Bizə məlumdur ki, Mark Tven məşhur yazıçıdır. Məlumatlarda belə də yazılır ki, Mark Tven Amerikanın məşhur yazıçıları sırasında öncül yeri tutub. Onun əsərləri ölkə sərhədini aşaraq bütün dünyaya yayılıb, çoxmilyonlu oxucu kütləsinin kumirinə çevrilib. Amma çoxları bilmir ki, yazıçı həm də gözəl nitq qabiliyyəti ilə elmi mərkəzlərdə, universitetlərdə alim və tələbələri heyrətləndirib. Onun bəlağətli çıxışları, aydın yozumu, üstəlik, publikanı ələ almaq qabiliyyəti digər yazıçıların da yuxusunu ərşə çəkib.
Hər şey yazıçının Havay adalarına getməsindən başlayıb. İşlədiyi redaksiyanın rəhbərliyi məqalə hazırlaması üçün onu ezamiyyətə - həmin adalara göndərib. Redaksiyanın tapşırığına əsasən Mark Tven başına gələn macəralar barədə məktub yazmalı imiş. Jurnalistikada belə fəndlər hələ də işləyir. Məsələn, məqaləni guya kiməsə məktub yazmaq formasında oxucuya çatdırmaq. Görüb-eşitdiklərini redaksiyaya göndərib. Vətənə qayıdanda isə çox təəccüblənib. Çünki yazdığı məktubun dərcindən sonra çox məşhurlaşmışdı. Artıq Amerikada məşhur insanlar siyahısına düşən yazıçının həyatında yeni dövr başlanıb. Bəs nə baş vermişdi? Bir məktubun gücü nədə olub ki, insanı az müddətdə məşhurlaşdırsın?
Məsələnin kökü sadə izahdadır. Çünki o məktub heç bir ədəbi çalar qatılmadan sadə dildə yazılmışdı. Həmin yazıdakı bütün sətirlərdə səmimilik duyulub. Həm də əsas səbəb ondan ibarət idi ki, məktubu Mark Tven yazmışdı. Bax, oxucuları da təəccübləndirən sözügedən amil olub. Amerikada qəribə sistem hökm sürür. Kim məşhurlaşırsa, tez bundan istifadə edilir. Ümumiyyətlə, reytinqdən istifadə etmək onların canına hopub. Elə bu məqsədlə də "Alta California" qəzetinin təsisçisi, polkovnik Con Mak Komb Mark Tveni kabinetinə çağırıb. Yazıçı əvvəlcə buna təəccüblənib. Adıçəkilən qəzetin rəhbərliyindən həmin vaxta qədər heç bir təklif gəlmədiyindən Mark Tven düşünmədən ora yollanıb. Təsisçi ona Kaliforniyada mühazirə oxumasını təklif edib. Qonorar kifayət qədər böyük olub. Mark Tven həmin ştata yola düşərək dinləyicilər qarşısında mühazirə deməyə başlayıb. Belə təklifin üstünlüyü onda idi ki, yazıçı bütün ştatı gəzərək hələ yazılmayan əsərləri üçün qeydlər götürüb. Mühazirəyə gəlincə, gözlənildiyindən artıq auditoriya toplanıb. Bu barədə indiyə qədər də müzakirələr açılır. Əsas sual bundan ibarətdir ki, Mark Tvenin mühazirəsinə qulaq asanların sayı niyə birdən-birə artıb? Yazıçı hansı fənddən istifadə edib? Bunun bir sirri vardı: Başqa yazıçılar günlərini kafe-restoran, kef məclislərində keçirəndə Mark Tven əziyyətə qatlaşaraq üzərində işləyib.
