Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində qala-gecəsi və III Buktreyler Festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mərasimi açan tədbirin təşkilatçısı Ruslan Sabirli qeyd edib ki, festival “Kitabı tanıdın, kitabla tanının!” devizi altında keçirilir. Layihənin əsas məqsədi kitabların və mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətdə yaradıcı üsulların dəstəklənməsi və inkişafı, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznes sahələrində tərəqqisidir. Üçüncü ildir ölkəmizdə keçirilən bu festivalı böyük maarifləndirici layihədir. Ruslan Sabirli tədbirin yüksək səviyyədə təşkilində verilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Bildirilib ki, festivalın münsiflər heyətinə tanınmış mədəniyyət xadimləri – PEN-klubun prezidenti, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, kino rejissoru, ssenarist, Xalq Artisti Oqtay Mirqasımov, ssenarist, Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin filmlərin təbliği və qeydiyyatı bölməsinin müdiri, Əməkdar Mədəniyyət İşçisi Yusif Şeyxov, Əməkdar artistlər Mehriban Zəki və Murad Dadaşov daxil ediliblər.
Festivalın yekunlarına görə, birinci yeri Tural Kərimovun “Kitab və qutab” qısametrajlı filmi tutub. O, 1000 manat məbləğində baş mükafata layiq görülüb. Firdovsi Nəbiyevin “Şahid” və Cavad Nuriyevin “İkimizin hekayəsi” treylerləri ikinci yeri bölüşüb. Bu ekran əsərlərinin müəllifləri 800 manat məbləğində mükafat alıblar. Sərdar Tağıyevin “Almafobiya”, Binyamin Sailovun “Can nənə, bir nağıl de” və Eynulla Dadaşovun “Bulud bağçaları” əsərləri 3-cü yerə layiq görülüblər. Onların hər biri 500 manat məbləğində mükafatlandırılıblar.
Qeyd edək ki, fərqlənənlərin hamısına festivalın sponsorları “Azərcell” şirkətinin və “Libraff” kitab mağazaları şəbəkəsinin qiymətli hədiyyələri də təqdim edilib.
Əməkdar Artist, xanəndə Fərqanə Qasımova gecənin qonaqları qarşısında çıxış edib.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!