Biz 1948-ci ilin payızında rayonumuzdakı mərkəzi kitabxanaya dərnək üzvü kimi gedib-gələndə o, Ağacavad idi. Sonralar Ağacavad Əlizadə kimi məşhurlaşdı.
1948-ci ilə qayıdıram. O vaxt görüşümüzə gəlmiş Zeynal Cabbarzadə ilə şəkil çəkdirmişdik. Bu yadigarı son zamanlar üstümdə çox gəzdirib üçsıralı əksimizə dönə-dönə baxır, yan-yörəmdəki adamlara eşitdirirəm:
- Bu, Xəlil Rza Ulutürkdü, bu, Əliağa Kürçaylıdı, bu, Ağacavad Əlizadədi, bu da…
Dağılmış ittifaqda orta ömür həddi guya yetmiş idi. Dünyaya qədim Muğanda göz açan, əsrimizin ikinci yarısında yazıb-yaradan sənətkarlarımızın heç biri təəssüf ki, yaşın yuxarıda göstərilən zirvəsini fəth edə bilmədi. Yalnız Ağacavad "tilsim"i qırıb topoqrafların adlandırdıqları kimi "kulminasiya"ya (ən uca nöqtəyə) lap yaxınlaşmışdı. Lakin amansız fələk qəfil fərmanıyla onun da qəlbini döyünməkdən həmişəlik dayandırdı: 1995-ci ilin aprelində. Yazın ilk günündə - Novruzda doğulmuşdu. Yazın təbiəti daha da gözəlləşdirdiyi çağda köçdü o dünyaya Ağacavad. Bir dəfə məclisdə demişdim; "Ağa, arzum budur ki, 2001-ci ildə də qədəhlərimiz toqquşsun". Tez inciyən idi: "Elə bilirsən gələn yüzilliyə çıxa bilmərəm? Sən de ki, 2021-ci ildə qədəhlərimiz toqquşsun!"
Tabe olub ustadın sözlərini təkrarladım.
Xatirələrimin az hissəsinə söykənib kağıza köçürdüklərimi ancaq və ancaq onu yaxından tanıyan dostu və yerlisitək qələmə almışam. Ağacavadın poeziyası və publisistikası barədə yazılanların sayını dürüst söyləmək çətindir. İstəyirəm Xəlil Rza Ulutürkün sözləri ilə söhbətlərimin girişini tamamlayım: "A.Əlizadənin yaradıcılıq yolu… hamar olmayıb. A.Əlizadə illərin sınağından alnıaçıq, üzüağ çıxmış, sənətkar iradəsini qoruyub saxlaya bilmişdir".
… Hər dəfə fevralın 20-də - sevimli və qüdrətli şairimiz Əliağa Kürçaylının anadan olduğu gündə məzarına baş çəkdiyimizi, Salyanda "Kürün töhfələri" ədəbi birliyinin məşğələlərində birgə iştirak etməyimizi, evdə, yolda, səfərdə dönə-dönə rastlaşdığımızı yada salıram. Bu görüşlərdən aldığım təsiri bircə cümlə ilə deməyə çalışsam, deməliyəm ki, Ağacavad Əlizadə hər yerdə, xüsusən el-oba içində, xalq qarşısında şair və poeziya anlayışlarını ləyaqətlə təmsil edir.
Ağacavad "Ədəbiyyat qəzeti" redaksiyasında məsul katib işləyirdi. 50 yaşı tamam olanda mən Moskvada elmi ezamiyyətdə idim. Novruz bayramında doğulduğu üçün ad günü yaxşı yadımda qalmışdı. Ev ünvanını unutduğumdan təbrik teleqramını redaksiyaya göndərdim. Yeri gələndə, elə hey deyərdi: "50 yaşımı hamıdan qabaq, özü də xeyli uzaqlardan birinci Oqtay təbrik edib".
Əvvəllər adi diqqət saydığım hərəkətimi o qədər tərifləmişdi ki, on ildən sonra daha uzaqdan - Fin körfəzi sahillərindən teleqram göndərib "60 yaşın mübarək!" söyləmişdim.
Nəhayət, 65 yaş günü gəlib çatdı. Səhər-səhər Günəşlidən 9-cu mikrorayona yola düşdüm ki, yubilyarı təbrik edim. Süfrə arxasında ailə üzvləri, təzə qohumları, Əlibala Hacızadə və mən əyləşmişdik. Bir zaman xeyir işimin tamadası olmuş ağsaqqalın məclisini idarə etmək mənə tapşırıldı. Bu misralar o unudulmaz saatların kiçicik əks-sədasıdır:
Altmış beş oldu yaşı,
Altmış beş zirvə aşıb,
Son zamanlar söz silahı
Avtomatla qoşalaşıb,
Çünki vahid vətənlidir,
Vüqarlıdır, Mətinlidir,
Cəsur şair Ağacavad!
