Ədəbiyyat üzrə ilk nöbelçi - 1901-ci il: Syülli Pryüdomun şeirləri

Ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı fransız şairi Syülli-Pryüdom (Rene Fransua Syülli-Pryüdom) olmuşdur. O, 1839-cu ilin 16 martında Parisdə doğulmudur. Səkkiz yaşı olanda klassik elmləri öyrəndiyi “Bonapart liseyi”nə qəbul olunmuş, sonra isə politexnik məktəbində xüsusi riyaziyyat kursu keçmişdir. Paris universitetində hüquq təhsili almış, daha sonra fəlsəfə və poeziya ilə maraqlanmışdır.

Şair 1865-ci ildə “Beytlər və şeirlər” (Stances et poemes) adlı ilk toplusunu Syülli-Pryüdom (atasının tam adı) təxəllüsü ilə çap etdirib və adı çəkilən kitab Ş.Sent-Bev tərəfindən yüksək qiymətləndirilib. 1881-ci ildə Syülli-Pryüdom şair kimi Fransa akademiyasına üzv seçilib. Onun şeirləri “Parnas”, “Çağdaş Parnas” dərgilərində çap olunub və həmin şeirlər “parnasçıların” - romatik ədəbi məktəbə qarşı çıxış edənlərin - ədəbi manifestinə çevrilib. Sonetlərdən ibarət “Sınaq”  (Les Epreuves) kitabı 1866-cı, “İtalyan rəsmləri” (Croquis italiens) 1868-ci, “Tənhalıq” kitabı isə (Les Solitudes) 1869-cu ildə çap olunub və adı çəkilən kitablar Syülli Pryüdomu fransız şairlərinin başına keçirib.

Müəllif özünün fəlsəfi lirikasında metafizika və etikanın vacib məsələlərinə obrazlı şəkildə toxunur və bu işdə ağlın və qəlbin süzgəcindən keçən yanaşmanın qalib gələcəyinə, sonuncunun isə üstünlük tapacağına əminliyini göstərir: şairin spektisizmi onun fikirlərinin dərinliyinə nüfuz etdikcə və hisslərinin gücü artdıqca gücünü itirmir, əksinə, onun poeziyası gerçəkdə mövcud olmayan insanın qəlbinin dərinliklərinə yol tapır, onu zinətləndirir və onu yaradıcı, fədakar sevgiyə səsləyir. 

Fransa-Prussiya müharibəsində (1870) Syülli-Pryüdom könüllülər ordusuna yazılır, lakin səhhətindəki zəiflik nəticədə ona ayaqlarını itirmək bahasına başa gəlir. Həmin hadisədən sonra Syülli-Pryüdom 1870-ci ildə “Hərb xatirələri”ni (İmpressions de la guerre) qələmə alır.

Onun qələmindən çıxaraq humanist şəkildə təqdim edilən xeyrin və şərin, sevginin və ədalətin əbədi mübarizəsi 1878-ci ildə çap olunan “Gərəksiz zəriflik” (Les vaines tendresses)  və 1888-ci ildə çap olunan“Xoşbəxtlik” (Le Bonheur)  adlı epik poemasında əks olunub. Həmkarı - şair və filosof M.Gyüyo onu çox maraqlı xarakterizə edir: “ O - ətraf aləmi öz anlaşılmaz gözləri ilə qucaqlamaq istəyən heyranedici liriklərdən deyil, onun bu - yarıqapalı gözləri hər şeyi özündən, içdən görərək bir az “ulduzlara doğru” dartınır”.

Syülli-Pryüdom poeziya nəzəriyyəsi ilə bağlı iki layiqli iş ortaya qoyub. Onlardan biri  1892-ci ildə qələmə aldığı “Şeir sənəti haqqında düşünərkən” yazısıdır.  1900-cü ildə, ölümündən yeddi il əvvəl yazdığı “Şairlərə vəsiyyət” adlı yazısında isə o, klassik şeir üslubunu müdafiə etmiş və məntiqsiz novatorluğa qarşı çıxmışdı.

