Azər TURAN
"Qulluğumuz rusa nümayan gərək..."
XIX yüzilin sonlarına qədər Azərbaycan ədəbiyyatı və ictimai fikrində türk nüfuzunun təsiri yox deyiləcək dərəcədə azdır. Milli ideologiyadakı boşluğu rusa meyilli düşüncə doldurur. Türklər hələlik "yapalaq osmanlı" sifəti ilə təqdim edilir. Rusiya-Osmanlı müharibəsi ərəfəsində Azərbaycan poetik təfəkküründə rus ladı daha güclüdür. XIX yüzildə yazılmış bu misralar həmin düşüncəni ifadə edir:
Yapalaq osmanlı, bəri bax, kişi
İstəyir yerisin şahbaz yerişi.
Sınar pərü balı, pozular işi,
Qulluğumuz rusə nümayan gərək.
Bunu Azərbaycan ziyalısının milli iradəsi adlandırmaq yanlışdır. Bu, sadəcə rusameyillilik əlamətidir...
P.S. XIX yüzilin səksəninci illərində Bakıya səfər edən İsmayıl bəy Qaspıralının yazdıqlarından, müşahidələrindən aydın olur ki, 1883-cü ildə Bakıda xalq türkcə, aristokratiya və oxumuş tacirlər isə farsca danışırdı.
XX əsrin ilk illərinə qədər Bakıda elit dil, ünsiyyət vasitəsi rus və fars dilləridir.
Millətin qarışıq zamanları, neft bumu, Avropanın Bakıya axını və fəsadları, yaxud Talıbovun və Sabirin dedikləri
"Mərhum Talıbov Bakı şəhəri üçün "Keçmişdəki Sodom və Qomorra, yaxud Hamura şəhərlərinin bir araya gəlməsi ilə oluşan lənətli bir şəhərdir" deyirdi. Bunu Əbdürrəhim Talıbova istinadən Abdulla Cövdət "İctihad" dərgisində yazmışdı.
Sabirin məşhur "Neylərdin, İlahi?!" şeirindəki bu misraları da yəqin hamımız xatırlayırıq:
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, -
Evlərdəki nisvanları neylərdin, ilahi?!
Türk nüfuzunun təsiri, yaxud ən doğru seçim
Bakıda və ədəbiyyatımızda türk nüfuzunun təsiri XX yüzilin əvvəllərindən - 1905-ci ildən sonra "Həyat" qəzetinin və "Füyuzat" məcmuəsinin nəşrləri ilə pərvəriş tapdı. Xüsusən, "Həyat" qəzeti millətin etnik və əxlaqi mənsubiyyətinə uyğun ideoloji əsas hazırladı.
Belə rahat yabançılaşmanın - ruslaşmanın və farslaşmanın şəsti məhz "Həyat"ın və "Füyuzat"ın nəşri ilə sındırıldı.
"Füyuzat" qapanandan bir neçə il sonra isə ortaya "Azərbaycan türkcəsi, yoxsa Osmanlı türkcəsi?" dilemması çıxdı, çıxarıldı.
Azərbaycanın orta məktəblərində tədris olunacaq ədəbiyyat dərsliklərindən biri Birinci Müəllimlər Qurultayının tövsiyəsilə "Səadət" məktəbi şagirdləri üçün Süleyman Sani, Mahmud Mahmudbəyov, Fərhad Ağazadə və b. hazırladıqları "İkinci il" adlanır. Dərslikdə Azərbaycan meyli qüvvətlidir, digər dərsliyi isə Balaxanı məktəbi üçün "Füyuzat" qiraət kitabı adı ilə türk şairi Əhməd Kamal yazır. Kitabda Seyid Əzim Şirvani ilə yanaşı Mehmet Emin Yurdaqulun da əsərləri tədris olunur. Balaxanı məktəbinin şəriət və ədəbiyyat müəllimi isə "Mümkün iki dil bir-birinə tərcümə amma / Osmanlıcadan tərcümə türkə nə deməkdir?" deyə antitezis yaradan Mirzə Ələkbər Sabirdir.
Cümhuriyyət dövrü ədəbiyyat dərsliklərimiz.
Hüseyn Cavid və Abdulla Şaiqin "Ədəbiyyat dərsləri" kitabı
Hüseyn Cavid və Abdulla Şaiqin imzası ilə çap olunan "Ədəbiyyat dərsləri" kitabı "Üsküdar sultaniyyəsi sabiq ədəbiyyat müəllimi" Məhiləddin bəyin "Yeni ədəbiyyat" dərsliyi əsasında hazırlanmışdı. Kitaba Hüseyn Cavidlə Abdulla Şaiq birgə yazdıqları "Bir iki söz" başlıqlı təqdimatda "İstanbul ədəbiyyat müəllimlərindən Məhiləddin bəyin "Yeni ədəbiyyat"ından mühüm qismləri" alaraq "başqa əsərlərdən bir taqım nümunələr əlavə etməklə yazılmış işbu kitabın məktəblərimizdə tədris edilmək üçün təb və nəşrinə qərar verildi", - deyə bildirilir.