Hünər yolu keçir hərdən
Odlu, qaynar bölgələrdən,
"Eşqi atəş, şeiri güllə".
Kabuslardan, kölgələrdən
İçimizi təmizləyir.
Qoçaqları əzizləyir
Cəsur şair Ağacavad!
Qələm dostlarının, həmkarlarının əksəriyyəti onu "Ağa" çağırırdı. "Azərbaycan" jurnalı redaksiyasında məsul katib vəzifəsində işləyəndə çapla bağlı mübahisə zamanı görkəmli bir ədib hirslənərək deyib: "Sən mənimlə Ağa Cavad kimi danışırsan". Bəli, biz ona qısaca, lakin səmimi şəkildə "Ağa" deyirdik, çünki Ağacavadı öz böyüyümüz sayırdıq.
Bir dəfə dedim:
- Ağa, sənədlərdə adları rəsmi surətdə "Ağa" olanların beş-altısını yaxşı tanıyırıq. Amma nə vaxt, harada cəmləşsək, desələr ki, Ağa gəlir, həmin adların heç biri yada düşmür. Hamı dərhal bilir ki, söhbət Ağacavad Əlizadədən gedir.
"Tapıntım" ustadın xoşuna gəlmişdi. Bu barədə başqa yoldaşlara özü danışırmış.
Saz və söz sərrafı Aşıq Pənahın vəfatından sonra sədasını daha çox eşitdiyimiz müğənni-bəstəkar Qulu Əsgərovun qəbri üstündə Ağacavadın bağrından qopan yanıqlı sözlər yaddaşıma ömürlük naxışlanıb. Əliağa Kürçaylının - yaşıdının dəfnində ağsaqqallıq yükünü çiyninə götürüb minlərlə insanı qarşılayan, yola salan eloğlumuzun xeyirxahlığı həm də vəfalılıq, mərdlik, kişilik rəmzi idi.
Haşiyə: Ağacavadın hazırcavablığı ilə əlaqədar bir əhvalatı xatırlayıram. Qəbiristanlıqdan təzəcə qayıdıb Əliağagilin həyətinə toplaşmışdıq. Kənarda, camaatdan aralı dayanmış iki tanınmış yazar Ağacavadı çağırdı. Onlar nə haqda danışdı, sonra bilindi. Deyiblər: "Şairliklə, redaktorluqla yanaşı, sən həm də mollalığı bacarırmışsan ki?!" Ağacavad isə sərrast cavabla üstünlük qazanıb: "Sizin kimi şair olmaqdansa, mollalıq daha şərəflidir!"
Ağacavadın yaxşı mənada dəhşətli yaddaşı vardı. S.Vurğunu, S.Rüstəmi, R.Rzanı, M.Müşfiqi, M.Rahimi əzbərləmişdi. Əliağanın, Xəlilin, mənim… özümüzdə tapılmayan yazılarımızı bəzən ondan xəbər alardıq.
50 illiklə əlaqədar Xəlilgilə yığışmışdıq. Ziyafət başlamazdan əvvəl Ramiz Duyğun bir sual atdı ortaya: "Görəsən, əzbər şeir oxumaqda hansı qalib gələr - Ağacavad müəllim, yoxsa Zəlimxan Yaqub?" Ağa birbaşa fikrini açıqladı: "Səhərəcən yarışmağa hazıram!" Zəlimxanın yumşalması gərginliyin qabağına sədd çəkdi:
- Mən hələ elə ərköyün şəyird deyiləm ki, ustadla bəhsə girim.
Xəlilin yarıməsrlik yubiley qonaqlığını Ağa uğurla, ustalıqla idarə etdi.
Qızılağacda hüzr vardı. Ağacavad Əlizadə, "Pioner" (indiki "Günəş") jurnalının baş redaktoru, yazıçı Nəriman Qocaoğlu və mən mərasimə birlikdə yollandıq. Quran oxunana qədər mollalar müxtəlif mövzulara toxundular. Din xadimlərindən biri tez-tez əzbərdən şeir deyirdi. Molla Saleh kimi bilikli, məlumatlı aparıcının tutduğu iradlara əhəmiyyət verməyəndə Ağa dözməyib soruşdu:
- Şeirlər kimindir?
Cavab:
- Özümün.
Ağa:
- Sizin papağınızı başqasının, başqasının papağını sizin başınıza qoysalar, xoşunuza gələr?
Cavab:
- Xeyr!
Ağa:
- Bəs onda öz zəif misralarınızı tanıdığımız müəlliflərin əsərlərindən parçalara calayıb bizi nə üçün çaşdırırsınız?
Bir dəfə Ağacavada dedim:
- Biləsuvardan dünən qayıtmışam. Bir ailədə qonaq qaldım. Xeyli xoş söhbətlərdən sonra bir albom verdilər, vərəqlədim.
