Aprelin 20-də Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə yazıçı, araşdırmaçı Dilqəm Əhməd tərəfindən sərgi-mühazirə keçirilib.
Tədbirin təşkilatçısı yazıçı, pedaqoq Günel Eyvazlı AXC-nin tarixinə qısa nəzər salaraq bu tədbirlərin keçirilməsinin tarixi əhəmiyyətindən danışıb, Respublika Prezidenti tərəfindən 2018-ci ilin "Cümhuriyyət ili” elan olunmasının mahiyyətindən, tələbələrin, gənclərin müstəqillik, dövlətçilik, vətənsevərlik dərkinin vacibliyindən söhbət açıb.
Çıxışın ardından tarixçi, pedaqoq Ülvi Məmmədov Xalq Cümhuriyyətinin yaranma prosesindən, liderlərin, maarifpərvərlərin bu müqəddəs addıma imza atmasından danışıb. Kollecin şöbə müdiri Saməddin Qasımov çıxışa əlavə edərək Türkiyədə təhsil aldığı dönəmlərdən, Cümhuriyyət Dövründə təhsil üçün göndərilən tələbələrin acı taleyindən söhbət açıb.
Dilqəm Əhməd Cümhuriyyət dövrünə aid - Respublika muzeylərində, arxiv idarələrində belə olmayan nadir tarixi sənədləri, fotoşəkilləri, məktub və qəzetləri pedoqoji heyətin, tələbələrin diqqətinə çatdıraraq slaydlar vasitəsilə yayımlanan fotoşəkillər haqqında dolğun məlumat verib. Cümhuriyyətin yaranma prosesi, qəbul edilən vacib qərarlar və Məhəmməd Əmin Rəsulzadənin keçdiyi mühacirət dövründən, maarifpərvər və vətənsevərlərin fəaliyyətindən, dünyanın dörd bir yanından əldə etdiyi tarixi-vacib sənədlərin kolleksiyası üçün alınmasından söhbət açıb, tələblərin suallarını cavablandırıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!