Hər iki kitabın fərqi təxminən belə idi. Məhiləddin bəy Məhməd Əmin Yurdaqulun tərcümeyi-halını təqdim etməklə, Cavid və Şaiq əfəndilər isə Əmin bəyin yaradıcılığından örnəklər verməklə kifayətləniblər və s.
1919-cu ildə Bakıda nəşr olunmuş bu kitab Türkiyə və Azərbaycanda ortaq ədəbiyyat tədrisinin, ümumiyyətlə, ortaq məktəbin yaradılmasına meylin əhəmiyyətli göstəricilərindən biri idi.
Sovet Azərbaycanının ilk illərində Türkiyə səfirinin evində Türk ədəbiyyatından heç nə ilə fərqlənməyən Azərbaycan ədəbiyyatına türk nüfuzunun təsiri məsələləri müzakirə olunurdu...
1937-ci ildə istintaq prosesində Hüseyn Cavid haqqında Böyükağa Talıblının belə bir ifadəsi var: Türkiyə səfirinin evində Cavidin də iştirak etdiyi söhbətlərdə "türk ədəbiyyatından heç nə ilə fərqlənməyən Azərbaycan ədəbiyyatına türk nüfuzunun təsiri məsələləri müzakirə olunurdu". Türkiyənin Azərbaycandakı o zamankı səfiri isə yazıçı Memduh Şevkət Əsəndal olub... Məmduh Şevkət Bakıda 1920-ci ilin avqustundan 1924-cü ilin 31 martına qədər böyükelçi vəzifəsində çalışıb. İsmayıl Çeşidlinin bildirdiyinə görə, Əsəndal diplomatik sahədə işləmək üçün Türkiyənin xaricə göndərdiyi ilk rəsmi məmur idi. Memduh Şövkətin tədqiqatçıları onun Bakı dövrünü yazıçılığının gəlişdiyi, təkmilləşdiyi dövr olaraq xarakterizə etməkdədirlər. Əsəndal və Cavid doğrudanmı, "türk ədəbiyyatından heç nə ilə fərqlənməyən Azərbaycan ədəbiyyatına türk nüfuzunun təsiri məsələlərini müzakirə ediblər? Doktor Rza Nurun Parisdə yazdığı "Həyat və xatiratım" kitabında 1920-ci ilin sonlarında Naxçıvanın statusu məsələsini müzakirə etmək üçün Moskvaya, Stalinlə görüşə gedərkən nümayəndə heyətinin yolüstü Bakıda dayanmasını əks etdirən qeydlərdə Əsəndal haqqında belə bir məlumat var: "Burada Memduh Şevkət adında bir təmsilçimiz vardır... İşləri çox gözəl yönəldir... Elə bir etimad qazanıb ki, xalq hər sirrini gəlib ona söyləyir... Onun vasitəsiylə bir qrup azərbaycanlı ilə görüşürəm..."
Rza Nur Naxçıvanın statusunu müzakirə etməyə gedərkən Əsəndalın evində görüşdüyü bir qrup azərbaycanlıdan biri Hüseyn Cavid ola bilməzdimi?
Professor İsmayıl Hikmətin Bakıya gəlişinin səbəbi
"1923-cü ilin baharı idi. Azərbaycan Cümhuriyyəti Ankara Böyük Millət Məclisi Hökumətindən Bakı Ali Pedaqoji İnstitutu ilə Bakı Universitetində türk dilini tədris etmək üçün professorlar istəmişdi…" Bunu "Azərbaycanda dörd il yarım" məqaləsində İsmayıl Hikmət yazıb. Gəliblər. Bakıda çalışıblar. Proses 1926-cı ilə qədər davam edib. Türkoloji Qurultay ərəfəsində isə maarif komissarı Mustafa Quliyevin İsmayıl Hikmətlə ilginc bir söhbəti olub. Yəni azərbaycanlı kommunistlərin qəzetlərdə yazdıqları ilə qapalı otaqlarda türk diplomatları və professorları ilə danışdıqlarının arasında ciddi fərqlər və ziddiyyətlər var. Azərbaycanlı kommunist Mustafa Quliyev türkiyəli professor İsmayıl Hikmətə bu sözləri deyir: "Ruslar bizə ən böyük zərbəni dil məsələsində endirəcəklər. Rus dilinin və rusların əsarəti altına düşəcəyik. Qurultayda türk dilini müdafiə edin".
