Şərqin Qədim dövr şeir şəkillərindən olan "Divannamə"lər mərifəti və əxlaq prinsipləri barədə təəssüflər olsun ki, tədqiqi filoloji fikir tariximizdə heç bir elmi araşdırmalara təsadüf etmək mümkün deyil. Halbuki, bu şeir şəklinin inkişaf tarixinə dair Şeyx Mürtəza Ənsari, Molla Sədra, Molla Yəhya və Molla Feyzulla Badi - Kubeyi kimi təsəvvüf və irfan alimləri müxtəlif mərifətlər ənənəsinin tərənnüm səlahiyyətlərinin mündəricə prinsiplərinə rəğmən elmi araşdırmalarla problemin ilk tədqiqatçılarından hesab edilirlər.
Doğulub boya-başa çatdığım ata ocağının yaxınlığında bir əmanət məzar var.Özümün özümə aid olduğum vaxtlardan etibarən bu məzarla zikr və dualarla "söhbət etməyə" vaxt tapa bildiyim üçün şükranlıqla əmanət qəbrində olduğu çağlara xatir bu divannaməni həmin məzardan Ərdəbilə aparılanadək bizim ellərlə və evlərlə bahəm "sakinliyinə" xatir Şah İsmayıl Xətainin atası Şeyx Heydərin ruhuna hədiyyə etdim.
Təəssüflər olsun ki, "Divannamə" şeir şəklinin və ümumilikdə divannamələr ənənəsinin Azərbaycan filoloji fikir tarixində təşəkkülü və inkişaf mərhələləri barədə heç bir nəzəri - elmi tədqiqi istiqamətdən araşdırmalara təsadüf edə bilmədik. Qədim mənbələrə istinadən belə nəticəyə gəlmək olar ki, bu şeir şəkli hələ islamiyyətə qədərki "Hələbiyyə" şeir bazarı mədəniyyətinin ilk çağlarından bəlli faktorallığına görə artıq uzun bir tarixi yol keçə bilmişdir. Belə ki, Azərbaycan filoloji fikir tarixində çox təəssüflər olsun ki "Şeir bazarı" anlayışı tarixən təşəkkül və inkişaf istiqamətləri baxımından sistemli şəkildə tədqiq edilməmişdir. Məhz bu boşluğun döyülməmiş qapılarını döymək babətindən "namələr" ənənəsinə "qızılbaş" epoxasının mərifət "pəncərəsi"ndən baxılmasına rəvac verməyi məqbul bildik. Bu divannamənin məzmun təfərrüatlarında bir sıra mətləb incəliklərinə aydınlıq gətirməyi zəruri hesab edirik. Belə ki, mətn təfərrüatında adı keçən tarixi şəxsiyyətlərdən Mirzə Səid Bərəkə Əmir Teymur epoxasında imtiyaz və nüfuz sahibi, Şeyx Qəhqani isə böyük irfan alimi (təsəvvüf tarixinin mühüm əxlaq və mərifət gizlinlərini lədnanilərə təqdim etmədiyinə görə Qüdsdə övladları və həyat yoldaşı edam edilməklə, özü tonqalda yandırılmışdı) olmaqla təsəvvüf tarixinin ən böyük alimlərindən biri olmuşdur.
Qızılbaş divannaməsi
Qızılbaş əzmindəki
Son söz idi "Çərəkə".
Belə zikr eyləmişdi
Mirzə Səid Bərəkə.
Qüdsün qunut dərsiydi
Səfiyyədin Şeyx özü.
Qəhqaninin alovda
Gülümsünürkən gözü.
İki oğul "dağının"
Zikri salavat idi.
Ruhunda qanad açan
Fikri salamat idi.
Alov alanda cismin
İnsan necə gülərmiş?!
Qorxurmuş ki ağlasa
Ulduzlar tökülərmiş.
Edam kürsüsündəki
Ana qeyrət qalası -
Bətnində yol gəlirdi
Körpə oğul balası.
Reyhaniyyə ləçəyi -
Qəhqaniyə bükülü.
Külək də şahə qalxdı
Alov apardı külü.
Cəhdi aciz deyildi
Qılınc çalanda topa.
At da duydu təkbiri
Dördnala çapa - çapa.
Çox da qəviydi düşmən -
Ölüm behişt yoluydu.
Təkbirə ayaq tutan
Atın ipək yalıydı.
Pusquda güc azalıb,
Qılıncda ovxar hanı?
Cəddinə səslənirdi
Axdıqca qızıl qanı.
Lələnin sağ qalmağa
Dəyərdimi həyatı?
Son dəfə baxıb Şaha
Ölümə çapdı atı.
Nə hacət var deməyə -
Arxada Təbriz, Gilan.
Məğlubiyyət bəllidi -
Daha nə top, nə filan.
Lədnani hiyləsiydi
"Çaldıran"da bu savaş.
Bunu bəlli bilirdi,
Qorçu, əsgər, halavaş.
Ərdəbilin pirində
Namaz qəzaya qaldı.
Qardaş olan yağılar
Özünə qılınc çaldı.
... Qızılbaş əzmindəki
Son söz idi çərəkə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!