Əvvəlcə o, hər bir mühazirə üçün yeni üsullar müəyyənləşdirib. Bir mühazirə digərinə bənzəməz, tamamilə fərqli xüsusiyyət daşıyarmış. Hər bir mühazirənin nəticəsini gecələr təhlil edərmiş. Natiqlik qabiliyyətinin artması üçün yaddaqalan cümlələrdən istifadə edər, harada fasilənin verilməsi, hansı məqamda gülməli jestlər nümayiş etdirməsinin fərqinə vararmış. Ancaq Havay adalarından göndərdiyi məktuba qədər Mark Tven sözlərini ifadə etməkdə çətinlik çəkərmiş. Onun arzuolunmaz qüsuru həm də yaddaşının zəifliyi olub. Bəzən yazıçılar arxasınca qeybət qıranda həmin qüsuru xüsusilə qabardıblar. Mark Tven belə söz-söhbətləri bildiyindən güclü yaddaş üçün yeni metod fikirləşib tapıb. Çünki o illərdə "intellektual oyunlar" adlı nəsnədən əsər-əlamət olmayıb. İlk vaxtlar alınmayıb. Yenə də nəyisə unudar, hirslənər, başqalarının gülüşü ilə üzləşərmiş. Arzuolunmaz qüsur sakit həyatını çətinləşdirib. Mühazirə zamanı hansısa qeydiyyat dəftərçəsindən istifadə etmək ona əzab verərmiş. Bunun dinləyicilər yanında edilməsinin necə mənfi fəsad verdiyini bilsə də, Tanrının bəxş etdiyi qüsuru düzəldə bilmirmiş. Ancaq bir müddət oturub düşündükdən sonra anlayıb ki, burada Tanrının heç bir günahı yoxdur. Sadəcə, həyatı boyu müəyyən qədər sağlamlığına fikir verməyib. Onun bioqrafı Albert Peyn xatirələrində yazır ki, bəzən Mark getdiyi yolu təzədən geri qayıda bilməz, azarmış. Hətta elə hallar müşahidə edilib ki, mənzilinin divarından asdığı yaxın adamının fotosunun kim olduğunu xatırlamazmış. Beləliklə, ilk vaxtlar Mark Tven yaddaşına əmin olmadığından özü ilə qeyd dəftərçəsini götürüb. Getdikcə nisbi irəliləyiş yaranıb. Çünki ilk günlər qeyd dəftərçəsində mühazirənin yarısı əksini taparmışsa, sonrakı günlərdə yalnız abzasların başlanğıcını qeyd edərmiş. İrəliləyiş sadə üsuldan ibarət olub. Yazıçı bütün gecə ərzində mühazirəni əzbərləyərmiş. Əlbəttə, bu yaxşı xüsusiyyət olmasa da, səbəbi vardı. Mühazirələrin birində Mark qeyd dəftərçəsini itirib. Düzdür, həmin əzablı gündə vəziyyətdən birtəhər çıxsa da, bir də belə səhvin təkrarlanmaması üçün əzbərçiliyə üstnülük verib. Növbəti irəliləyişdə isə daha abzasın cümləsini qeyd etməyib, yalnız baş hərfi yazıb. Elə etməli idi ki, dinləyicilər tez-tez həmin hərflərə baxmasını görməsinlər. İlk vaxtlar buna müyəssər olub. Başqa çıxış yolunu da tapıb. Heç hərfləri də yazmayıb, mühazirənin şəklini çəkib. Yox, bunu kağız üstündə yerinə yetirməyib. Şəkli beynin alt şüuruna yerləşdirib. Məsələn, "K" hərfi ilə başlayan abzası kirpi şəkli ilə əvəzləyib. Kirpini düşünərək "K" hərfi ilə mühazirəsinə başlayıb. Yaddaşının güclənməsi üçün tətbiq etdiyi metodun sonralar tibb elminə töhfə olacağını hələ düşünməmişdi. Heç bu barədə düşünməyə vaxtı yox idi. Çünki "Alta California" qəzetinin təsisçisi, polkovnik Con Mak Komb ona xeyli qonorar verərək Kaliforniyaya göndərmişdi. Dinləyicilərdən kiminsə şikayəti belə qonorarı kölgə altında qoyar, gələcək perspektiv planlar üçün çətinlik yaradar, yeni tapşırıqlar verilməzdi. Yazıçının dostu Din Houells öz xatirələrində yazır ki, əvvəl mühazirəsi üçün bir şəkil çəkən yazıçı, sonra onun sayını artırıb. Xüsusən gündəlik məişət əşyaları ilə zənginləşdirib, həmahənglik yaradıb: çəngəl, bıçaq, bilyard şarı. O, işini yüngülləşdirmək üçün dinləyicilərin əşyalarından da yararlanıb: qələm, kağız, qadın çantası, kişi kostyumu, əlin çənəyə dayadılması, gözlərin qızartısı. Mühazirəyə qulaq asarkən dinləyicilərin əlini çənəsinə dayadılmasını, gözlərinin qızarmasını kimlər görməyib ki?! Tanış mənzərədir. Məhz bu sadə əşyalardan məmnunluqla istifadə edən yazıçı yaddaşının güclənməsi üçün getdikcə tibb elmində yeniliklərə imza atırdı. Lakin onun dostu Din Houells xatirələrində onu da bildirir ki, yaddaşı gücləndirməyə yönələn "Mark Tven metodu" hələ qədim dünyanın filosofları tərəfindən tətbiq edilib. İndi həmin metod "Roma otağı" adlanır. Sadəcə, Mark Tvenin töhfəsi özü də bilmədən həmin metodun yenidən bərpasından, yada salmasından ibarət olub. Yazıçı hesab edib ki, yaxşı natiqlik qabiliyyətinə yiyələnmək üçün yaddaş vacib şərtdir. Hər bir sevimli yazıçı yaxşı danışmalı, oxucularını ələ almalı, ətrafına toplamalıdır. Müasir dövrün nasirləri oxucularla daim təmas qurmalıdır. Neçə əsr əvvəl buna çox da əhəmiyyət verilməzmiş. Oxucu kitabı oxuyar, nasirə hörmət bəsləyərmiş. Müasir oxucular isə əsərdəki hər hadisənin, hər cümlənin hesabatını tələb edir. Yazıçı oynaq və şirin səslə, məntiqi mühakiməsi ilə cavab verə bilməsə, tələbkar oxucu bir anda ondan uzaqlaşar. Məhz bu nöqteyi-nəzərdən "Mark Tven metodu" indi də işə yarayır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!