Yubiley təbrikləri - ANAR - 80

"Otel odası"nda "Dantenin yubileyi"ni keçirmənin zamanı gəldi!

Elə düşünürəm ki, Anarsız Azərbaycan ədəbiyyatının bütöv bir dönəminin səhifələri ağ və yarımçıq görünərdi.

Bütün rənglərin anası qaranlıqdı! Anar ən çox sevdiyim əsəri "Otel odası"nın pəncərəsindən baxıb, qaradakı yeddi rəngi sözbəsöz ayıran böyük söz ustasıdı!

Anarın bütün yaradıcılığı sözün işığa çevrildiyi məqamdı!

Bu məqamdakı adamın doğum günüdü. Doğum günün qutlu olsun, böyük adam!

Rüstəm BEHRUDİ

 

 

***

Səksən il bundan əvvəl, martın 14-də Rəsul Rzanın və Nigar xanım Rəfibəylinin ailəsində bir oğlan uşağı dünyaya gəldi, adını da Anar qoydular. O günə qədər Azərbaycanın tarixində Anar adlı adam olmayıb - bu, bir ilk idi. Anar böyüdükcə, məşhurlaşdıqca, sevildikcə onun adı da tirajlandı; indi ölkədə nə qədər desən Anar adında adam tapmaq olar və bunların hamısı bizim Anardan kiçikdirlər - adları Anardan törəmə adlardı. Bu, Azərbaycanın son səksən ildə adqoyma ilə əlaqədar hamımızın muşahidə etdiyimiz real mənzərəsidir.

İndi isə başqa bir reallıq haqqında...

İllər keçdikcə Anar böyüdü, həddi-buluğa çatdı, təhsil aldı, bədii yaradıcılıqla məşğul olmağa başladı. Və yenə də illərin yaxından köməyi ilə Anar yazıçı oldu - ilk addımlarından tanındı, tanına-tanına sevildi, sevilə-sevilə məşhurlaşdı.

Anar adından törəmə adlar meydana gəldiyi kimi, yazıçı Anarın da özündən yeni keyfiyyətdə Anarlar törəməyə başladı: Ata Anar, dramaturq Anar, publisist, kinossenarist, rejissor Anar, baba Anar... və bu yaxınlarda dünyaya gələn Muradın birbaşa və yaxından köməyi ilə ulu baba Anar...

Mən bu Anarların hamısını yaxşı tanıdığımdan deyə bilərəm ki, onlar bir-birindən maraqlı, səviyyəli, istedadlı, biri digərini təkrar etməyən Anarlardı.

Və bir-birindən maraqlı, səviyyəli, istedadlı, biri digərini təkrar etməyən Anarlar yığışıb, indiki dillə desək, bizim sevdiyimiz Anarı təsisi elədilər - yaratdılar.

Bu, mən baxan tərəfdən görünən Anardı.

Əzizim Anar! Səksən il bundan qabaq bu dünyaya xoş gəlmisən! Mübarəksən!

Seyran SƏXAVƏT

***

 

Azərbaycanın xalq yazıçısı, görkəmli nasir, dramaturq, publisist Anarın yaradıcılığının başlanğıcı ötən əsrin 60-cı illərinə təsadüf edir; yəni o da "altmışıncılardandır". Lakin əslində, bu , sadəcə zamanı etibarı ilə zahiri bir təsadüf deyil, bu, həmin dövrdə dünyanın dörd bir tərəfində - bütün qitələrdə yəqin ki, hansısa bir qanunauyğunluqdan doğan möhtəşəm bir prosesin ədəbiyyatda, sənətdə XX yüzilin 50-ci illərindən başlanan intibahın tərkib hissəsidir. Çox dərin kökləri və zəngin ənənələri olan Azərbaycan ədəbiyyatı bu qlobal hadisədən, yeniləşmədən kənarda qala bilməzdi və bilmədi də, Anar eləcə də o dövrün istedadlı gəncləri və əsrin tələbləri ilə ayaqlaşa bilən orta nəsil yazıçıların timsalında dünya ədəbi prosesinə qoşuldu.

Anar həm yaradıcılığı - konkret əsərləri ilə, həm də sağlam ədəbi qüvvələri bir araya gətirmək qabiliyyəti ilə 60-cı illərdə yaranan ədəbiyyatın inkişafına və istiqamətlənməsinə çox güclü  və əməli təsir göstərdi.

Anar yaradıcılığının və ümumiyyətlə, bir ziyalı kimi şəxsiyyətinin ən əsas xüsusiyyəti onun milli qaynaqlardan bəhrələnməsi, milli-mənəvi dəyərlərə söykənməsidir; bir də - yenilikçiliyi. Bununla belə, bəşəriliklə milliliyi, yeniliklə ənənəni çox orqanik şəkildə qovuşdura bilmək bacarığı, məharəti Anar fenomeninin bel sütunudur.

Bu gün Anarın 80 yaşı tamam olur; mübarəkdir. Saçları ağarsa da, yaşanmış ömrün ağrı-acılarının, yəni qısası, yaşın zahiri görkəminə müəyyən təsiri olsa da, Anar gənclik əzmini, müasirlik duyğusunu qoruyub saxlaya bilib! Əminəm ki, bundan sonra da qoruyub saxlayacaq.

Sənə möhkəm cansağlığı arzulayıram, Anar!

İntiqam QASIMZADƏ
"Azərbaycan" jurnalının baş redaktoru

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!