Şeirlər - Sabir Sarvan Soltanoğlu

Şair Sabir Sarvan Soltanoğlunun vəfatından bir il ötdü. Ruhuna rəhmət diləyərək arxivində qalan şeirlərdən bir neçəsini təqdim edirik.

ŞÜKRANLIQ          

Sözə bənd elədi, şükür Tanrıya

Şükür, nəzərini məndən kəsməyib.

Mən sözün üstündə elə əsmişəm,

Heç anam üstümdə elə əsməyib.

 

Qəlbin sevincini, qəmini tapdım,

Sözün gül üzündə, bal dodarında.

Ömür dedikləri quruca sözmüş,

Asılı qalıbdı lal dodağında.

 

Nə itir, nə batır, söz əbədidir,

Uzağı kül altda közə çevrilir.

Dünən deyə-gülə söhbət etdiyin,

Bu gün xatirədi, sözə çevrilir.

 

Söz deyil, deyirlər sözdü bu dünya,

Düşüb nə xoş güzar, nə xoş iş mənə.

Məni nəfəs-nəfəs sözə bağlayan,

Verəndə dünyanı veribmiş mənə.

 

Sözə bənd elədi, Tanrıya şükür,

Ömrüm söz ömrüdü, uzun olacaq.

Bu dünya yarandı bir kəlmə sözdən,

Elə sonunda da sözün olacaq.

 

***

Könlümdə qalmışdı nəsə, necə ki...

Qar qalar dağların uca yerində.

Bir qönçə gözələ meylimi saldım

Gördüm, məni görür xoca yerində.

 

Adımdan nişanə qalmadı məndə,

Dedim qoy dil açım ölüncə gündə.

Nəfəsim təngidi, külək əsəndə

Tüstü belə olur baca yerində.

 

Biləndə nə imiş dərdim - təlaşım,

Buladı başını, qaldırdı qaşın.

Gözləri soruşdu: - "neçədir yaşın",

Qocasan, qaxıl öl, qoca yerində!

 

İTKİ

İtkilər içində keçirdim ömrü,

Neçə doğmam getdi, əzizim itdi.

Dəhnədən gələrdi,başdan gələrdi

Çaylarım qurudu, dənizim itdi.

 

Yarandım elə bil sürgünə düşdüm,

Qor kimi çoxunun kürkünə düşdüm,

Adamlar içində bir günə düşdüm

Allahın yanında gör üzüm itdi.

 

Üzlərdə fərəhdən daşqı görmürəm

"Göylərin mehrabı eşqdi"-görmürəm

Yaxşı ki, dünyanı yaxşı görmürəm

Sol gözüm tor görür, sağ gözüm itdi.

 

Bağladım ümidi boş sabahlara

İnandım ürəyi daş sabahlara

Sizi tapşırıram xoş sabahlara

Mənim Günüm batdı, gündüzüm itdi.

               

***

Hardan alım bir zaman

Bala dönən ömrümü

Göydə şimşək, Yerdəsə

Selə dönən ömrümü.

Qara yellər apardı,

Şirin dillər apardı,

Oğru illər apardı,

Lələ dönən ömrümü.

 

Kitab idi bağlanıb,

Öndə qəbir dayanıb,

Tökün başıma yanıb,

Külə dönən ömrümü.

             

***

Nə şirindir gecələr

Şeirin oduna yanmaq.

Bir sətrin üstündə

Dönüb-dönüb dayanmaq.

 

Ağappaq bir kağızı

Edəsən gecə kimi.

Ürəyinin vurğusu

Bölünə heca kimi.

 

Hər sözün öz ağrısı,

Öz rəngi, qiyafəsi.

Dilin ucunda ola

Gəlməyə qafiyəsi.

 

Bayırda ulduzlu göy

Aynada siluetin.

Çörəyin olmasa da

Bol ola siqaretin.

 

Səhər bütün yazdığın

Tamam gözündən düşə.

Axşam düşüncə yenə

Atılasan "döyüşə."

 

Ah, nə şirin duyğudur

Sözün oduna yanmaq.

Bitirib bir nəğməni

Qalib kimi dayanmaq.

 

 

İLQARLI DOSTUM                

Məmməd İlqara

Mənim təcnis dostum,

                gəraylı dostum.

Yaddaşı ilqarsız

                       ilqarlı dostum.

Yenə səhərəcən

                  səni düşündüm,

   Yenə  ürəyimdən

                      qara qan axdı.

   Sənin  yaddaşının

                     itdiyi  gündən

   Mənim bütün dostlar

                    yadımdan çıxdı.

 

BARIŞ ADAMI

Əlvida, Əmrahoğlu

Dosta yaraşıq kişi.

Çöhrəsu nur məskəni,

Ürəyi işıq kişi.

 

Yoxsan, düşünürəm ki,

İnsan quru sədamı?

Fikrimdə ad qoymuşdum

Sənə: "Barış adamı".

 

Dərin çaylar kimiydin,

Sakit - sakit axardın.

Ən köntöy adama da

Bir bəraət tapardın.

 

Ancaq ucalıq gəldi,

İnsan adına səndən.

Yanıma qalxın dedin,

Enmədin mərtəbəndən.

 

Köçün-kəcavən getdi

Mələklər qanadında.

Qaranlıqda bir çıraq,

Belə qaldın yadımda.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!