Uzun gün bitkisiyəm
Uzun gün bitkisiyəm,
Ulu günəşin həsrətini çəkirəm.
Üstündən qarlı qış keçən
Bir az arpa,
bir az da buğda kimiyəm.
Payız, qasım ayında
Dən kimi səpilmişəm
Candərdi çevirilmiş
Dəmyə torpaqlarına.
Gün çıxandan çıxana
Torpağım ya qızınıb,
Çox uzun çəkib ya da
Uğur qazanmağım da.
Sarı saçaq sümbülüm
Qalıb solana kimi
Zəmimə dolu düşüb
Dənə dolana kimi.
Uzun gün bitkisiyəm
Hər gün ulu günəşin
həsrətini çəkən
arpa, yulaf
bir az da buğda kimiyəm...
İlbizlər darışıb zeytun bağına
...səhərlər nəmliyin kefin çıxarıb,
gəlirin çıxarıb nəfin çıxarıb,
adamlar gəlmədən dəfin çıxarıb-
ilbizlər darışıb zeytun bağına.
Başının üstündən buludlar keçib,
kölgələr sürüşüb - saatlar keçib,
yollardan ağappaq zolaqlar keçib
ilbizlər darışıb zeytun bağına.
Darışıb canına qanına kimi,
Ağacın yamyaşıl zoğuna kimi,
ən zərif şah budağına kmi
ilbizlər darışıb zeytun bağına.
(Saralan, savılan meyvəsi quru,
Durursa ayaqda gücnən durur.
Sümüksüz çanaqsız biznən vurulub)
ilbizlər darışıb zeytun bağına.
Dadanıb torpağın nəm mühitinə,
Bələddi ağacın təti-mətinə.
Meyvəsinə, qaxacına, lətinə -
ilbizlər darışıb zeytun bağına.
Damağından çıxıb, dadından çıxıb,
Torpağın bir ögey badından çıxıb,
Haçandı Allahın yadından çıxıb
ilbizlər darışıb zeytun bağına.
***
Dörd il yaşadığım xidməti mənzil
həyətindəki nar,
suvaqsız divar,
divardakı şəkil
şəkildəki tumarlı atlar...
və at şəklinə uzun-uzadı baxan
suvağı tökülmüş
divar üçün,
nar üçün darıxan
Mən,
Babakərimin nəvələri -
fidan,
rəhim və rizvan...
***
Bir qaynaqçımız öldü,
Bir sürücümüz.
Hərə öz xərçəngiynən öldü bu ara.
Nə yaxşı borcum yoxdu
bu ölən adamlara.
Borclu olduqlarım, uzun yaşayın,
Bir az fürsət verin para qazanım.
Sizlərə, banklara və sələmçilərə…
Bir əppək borcum var, dilənçilərə.
Bir damla yağışa, bir az günəşə,
bir yarpaq ağaca, qələm kağıza,
bir barmaq çinara, bir od ocağa
bir can da sənə borcluyam, Allahım.
Macal ver, macal ver yaşayım bir az…
***
Mənim yazdıqlarım işğalda qalıb -
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim şeirlərim didərgin düşüb,
Mənim misralarım əsirlikdədi.
Onda ki, çiçəklər, güllər ölürdü,
O gün ki, yamaclar güllələnirdi...
Arılar ölürdü, quşlar ölürdü,
Yamyaşıl ağaclar güllələnirdi.
Ölən küçələrin, ölən səkinin
Üstündə ləpirlər güllələnirdi
Şəhid məzarlığı dağıdılırdı
Abidə qəbirlər güllələnirdi
Girəvə düşmüşdü düşmən əlinə
Min cürə hiyləsi, min cürə fəndi.
Eyvana düşürdü topun mərmisi,
Çöldə dağılırdı küləfirəngi.
Onda ki, adamlar, onda ki, hərə
Torpaq itirməyin vayında idi.
Sağ qalmaq birinci yerdə dururdu,
Adamlar başının hayında idi.
Qəbir qazmağa da vaxt tapılmırdı,
Həyətlər, bağçalar məzarlaşırdı.
Çoxdan unutmuşdu adamlar şeri,
Güllü qafiyələr ağılaşırdı.
Şeir misra-misra dəfn olunurdu,
Şeir qan qusurdu, qan qoxuyurdu.
Yasin oxuyurdu hər gün adamlar
Əruz şikəstiydi, heca koruydu.
Adam utanırdı şeir yazmağa,
Hər gün yas yeriydi, hər yer izdiham.
Qanla yazılırdı şerin tarixi,
Qanı bahasına gəlirdi ilham.
Ağlımda yaşayan fikir, düşüncə
Hər şəhid yanında basdırılırdı.
Hələ unutmamış itkilərimi
Bir misram təzədən yandırılırdı.
Hələ qızdırmırdı günün istisi,
Hər axşam işıqlar söndürülürdü.
Hər gün sətirlərim girov düşürdü,
Hər gün şeirlərim öldürülürdü.
Mənim yazdıqlarım işğalda qaldı -
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim şeirlərim didərgin düşüb,
Mənim misralarım əsirlikdədi.
Kümçü qadınlar
Ay kümçü qadınlar,
küyçü qadınlar
ay Xansənəm, ay Zəhra,
Ay mələk qadınlar, göysu qadınlar,
ay şəkil qadınlar, zirək qadınlar...
Çimir eləməmiş, kiprik çalmamış
gözünün acısını almamış səhər,
ağarar-ağarmaz hələ dan yeri
təndiri ağaran yaşlı qadınlar
çörəkçi qadınlar, kəndçi qadınlar.
Ulduzdan utanan, Aydan utanan,
günəşdən yaşmanan, addan utanan,
Qohumdan, qardaşdan, yaddan utanan
örpəkli qadınlar, şallı qadınlar
ay şirin qadınlar, leyli qadınlar...
Yarpaq sivirənlər, tut əvdirənlər,
Dəhrənin ağzına verib budağı
Çəkil ağacını döyəşdiyənlər -
Dərdinə qəminə ləçər qadınlar
Ay nigar qadınlar, Həcər qadınlar...
Dilində laylası şirin danışan,
Oğluna, qızına nağıl danışan,
Şəkərdən şirnidən noğul danışan
Ay fatma qadınlar, nabat qadınlar,
Hər zaman əhvalı babat qadınlar.
Uzun məhluqənin künal iyindən,
Bəstəboy xanımın gül biləyindən
Sallanıb yeriyən ipəkqurdunun
Dəmbə gözlərindən, yekə başınnan.
Məni qorxutdunuz , ay qız qadınlar,
Bənövşə qadınlar, nərgiz qadınlar...
Biriniz atama-anama görə,
Biriniz nənəmə, babama görə,
Bağımızın tut yarpağına görə
Məni oxşadınız, layla qadınlar,
Yasəmən qadınlar, lalə qadınlar.
Bu kənddə hərəsi bir igidiydi,
bir şəhid Mələyin künədibiydi,
bir şəhid Fatmanın ən kiçiyiydi.
göz yaşı ovcunda saçaq qadınlar,
ay ipək qadınlar, ay pak qadınlar.
İndi o torpaqdan, indi o bağdan
O xirik qurdlardan, torlu sarığdan,
Tutdan, baramadan, ipək yaylıqdan
Atadan, anadan oğul uşaqdan
Xəbərsiz olmusuz, köçgün qadınlar,
Ay qaçaq qadınlar, qoçaq qadınlar,
Ay kümçü qadınlar, kümçü qadınlar...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!