Müşfiqin doğum günüdür - Yazmaram ürəyim sizi anmasa...

Bu gün Azərbaycan poeziyasında önəmli yer rutan, repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin doğum günüdür.

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

Mikayıl Müşfiq əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.

Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

Yazmaram ürəyim sizi anmasa,

Sizin eşqinizlə alovlanmasa;

Burdaca el durub məndən sordu ki:

Gözdən yaş çıxarmı ürək yanmasa?

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: "Həyat həm gülməkdir, həm ağlamaqdır", "Bədbəxt bu dünyada tək yaşayandır", "Həyat ondan küsənləri incidər", "Nə qədər yaraşır insana gülmək!"

"Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim" yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.

Edebiyyatqazeti.Az şairin sevilən əsərlərindən olan "Qurban olduğum" şeirini təqdim edir:

 

Qurban olduğum

Bilməm məni nеçin atmış, unutmuş,
Cövrü cəfasına qurban olduğum?
Yoхsa özgəsinə üzünü tutmuş
Yеni sеvdasına qurban olduğum?

Dilbəri sordum gəlib-gеdəndən;
Dеdilər barışmaz, кüsmüşdür səndən.
Mən iltifat еtdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum?

O mənim sеvgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam...
Bilməm harda qaldı o nazlı durnam,
O хoş sədasına qurban olduğum?

Ayrılıq oduna кönül dayanmaz,
Еşq oduna yanan bir daha yanmaz,
Çəкdiyim nalədən nеçin oyanmaz
Şirin röyasına qurban olduğum?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!