Ədəbi dalğalar - Kəramət

Ədəbiyyat eynən dəniz kimi, nəhr kimi... Dalğalar bir-birini əvəzləyir. Poeziyamıza böyük bir dalğa gəldi - Eldar Baxış, Vaqif Cəbrayılzadə, Ramiz Rövşən, Tofiq Nurəli, Vaqif Bəhmənli, Ağacəfər Həsənli və b. Hər birinin öz poetik dünyası, bədii düşüncəsi, ifadə tərzi vardır. Və elə düşünürəm ki, həmin ədəbi dalğa sonrakı ədəbi nəsillərə böyük bir enerji verdi. Bu ədəbi nəslin içində mənim çoxdan tanıdığım bir poetik obraz var - onun adı Ağacəfər Həsənli... Onun poeziyası öz təbiiliyilə həyatdan birbaşa qidalanmağı, qaynaq almağı ilə müasir Azərbaycan poeziyasında təsbit olunmuş bir fakt kimi qeyd oluna bilər. Bu günlərdə onun "Ağ külək" adlı kitabı çağdaş Azərbaycan oxucularına təqdim olunub. Bu kitabda toplanan şeirlər müəllifin son dövr yaradıcılığının bədii ifadəsidir, - deyə bilirik. Kitabın nəfis tərtibatı öz yerində, onun oxucuya verdiyi nəfəs də Ağacəfər Həsənlinin bədii poeziyasının ümumiləşmiş bir obrazı kimi də dəyərləndirilə bilər. Kitabda toplanan şeirlər məzmunu, janrın imkan verdiyi hüdudlar çərçivəsində müasir Azərbaycan poeziyasının seçilən nümunələridir. Kitabda janr rəngarəngliyi diqqəti cəlb edir. "Ağ külək"də toplanan şeirlər, "Rəşadətin yaşıdı" poeması, bizə elə gəlir ki, çağdaş Azərbaycan ədəbiyyatına gərəkli töhfələrdir. "Qədim məzar", "Sözün zəhmi", "Borc", "Adın nədir" şeirləri öz poetik üslubuna görə xüsusi diqqəti cəlb edir. Şairin dünyagörüşü olduqca geniş, bədii coqrafiyası əhatəlidir. Kitabda toplanan şeirlərin hər birinin özünəməxsus bədii çaları vardır. Misal üçün göstərə bilərik ki, "Bir ovqat havası" şeirində təqdim olunan mətn müasir insanın duyğu və düşüncələri ilə həmahəng səslənir:

Quzu mələrtisi, at kişnərtisi

Çəkdi səhər erkən yuxumu ərşə.

Şehin oyanışı, mehin nəfəsi

Qaldırdı torpaqdan qoxunu ərşə.

 

Ağaclar atdılar göyə papağın,

Yenə yaraqlanıb-yasaqlandılar.

Xəzələ çevrilmiş qoca yarpağın

Halına acıyıb yarpaqlandılar...

Əlbəttə, müasir ədəbiyyat özünəqədərki mədəniyyətin üzərində köklənib və heç şübhəsiz ki, özünəqədərki mədəniyyət, ədəbiyyat üzərində heç nə yaşaya bilməz. Biz Ağacəfər Həsənlinin yaradıcılığına baxanda özünəqədərki mədəniyyəti, ədəbiyyatı əxz eləmiş şəkildə görürük. Onu da deyə bilərəm ki, mən Ağacəfər Həsənlini tanımadan onun sözünü tanımışam. Onda, bizdən əvvəlki nəsil, ədəbi dalğa olaraq, biz onlardan bəhrələndik və ədəbi yönümüzü müəyyənləşdirdik. İndiki ədəbiyyatın istiqamətini mən konkret müəyyənləşdirə bilmərəm. Amma mən çox istərdim ki, ədəbiyyatımız Elza Seyidcahanlaşmasın. Çünki narahatçılığım var, belə də ola bilər. Ağacəfərin təbii, Lerik dağlarının ab-havası qədər - Qafqaz dağlarının saf-duru çeşmələrinin suyu qədər saf şeirləri bizim poeziyamıza yeni nəfəs, yeni ovqat gətirdi.

And-aman etdim, gəlmədin,

uzaq düşməyimə dözdün.

Axır dost-düşmən bilmədin,

sazaq düşməyinə dözdün.

 

Gözümə dərd çökəndə,

sifət göstərdin mənə.

Mən siqaret çəkəndə,

sən xiffət çəkdin yenə.

Bütün bunlar o demək deyil ki, Ağacəfər Həsənlinin yaradıcılığı təkcə bu kitabda toplanan şeirlərdən və poemadan ibarətdir. O, həm də barmağı döyənək olana qədər yazan bir jurnalistdir. Onun radio jurnalistikasında əməyini heç kəs dana bilməz. O, həyatda nə qazanıbsa, qələminin zəhməti ilə qazanıb. Ona görə onun .qələminə həmişə hörmət olunub. Elə düşünürəm ki, Ağacəfərin ömrü bir qələm ömrüdür. Bəzən adamlar yaşadıqları dünyanı dərk eləməyə bilərlər. Amma bütün ətraf hər şeyi görür və dərk edir.

Həmişə özünü gizlədir insan,

göydə ola-ola, düzdə axtarır.

Şair də içdiyi andını hər an

yazdığı kəlmədə, sözdə axtarır.

 

Düz adam minmir ki, özgə atına,

"qırıq" söyləsinlər sonra zatına.

Başlayır əbədi kəşfiyyatına,

dərinə baş vurub, üzdə axtarır.

Heç şübhəsiz ki, bizim bədii proses sağlam köklər üstündədir və əbədidir. Azərbaycan ədəbiyyatı heç zaman yolundan sapmayacaq və həmişəyaşar olacaq. Bizlər ədəbiyyata elə bərəkətli mühit üzərində gəlmişik ki, həmişə əbədi olaraq Azərbaycan ədəbiyyatı yaşayacaq və Ağacəfər Həsənli kimi şairlər də yaşayacaq. Şairin bu şeirinə də diqqət yetirək:

Hökmümdə, zorumda dağdan ağırdım,

bütün zəhmətimi puç eylədilər.

Boş guruldamırdım, elə yağırdım,

gözümdən tökdülər, heç eylədilər.

 

Ayağımdan çəkdi vecsizin biri,

qaldım qoşulduğum qatardan geri.

Dedilər arxada görünür yerin,

bu key vücudumu qıc eylədilər.

"Ağ külək" kitabı son dövrlərdə çap olunan kitablar arasında seçilən kitablardan birisidir. Bəzən belə fikirlər səslənir ki, kitab dövrü bitmişdir. Biz elə düşünürük. Kitab həmişə öz mərtəbəsində, öz səviyyəsində qalasıdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!