Səfər Alışarlının yaradıcılığı barədə qeydlər
Olub ki, bir yerdə işləməyimiz səbəbindən hər gün görüşmüşük, olub ki, aylarla, hətta bəzən illərlə görüşə bilməmişik, əlaqələrimiz kəsilib. Amma mən onunla istedadlı, intellektli, işıqlı bir insan kimi həmişə maraqlanmışam, onu izləmişəm. Heç vaxt Səfər Alışarlı "mən qələm adamıyam" - deyib yaxasını kənara çəkməyib. Bir vətəndaş kimi, sıra nəfəri kimi müstəqil dövlətçiliyimizin bərpasında fəal iştirak edib. Elə buna görə də dəqiq müşahidələri əsasında Azərbaycanımızın çox həssas və təlatümlü tarixi dönəmini əks etdirən "Maestro" romanı kimi bir əsər ortalığa qoyub.
Təsadüfi deyil ki, son 15 il ərzində Azərbaycan nəsrinin uğurlarını izləyən, onunla maraqlananlar, xüsusilə qələm adamları bu romanı böyük diqqətlə oxuyur. Mənim fikrimcə, "Maestro" romanı Azərbaycan ədəbiyyatında bu janrın misilsiz nümunəsidir.
Səfər Alışarlını mən həmişə səmimi, riyasız, təbii, şüarçılıqdan, şablonçuluqdan uzaq bir yazıçı olaraq görmüşəm. Bu keyfiyyətlər onun irili-xırdalı bütün əsərlərinin özəyini təşkil edir və əsl bədii sənət əsərinin mayası, həqiqətən müəllifin ürəyində tutulursa, Səfər Alışarlı heç zaman ürəyinin qanıyla yoğrulmuş bu mayaya haram, saxtalıq, sünilik qatılmasına imkan vermir. Klassik dünya ədəbiyyatına yaxşı bələd olan S.Alışarlı ədəbi materialın emal qanunlarını, onun bədii-estetik mahiyyətini yoğurmağın qaydalarını gözəl bilir və sözün, bədii fikrin özünəməxsus energetikasını yaratmağa ustalıqla nail olur.
Səfər Alışarlı adi adamlardan, sadə adamlardan yazır. Amma onun qələmi adi adamların, sadə adamların nə qədər qeyri-adi, nə qədər mürəkkəb obrazlar olduğunu sübut edir. Ümumiyyətlə, Səfər Alışarlıda hadisəçilik, cəlbedici süjet qurmaq əllaməçiliyi yoxdur. O, adi gündəlik həyati hadisələri, sıravi məişət məsələlərini cazibədar yazı üslubu ilə o qədər peşəkarcasına, o qədər dərin bədii məntiqlə oxucusuna təqdim edir ki, bu mətnlərin sehrinə düşən ən pessimist adam belə yaşam şərtlərinin bütün ağırlıqlarına rəğmən dünyanı sevir, insan kimi yaşamağın necə də gözəl olduğunu bir daha dərk eləyir, həyatdan doya-doya həzz alır.
Səfər Alışarlı quru torpaqdan, adi məişət hadisələrindən qibtəediləsi dərəcədə yüksək əyarlı ədəbi mənzərələr yaradır: torpaq kimi sadə, münbit və bərəkətli Səfər Alışarlı nəsri. Onun nəsrini sevmək və ondan bəhrələnmək üçün müəyyən mənəvi səviyyə, mütaliə mədəniyyətinin olması vacib şərtdir. Onun üçün nədən yazmaq yox, necə yazmaq mühümdür. Dilin şəhdi-şirəsi, lakoniklik, antitəfsilatçılıq onun yazı manerasının özünəməxsusluğu və yaradıcılığının enerji mənbəyidir. Bu istedadlı qələm adamının bütün uğurlarının sirri, tilsimi, gücü həmin enerji mənbəyindən necə qidalanmasından və bir də söz yox ki, onun mənəvi yaddaşından, qan yaddaşından çox asılıdır.
Mənəvi yaddaşın, qan yaddaşının mütaliə ilə nə qədər bağlı olub-olmaması müzakirə mövzusu ola bilər, amma Allah tərəfindən istedad payı ilə mükafatlandırılmış şəxslərin vətəninə, millətinə, xalqına, hətta şəcərəsinə və bütünlükdə insanlara olan sevgisi onların mənəvi yaddaşının, qan yaddaşının formalaşmasında şəksizdir.
Mənəvi yaddaşın pöhrələrinə Səfər Alışarlının hekayəsində bol-bol rast gəlirik və bu mənəvi, həmçinin qan yaddaşının bir az əvvəl ötəri bəhs etdiyimiz, "Maestro" romanında mövzunun tələbindən doğan meydan genişliyi, nəfəs bolluğu sayəsində, sanki qəlibləri çatladıb sındırdığını da, bəndləri dağıtdığını da müşahidə edirik. Bu sındırıb-dağıtmaq, qətiyyən, nələrisə məhv etmək kimi başa düşülmür, yalnız ciddi-cəhdlə buxovlardan azad olunmağın yeganə xilas yolu olduğunu oxucuya aşılayır.
Sevindirici haldır ki, Səfər Alışarlının dili, üslubu, yazı tərzi əsərdən-əsərə təkmilləşir, hissələri, duyğuları, ictimai münasibətləri ifadə etmək manevrləri ciddi axtarışların nəticəsi olaraq get-gedə inkişaf edir, zənginləşir. Dərin intellektual məzmun daşıyır, milli-mental ənənələrin dairəsini daha da genişləndirir, mətnin bədii-emosional gücünü xeyli artırır və oxucuda yüksək bədii zövq formalaşdırmaqla yanaşı, ona yeni estetik və mənəvi dəyərlər təqdim edir.
Səfər Alışarlının yaxınlarda elə ilk cümləsindən sevə-sevə oxuduğum "Zavod həyəti" hekayəsi bəndənizdə müəllif haqqında, eləcə də adı çəkilən əsər haqqında nəsə söz demək ehtiyacı yaratdı.
Hekayənin iki kəlməlik söz birləşməsindən ibarət adının izahı-ənənəvi olaraq - çirki, pası və tör-töküntünü özündə ehtiva edib ürək sıxsa da, mətni oxuduqca, necə deyərlər (şit çıxmasın), lap qızılgül kimi pardaxlanıb açmağa başladım. O, qar, qış, aclıq, soyuq, ağır həyat, zamana məxsus çörək uğrunda mücadilələr, insan münasibətləri boğazımı göynətdi, içimi titrətdi, sevindim, kövrəldim, gözlərim yaşardı, paklaşıb təmizlənib təptəzə adam oldum və sanki həm də bir az cavanlaşdım.
"Zavod həyəti" hekayəsi çox da uzaq olmayan tariximizin canlı, sərt və dopdoğmaca bir parçasıdır. Hekayədə bədii həqiqət real həyatdan daha güclüdür, daha yaşarıdır.
Səfər Alışarlının bu hekayəsinin bədii məziyyətlərindən ətraflı danışmaq mətləbin bir az daha uzanmasına səbəb olar deyə, yalnız mətnin çağdaş, həmçinin, aparıcı nəsr dilinin bəzi situasiyalarda dastan poetikası ilə əvəzlənməsi faktını diqqətə çatdırmaq istəyirəm və bədii mətndən aşırı həzz almağı düşünənlərə əsəri oxumağı tövsiyə edirəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!