Danışır Seyid Əzimin oğlu... - Cavid Zeynallı

Seyid Əzim Şirvaninin ədəbi irsi geniş oxucu kütləsi arasında XIX əsrin sonlarından etibarən daha çox yayılmağa başlayıb. Şair dövrü mətbuatda 1875-ci ildən çap olunsa da, əsərləri sağlığında küll halında nəşr olunmayıb. Ədəbiyyat tarixində fakt kimi qalıb: Seyid Əzim ölümündən bir qədər əvvəl hazırda Əlyazmalar fondunda saxlanılan Divanını və uşaqlar üçün yazdığı “Rəbiül-ətfal” kitabını çap etdirməyə çalışsa da, arzusu elə arzu olaraq qalıb.

1888-ci ildə şairin ölümündən sonra “Kəşkül” qəzeti onun ədəbi irsini nəşr etdirmək təklifini edir. Sonralar - 1892-ci ildə şamaxılı Sadıq oğlu Həbib Seyidin qəzəllərini divan halında çap etdirmək üçün hazırlasa da, hansısa səbəbdən bu iş də “Kəşkül”ün təklifi kimi elə təklif olaraq qalır.

1895-ci ildə şairin oğlu Mircəfər Seyidzadə Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına atasının kitabını Tiflisdə Ünsizadələrin “Ziya” mətbəəsində çap etdirir...

Şairin qəzəlləri Bakıda ilk dəfə 1902-ci ildə mətbəə üsulu ilə çap olunub. Həsən bəy Zərdabinin arxivində saxlanılan məktubdan görünür ki, Seyid əsərlərinin məhz mətbəə üsulu ilə nəşr olunmasını arzulayırmış. Məktubdan oxuyuruq: “Sizin qəzetənin hərfləri ilə çap olunsa məsləhətdir. Çünki çox yaxşı, aydın oxunan xətdir”.

Seyid Əzim Şirvaninin növbəti kitabı İranda 1912-ci ildə çapdan çıxıb. “Pərişan”ı dövrün ziyalıları, məsələn, Seyid Hüseyn, Məhəmməd Hadi kəskin və sərt qarşılayırlar. Seyid Hüseyn kitabın nəşrindən hiddətlənib yazdığı yazıdan bir neçə cümlə: “Zavallı Seyid Əzimi bundan dolayı biabır etdilər. Əcəba, bu naşirlərin Seyid Əzimlə qərəzlərimi var idi? Yaxud kəndi mənfəətlərini mülahizə edərək, camaatımız həcv oxumağa rağibdir deyə, ondan ötrü nəşr etmişlər?

Növbəti yazını Məhəmməd Hadi yazır: “Zavallı şairin məbdəi-həyatı olan Mircəfər əfəndi qəflət və ya təğafül nəticəsi olaraq pədəri-möhtərəmin səhneyi-ədəbiyyata çıxması heç də lazım olmayan həzliyyat və həcviyyatını da, yüz min təəssüf olsun ki, təb və nəşr etdirməklə böyük bir günahi-ədəbi və günahi-ictimai işlətmişdir”.

Seyid Hüseyn və Məhəmməd Hadinin məqalələrinə cavab özünü çox gözlətmir. Şairin oğlunun yazdıqları tarixi fakt və Seyid Əzim yaradıcılığına münasibət baxımından çox maraqlıdır. Mircəfər Seyidzadənin 1914-cü ildə “İqbal” qəzetində bir qədər əsəb və qəzəb, bir qədər də umu-küsü ilə çap etdirdiyi yazıdan bir hissəni oxumaq bəsdir ki, mənzərə aydın olsun: “Pədərim vəfat edəndə beş yüz manat borc və səkkiz nəfər əyal mənim öhdəmə qoymuşdu. Vəfatından bir il sonra Şamaxı şəhər məktəbinə hər ayda 25 manat məvaciblə şəriət müəllimi təyin olundum. Bu məvaciblə həm atamın əyalını saxlamaq, həm də borcunu verib, əsərlərini çap etdirməyi özümə vacib bildim. Hamıya məlumdur ki, 30 il bundan əqdəm Qafqazda islam mətbuatı nə halda idi; bir nəfər də olsa nəşriyyat işinə məşğul olan tapılmazdı. Əlqərəz, bir yay tətili bir qədər pul xərcliyi tədarük edib, Tiflisə - müfti əfəndi Qaibovun hüzuruna getdim. Müfti əfəndi çox xoşluqla mənim arzumu qəbul edib, bu barədə köməkdə bulunmağı öhdəsinə götürdü. Çifaidə, o vaxt şeyxül-islam mərhum Tahirzadə bu məsələdə müfti ilə həmrəy olmadığı üçün naümid Şamaxıya qayıtdım. Mənə dedilər ki, Rəştdə sakin olan şirvanlı tacirbaşı Səməd xan Seyid Əzimin əsərlərini çap etdirməyə xahəndir. Gələn yay tətili yenə bir qədər yolxərci borc edib, Rəştə rəvan oldum. Səməd xan həzrətləri Rəştdə buyurdu ki, kitabları qoy qalsın, hələ işim var; asudə olsam, çap etdirərəm.

Suyu süzülmüş dəyirman kimi kitabları qoltuğuma vurub Şirvana gəldim. Bir neçə il keçdi. Yenə bir yay tətili Bakıya gəldim. Mərhum Əsəd bəy Səlimxanov və Abdulla bəy Əmirov vasitəsilə kitabları Hənifə xan Hüseynovun hüzuruna apardıq. Xanın haşiyənişinlərindən bir nəfər kitabı vərəqləyib söylədi:

- Orada flan ağa, flan bəy tərif olunmuş, apar onlar çap etdirsin.

Kor-peşman ordan çıxdım. Mənə dedilər ki, Hacı Hacıbaba aşiqi-Hüseyndir, bəlkə Seyidin mərsiyələri səbəbinə əsərlərini çap etdirə. Kitabları götürüb Mərdəkan bağlarına Hacı Hacıbabanın hüzuruna getdim. Hacı mərsiyələrdən bir neçəsini oxuyub, Seyid Əzimin ruhuna dua edib dedi:

- Bu kitabı çap etdirmək bir adamın işi deyil. Əgər qeyri kömək edən olsa 10-20 manat mən də verə bilərəm.

Qayıdıb Şamaxıya gəldim. Bir-iki ildən sonra Fərəc bəy Vəzirov vasitəsilə Hacı Zeynalabdin Tağıyev 500 manat pədərimin təmsillərini çap etdirməyə ianə etdi. Bu yol ilə Təbrizə gedib təmsilləri çap etdim. Bu vaxtlarda Bakı şəhər məktəblərinə müəllim təyin oldum. Əlisgəndər Cəfərovun ittilaı ilə Levinson mətbəəsində pədərimin qəzəliyyatını çap etməyə şüru etdim...

O ki qaldı mərhumun çap olunmuş həcviyyatına, bu barədə bunu söyləyirəm ki, kimsə məndən iznsiz onları Təbrizdə çap etdirmiş, Qafqazda intişara qoymuşdur. Bu həcviyyatı satan iranlı kitabfüruşla sudda mühakiməmiz oldu; ələ düşən nüsxələri zəbt etdirdim”.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!