Türkiyənin Bakıdakı konsulu Fərid Xurşit
Məmduh Şövkətdən sonra Türkiyə Azərbaycanda səfirlik səviyyəsində deyil, konsulluq səviyyəsində təmsil olunur. Baş konsul isə Fərid Xurşitdir. Fərid Xurşit də Azərbaycan ziyalıları ilə sıx irtibatda olub, onlarla müntəzəm görüşüb. 1937-ci ilin istintaq materiallarında belə bir ifadə də var: "Bu professorlar (türkiyəli professorlar - A.T.) təkcə Azərbaycanın ədəbiyyat məsələlərində fəal iştirak etmirdilər, onlar məqalələr, dərsliklər yazırdılar... Bu cür görüşlərdən biri İsmayıl Hikmətin dediklərindən mənə məlumdur. İsmayıl Hikmətin dediyinə görə, mənzilində Triniç, Hüseyn Cavid, Cabbar Əfəndizadə türk səifiri ilə görüşdülər". Türkiyəli professorlar deyəndə, şübhəsiz ki, Muhiddin Birgə, İsmayıl Hikmət və Halil Fikrət nəzərdə tutulur. Azərbaycan hökuməti də məhz Fərid Xurşitin zamanında Türkiyədən professorlar istəmişdi. Türkiyəli müəllimləri də Bakıda NKVD-nin erməni kökənli rəhbərlərindən və əməkdaşlarından mühafizə edən Fərid Xurşit idi. Bu barədə əski "Tanin" yazarı, həmin illərdə isə Azərbaycan Maarif Komissarlığında müşavir vəzifəsində çalışmış Mühiddin Birgə də "İttihad və Tərəqqidə on il" kitabında yazıb. İsmayıl Hikmətin də belə qeydləri var: "Bakı küçələrində xalqa nitq söyləyən firqəçilər Türkiyə hökumətini paşalar hökuməti adlandırır və onların zehnini tənqid edir; hər gün də Türkiyənin Bakıdakı Baş konsulu tərəfindən aldığı etiraza: "Çox mütəəssirik, bunu edənlər avam xalqdır, üzr diləyirik, biz onların öhdəsindən gələrik!" tərzində uydurma bir üzrxahlıq edirdilər".
İstanbul Universitetində Əli bəy Hüseynzadə ilə eyni qrupda oxuyan Cənab Şəhabəddin sonralar həmin Universitetdə Hüseyn Cavidin müəllimi olmuşdu
Cənab Şəhabəddin XIX yüzilin sonlarında, yəni 1889-1895-ci illərdə İstanbul Universitetində Əli bəy Hüseynzadə ilə eyni qrupda təhsil alıb. XX yüzilin əvvəllərində - 1906-1909-cu illərdə yenə də İstanbul Universitetində Hüseyn Cavidin müəllimi olub.
Əli bəy Hüseynzadə Türkiyə Cümhuriyyətinə yol açan və Osmanlı dönəmində ilk siyasi partiya hesab olunan İttihadi-tərəqqi Cəmiyyətinin, yəni ilk siyasi partiyanın qurucularından biridir. 1906-cı ildə "Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq" triadasını irəli sürməklə istər Azərbaycan, istərsə də Türkiyə Cümhuriyyətlərinin nəzəri əsaslarını hazırlamış, bu ideyanı Atatürkün fikir babası Ziya Gökalpa təlqin edən ideoloq olmuşdu.
Ziya Gökalpa görə Bakı, Yaxud Qızıl Alma Bakıdadır
Qızıl Alma Bakıdadır... Bunu elmi və poetik müstəviyə ilk dəfə 1913-cü ildə "Qızıl Alma" dastanında Ziya Gökalp çıxarır. "Qızıl Alma" dastanının qəhrəmanı Ayxanım əslən bakılıdır, atası azəri türkü, anası qırğızın konrad boyundandır. Valideynlərini itirib Parisdə təhsil almağa gedən Ayxanımın düşüncəsində Turan aləmini maarifləndirməkdən başqa bir istəyi də yoxdur. Nəhayət, Ayxanım təhsilini tamamlayıb Bakıya gəlir, biri qızlar, digəri isə oğlanlar üçün məktəb açmaq niyyətindədir, o, açacağı məktəbi də romantik bir ecazla: "İstiqlal Beşiyi" adlandırır...
Ziya Gökalpa görə, Turanın İstiqlal beşiyi Bakıdır. Turanın üç fışqıran qaynağından birincisi Azərbaycandır... Bir sözlə, Qızıl Alma Bakıdadır...
Küfrani-nemət küləkləri
Mən bu yazıda Türkiyə-Azərbaycan birliyinin sadəcə bir epizodunu yazdım. Bu qədər iç-içə, bu qədər bütöv olmuşuq... Amma arada yaranmış ani təbəddülat məqamında fürsəti fövtə verməyənlər Türkiyə ilə Azərbaycanın ortaq bağlarını təftiş etməyə başladılar.
Hardan əsdiyi bəlli olmayan küfrani-nemət küləkləri bitsin artıq...
28 oktyabr 2026
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