1901-ci ildə Syülli-Pryüdom “ədəbiyyata ləyaqətlə xidmət etdiyinə, xüsusən də yüksək idealizminə, bədii kamilliyinə, həmçinin yazdığı kitablardan da göründüyü kimi, qeyri-adi istedad və ruh sahibi olduğuna görə” ədəbiyyat üzrə ilk Nobel mükafatı laureatı oldu.

Mükafat təqdim edilərkən qeyd edilmişdi ki, “Syülli-Pryüdom əksər yazarlardan fərqli olarq məhz Alfred Nobelin “ədəbiyyatda idelaist ənənələr” adlandırdığı fikirləri qələmə alır”. Çox güman ki, elə bu fakt da bütün ədəbi aləmin  gözlədiyi kimi, Lev Tolstoyun deyil,  Syülli-Pryüdomun ədəbiyyat üzrə ilk Nobel mükafatı almağına səbəb olmuşdur.

Syülli-Pryüdom xəstə olduğu üçün mükafatlandırılma mərasiminə qatıla bilməmişdi, onun əvəzində diplomu Fransanın İsveçdəki səfiri almışdı.

Ömrünün son illərində ağır xəstəlikdən əziyyət çəkən şair özünü bütövlükdə fəlsəfəyə həsr etmişdi. Blez Paskalın təsiri altına düşən  Syülli-Pryüdom 1905-ci ildə “Paskalın gerçək dini” traktatını, 1906-cı ildə isə “Son məqsəd problemləri” və “Azad seçki psixologiyası” əsərlərini qələmə almışdı.

Syülli Pryüdom 1907-ci ilin 7 sentyabrında Paris yaxınlığındakı Şante-Malabri villasında vəfat etmişdir.

Zaman keçdikcə onun şöhrəti unudulmağa başaldı. Bu gün Syülli Pryüdomun adı gənc fransız şairləri arasında sadəcə ədəbiyyat üzrə ilk Nobel mükafatçısı kimi xatırlanır.

 

Syülli Pryüdom

1839-1907

              Oxucuma

Elə ki, şeirlərim narahat etdi səni -

Bil ki, mən də soyuğam ona qarşı ürəkdən.

Ən yaxşı şeirlərim ürəyimdədir hələ,

Və onları heç zaman duya bilməyəcəksən.

 

Qaranlıq xiyabanda ağ kəpənəklər kimi

Veyil-veyil süzürlər zərif çiçəklər üstə.

Xəyalımda dolaşan sevimli nəğmələr tək

Yığışırlar başına şeirlərin ahəstə. 

 

Bir kobud toxunuşla toxundunsa onlara,

Ürkək pərvanə kimi pərən-pərən düşəcək. 

Qanadlarında olan toz da sovrulub gedər

Ətirli çiçəklərin quru ləçəkləri tək.

 

Ruhumu nəğmələrdən ayıra bilmirəm mən,

Zərif gözəllikləri elə durma, bax, - deyir.

Onları yaşatmaqçün mən susuram eləcə,

Onlarsa ürəyimdə sirli nəğmə söyləyir.

 

Ürəyim dopdoludur sirli şeirlər ilə,

Onlar arzularımın ən gerçək ahəngidir.

Sənsə, pərvanələri görəmməzsən, oxucum,

Görə bildiyin ancaq izlərinin rəngidir.

 

Şeh

Xəyallar alır məni, görürəm qəmli-qəmli

Yaşıl çəmənlik boyu şeh yanır “dəstə-dəstə”.

Onu soyuq gecənin əlləri elə qoyub

Çiçəklərin üşüyən zərif ləçəyi üstə.

 

O damlalar buraya haradan düşdü görən?

Orda - buludlar yolu yağışsız da kəsirdi.

Ləçəklərə sığınıb alışıb yananadək

O damlalar havada titrəyirdi, əsirdi!

 

Göz yaşları haradan doluşub gözlərimə?

Səma aydındır axı, dəymir gözə qəm, kədər.