Səhifələrin birində gördüm ki, Ağa, sən, əlində mikrofon, sağında bəylə gəlin, solunda valideynlər, sağlıq deyirsən. Ev yiyəsi bildirdi ki, öz çıxışlarınla xeyir işi rövnəqləndirmisən.
Ağacavad xeyir işin ayını, ilini də xatırladı:
- İçki haqda fərman təzəcə qüvvəyə minmişdi. Toy sahibi qonaqlara ancaq çay, şirə, mineral su içizdirirdi. Bir azman, gur səsli kişi adını pul siyahısına yazdırıb bərkdən dedi: "Mötərizədə göstərin ki, yeməyib getdi".
Süfrənin "yanacaq"sızlığı bəzi iştirakçılara, o cümlədən həmin şəxsə yaxşı təsir bağışlamamışdı…
Ağacavad Əlizadənin özünü və poeziyasını keçmiş APİ-nin tələbələri, xüsusən coğrafiya, biologiya fakültələrində təhsil alan oğlan və qızlar daha çox alqışlayırdılar. Dəfələrlə onu tələbə yataqxanalarına aparıb görüşünü təşkil etmişəm. O mühüm anları, unudulmaz məqamları əks etdirən şəkillər qiymətli yadigarlardır. Sabahın pedaqoqları "Əlvan işıq" axşamlarında, disput və müzakirələrdə şairin çıxışına diqqətlə qulaq asırdılar.
Bir dəfə Bakının Əhmədli qəsəbəsindəki kitabxanaya qonaq çağırılmışdıq. Tədbir Nizami Gəncəvinin 800 illiyinə həsr edilmişdi. Eloğlumun böyük sənətkara həsr etdiyi misralar mənalı, təsirli, musiqili şeir nümunəsi kimi səslənirdi:
Saf, ləkəsiz bir aynadır,
Hər kəlamı yüz mənadır.
Bir dünyada yüz dünyadır
Nizaminin söz dünyası!
Görüşün sonunda yekun söz söyləyən Ağacavad oxuculara dedi:
- Oqtay Rzaya daha çox gül verin. Bu gün - noyabrın 2-si onun doğum günüdür.
Cavan vaxtda radionun tapşırığı ilə maldarların həyatından oçerk yazmaqdan ötrü Atacavad Qırmızıkəndə yollandı. Oradan 5-6 km-lik yolu piyada gedib fermaya. Sürülərə yaxınlaşanda "canavarboğan" itlər cumur üstünə. Ağacavad köpəklərdən birini tanıyıb qışqırır "Toqquş!"
Toqquş da öz keçmiş sahibini dərhal tanıyır. İtdə olan yaddaşa bax!
Sən demə, Ağacavad Bakıya oxumağa gedəndə məcbur olub sevimli Toqquşunu göz yaşı içində çobanlara veribmiş...
Birdən-birə gözünün işığını itirən Ağacavada palatada baş çəkdim. Məni səsimdən tanıdı:
- Oqtay, sənsən? Uşaqlar necədir?
Bir müddətdən sonra görmə qabiliyyəti bərpa olundu. Bir gün qohumum Ələkbər Yusiflinin maşınına əyləşib Sumqayıta yollandıq. Məşhur göz həkimi Məhərrəm Novruzludan məsləhət almaq üçün. Dedilər ki, Neftçalaya gedib. Bakıya pis ovqatla döndük. Amma Ağa xeyirxah doktordan inciməmişdi. Bir dəfə dedi:
- O, bilirsən, necə mahir göz cərrahıdır? Mənim bir gözümün ağını qarasından, bəbəyimi almacıqdan ayırıb, yenidən birləşdirb yerinə qoyub. Həkim Məhərrəm nadir şəxsiyyətdir.
Gözləri təzədən zəiflədi. Zərrəbinə bənzəyən eynəyin köməyilə o, 15-20 faiz görə bilirdi. Buna baxmayaraq, ön cəbhə xətlərinə gedir, Ağdamda, Goranboyda, Füzulidə, Ağstafada döyüşçülərlə görüşürdü.
"Anam - ağbirçəkli Muğan torpağı, mənə layla deyib söyüd yarpağı. Kürün sularında yanıb sinəmdə sənətin, ilhamın, sözün çırağı" - deyərək quzeyli-güneyli Azərbaycanı tükənməz ilhamla tərənnüm edən vətənpərvər şair artıq aramızda yoxdur. Ondan miras qalan kitablarından birinin adı belədir: "Hələ söhbətim var". Şair və poeziya anlayışlarını ləyaqətlə təmsil etmiş Ağacavad Əlizadənin ömrünün sonrakı həyatı da 1995-ci ilin baharından başlayıb…
Oqtay Rza
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!