşayacaq yeni insanlarımız üçün yeni yollar salmaq arzusudur!
Görün şair həmin şeirin sonuncu bəndində nə deyir:
Kövrələn yarpaqlar sarı, qızılı,
yan-yörəm saralmış güldür, çiçəkdir,
Bilməzdim ürəyim haçansa mənim
yazı yox, payızı gözləyəcəkdir.
Nə deyəsən buna? Şairdir də!
Şair Cavid Qurbanovun incəsənətin bütün növlərinin əbədi mövzusu olan məhəbbət, sevgi mövzusuna öz münasibəti var, "Sevgi yolları" adlı şeirində olduğu kimi:
Sahildə göy dənizə
ürəyimi açıram.
Mən ölümdən qorxmuram,
sənsizlikdən qaçıram...
Şair sevgini ölümdən üstün tutur, ölümü öz sevgisiylə, vəfasını qoruyub saxladığı sevgisiylə hədələyir.
Nə qədər gözəldir "Yenə də sənsizlik" şeirindəki bu misralar:
Səhər açılmamış
yenə də axşam düşür.
Gecənin qaranlığında
mənim pəncərəm üşüyür...
Yox, qaranlıq üşütmür pəncərəsini Cavid müəllimin, içindəki həsrətin qaranlığı üşüdür bu pəncərəni. Və əsas budur ki, Cavid Qurbanovun əksər şeirlərində cansız əşyalara ruh verilir, bu əşyalar həyata vəsiqə alır. Küləyə toxunmaq olur, çeşmə insanla adam dilində danışa bilir:
Ağacların yarpağından
külək damcılar qoparır.
Elə bil ki, yağan yağış
mənim könlümü suvarır.
Ruhum dağda, özüm burda,
bu şəhərin dağları yox.
Külək gəzən, külək qovan
toz-torpaqlı bağları çox...
Çox yaza bilərdim, şair dostum, qələm yoldaşım, ulularına qəlbən bağlı olduğum şair qardaşım Cavid Qurbanovun yaradıcılığından. Əgər qələm adamı şairdirsə, onun şairliyini sübuta yetirməyə nə ehtiyac var?!
Məni çox kövrəldən aşağıdakı misralardan yazdıqlarıma son nöqtəni həkk etməzdən qabaq, şair qardaşıma Azərbaycan naminə, onun çiçəklənməsi naminə öz polad iradəsi ilə polad yolların salınmasında uğurlar diləyirəm. Ən pis iş insanın öz böyükləri qarşısında üzü qara olmasıdır. Hesab edirəm ki, (və təkcə mən deyiləm belə düşünən) Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun həm öz vicdanı, həm də Vətəni qarşısında üzüağdır. Çünki Kəlbəcər dağları öz insanlarını saflığa, dözümlülüyə öyrədib.
Cavid Qurbanov ona görə Bakıda vicdanla çalışa bilir ki, adsız bir şeirində yazdığı kimi:
Payız axşamında meşə sakit, lal,
deyəsən meşənin yuxusu gəlir.
Buralar bənzəyir bizim yerlərə,
bu yerdən Kəlbəcər qoxusu gəlir...
Doğma qoxudur Kəlbəcər qoxusu, yeniyetmə çağlarımdan sevdiyim Kəlbəcərin qoxusu. Şair Cavid Qurbanovun şeirlərindən Kəlbəcər meşələrinin təmiz nəfəsi, dumduru çeşmələrinin şəfalı sularının sərinliyi, qışda belə isti olan arı pətəklərinin dadlı, şirin, ballı ətri gəlir...
Böyük rus şairi N.A.Nekrasovun belə misraları var: "Savaşlar qoymurdu şair olmağa, nəğmələr savaşdan saxladı məni..."
Daşlı-kəsəkli, dərəli-təpəli, uçurumlu-sıldırımlı yerlərlə yollar çəkilir, dəmir yolları salınır. Cavid Qurbanov bu yollarla gah pay-piyada, gah isti və sərin vaqonlarda gedə-gedə haçansa Murovun ətəklərindən ulu Kəlbəcərin Yanşaq kəndinə çəkmək istədiyi dəmir yolları düşünür. Çox güman ki, bu yazını oxuduqdan sonra o, İstisudan Bulanlığa quş kimi uça-uça gələn asma yolun xırda vaqonlarını düşünəcək.
Uğurlar Sizə, şair və mühəndis Cavid Qurbanov.
Həmin bu vaqonlarda Kəlbəcər torpaqlarında görüşmək arzusu ilə,
23.04.2018
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!