Axı onlar ürəyə sığınıb qalmışdılar

Gözləri qamaşdırıb qəlb ovudana qədər!

 

Kölgələr də  həmişə ürəklərdə gizlənir,

Göz yaşları boğulur, mürgüləyir, oyanır.

Sevinc dolu günün də xoşbəxtliyi eləcə

Çarəsizcə onların səfəqinə boyanır!  

 

Qaranquşa

Sən səmada çox azad, çox asudə dolaşıb

Cəsur-cəsur süzürsən, qanad açıb uçursan.

Əlçatmaz ucalıqda biçimsiz  kədərlərdən

Bir an belə enmədən, baş götürüb qaçırsan.

 

Susuzluqda bircə an yolundan dönməyərək

Üz tutub buludlara onlardan su içirsən.

Şiş zirvəli dağları aşırsan, qayaları,

Çayları dolaşırsan, dənizləri keçirsən.

 

Bəzən buludlu payız qəfil alır başını,

Bu səbədən sən də tez tərk edirsən ki, bizi...

Qayıdasan yazbaşı, yasəmənlər açanda

Hər tərəfdə baş-başa verə çiçək dənizi.

 

Doğma yuvana, bir də azadlığına sənin

Həsrətlə baxa-baxa, dolaşıram səninlə!

Məni də sənin kimi oyandırır təbiət

Danışıram sənin o dopdolu ürəyinlə.

 

Sənin kimi qalxıram səmaların qoynuna,

Parlaq arzularımın qanadında min kərə .

Tənhalığa çəkilib can atıram eləcə

Sənin tənha uçduğun, təhna olduğun  yerə. 

 

Zərrəcə həsədim yox bir kimsənin haqqına,

Sənin həyəcanını bölüşürəm içimdə.

Bir azacıq cəsarət və azadlıq istərəm,

Və bir də ki, məhəbbət - nəhayətsiz biçimdə.

 

Bu çoxdan olub

Sonet

Yapışmışdın əlimdən, danışırdıq səninlə

Gəncəcik qəlbimizlə, həyəcanla, sevərək,

Mən yenə də səninəm, sənindir bax bu ürək,

Bəs sənin arzuların yaşayırmı mənimlə?

 

Əfsus! O zərif külək çıxıb yaddaşımızdan,

Təsadüfi bir sığal bağışlamışdı bizə.

O solğun, kövrək çiçək yəqin inciyib bizdən,

Zərif ləçəkləriylə şahiddi sirrimizə! 

 

Bir sirr kimi saxladım məndə yaşasın deyə,

O zərif xatirələr ürəyimdə əriyir.

Söylə, məni sən niyə unutdun axı, niyə?

 

İlahi, taleyə bax! Əzabdır səni sevmək,

Arzular da qəfildən itir, tükənir, gedir.

Səni bir də heç zaman görməyəcək bu ürək!

 

Qorxaqlıq

Deyərdim ona... di gəl, əlacım yoxdur, amma

Danışa bilsəm əgər...

Qorxuram ki, sözlərim elə yuxularım tək

Hər şeyi açıb deyər.

 

Hardandır bu qorxaqlıq? Axı nədən, nə üçün

Cəsarət tapammıram?

Nədən onun yanında dilim söz tutmur axı?

Ona toxunammaram...

 

İllərim külək kimi, sovrulub getdi həmən,

Hər şey bir anda oldu.

Mənim çox güvəndiyim azadlığımdan isə

Lal olan dilim qaldı

 

Qorxduğum bircə budur,

bəlkə səhv anlamışam

Bu sevgi həvəsimi.

Qorxuram ki, riyakar göz yaşları boğmasın,

Titrətməsin səsimi.

 

Bəlkə öz istəyiylə, bəlkə də ürəyində 

Arayacaq o məni.

Kədərlə xatırlayıb, ötən günlərin elə

Çəkəcək həsrətini!

Tərcümə edən: Əyyub Qiyas

Şeirlər Mahmud Xalıqovun fransız dilindən sətri tərcməsi üzərində işlənib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!