İntellektual məkanın estetikasını yaradan Çingiz Əlioğlu... - Azər TURAN

Azər TURAN

 

82 yaşında Azərbaycanın böyük şairlərindən biri kimi dünyanı tərk edən Çingiz Əlioğlu 24 yaşında yazdığı "Yuxular şəhərində" əsəriylə sosrealizm tabularının qarşısına sürrealizmin azad ruhu və mistik röyaları ilə çıxmışdı. Sona qədər də belə qaldı. Yazdıqları bütün hallarda həqiqi poeziya meyarına çevrildi. Sözə və obrazlar sisteminə, poetika, kompozisiya və formaya, şeirin arxitektura və arxitektonikasına sırf modernist münasibətilə fərqləndi. Azərbaycan ədəbi məkanında postmodern yanaşmaların konturlarını da səksəninci illərdə o cızmış, Azərbaycanda ilk postmodern şeirləri o yazmışdı. Təkcə yazılarında deyil, söhbətlərində belə aşkar görünürdü ki, Çingiz Əlioğlu çağdaş Avropa poeziyası ilə iç-içədir; bütün poeziya yeniliklərinə aşinadır. Azərbaycan şeirinin son əlli illik mənzərəsini, inkişaf tempini, cərəyanlaşma prosesini aydın görmək üçün onun "Ruhumun həndəsəsi" və "Atlantlar" kitablarını oxumaq bəs edirdi. Yəni bu kitablarda Azərbaycan şeirinin həm sürrealist, həm kubist, həm modernist və həm də postmodernist mənzərəsi bütün əlvanlığı ilə görünür.

O, Azərbaycan ədəbi mühitində intellektual məkanın estetikasını yaratmışdı. Şeirində bir anı saxlayıb həmin anın saysız-hesabsız düşüncə intibalarını, özü də səs şəklində şeirə çevirirdi. Hətta bəzən vərəqlərə köçürülüb yazıya çevrilməsələr belə. Çingiz Əlioğlunun şeir fəzasından onların səsi eşidilirdi. Bu mənada Çingiz Əlioğlunu türk poeziyasında özəlliklə səs və forma baxımından Cahid Sıtkı Tarançıyla oxşar edən bağlar, bağlantılar çoxdur. Tarançıya görə, "Şeirin panteonu səsdir". Çingiz Əlioğlu üçün də şeirin panteonu səs idi. Və həmin panteonda mövcud olan bütün səslər onun şeir dilini, dilin ruhunu təşkil edirdi. Hətta manifest səciyyəli şeirində belə bir mümkünsüz istəyini də bəyan etmişdi:

 

Mən sözsüz şeirlər yazmaq istərəm,

Təkcə səslər olsun, kəlmələrsə yox.

Öz doğma dilimdən səda, nidalar,

Yabançı lisandan gəlmələrsə yox.

 

...Ölçüdən öncəki ölçüsüzlükdə

Gizlənib poeziya röyalar kimi.

Çıxsan bu dünyanın cazibəsindən

Dinəcək İlahi dualar kimi...

 

Çağdaş Azərbaycan poeziyasının əlamətdar hadisələrindən olan "Bürküdür" şeirində həmin səs panteonunda dünyanın siyasi mənzərəsini də, bürkü sözünün fəlsəfəsini də şeirləşdirə, daha doğrusu, simvollaşdıra bilmişdi. Darısqallıqda hüdudsuz genişlik yaratmışdı. "Bir udumluq təmiz hava, / genişlik davasıdır / bu şeirimin davası!" Bürkünün miniatür əksini bu sözlər aydın şəkildə ifadə edirdi.

Çingiz Əlioğlu "günəş parıltısının vur-tut iki rənglə - ağ və qara" ilə təmsil olunduğu daltonik postmodern mühitdə milli şeirin və ruhun əsalətini və bütün rənglərini qoruyub saxlamağın örnəyini də verdi. Azərbaycan poeziyasında elitar ədəbiyyatla pop düşüncə paralellərinin kəsişmə nöqtəsini tapdı. O, Derrida və Bartı Füzuli və Hadidən ayırmadı. Və "postmodernist və avanqardçılar - əladır, ekselans! Bütün qalan ənənəçi, simvolist tör-töküntülərsə sıfırdır, zero!" deyənlərə "Poeziyada vaxt başqa, poeziya vaxtın başqasıdır" məqaləsində belə səsləndi: "İstedadın qanunları ilə yaşamaq lazımdır".

Çingiz Əlioğlu təkcə şairlərə deyil, tənqidçilərə də istiqamət verirdi: "Çağdaş şeirin axtarış çabalarında avanqardın, neoklassikanın canlı mövcudluğunu elmi cəhətdən mükəmməl, əsaslı izləyin" deyirdi. "Fəlsəfi dəyər və zənginlikləri qədim türk, ərəb, yunan mənbələrindən tutmuş Bekon, Yum, Şopenhauer, Kanta... qədər xəzinələrdə aramaq səriştəsindən məhrum düşüncə oblomovları"nı ətalətdən çıxmağa, ədəbiyyatətrafı məsələləri deyil, konkret şeirin ən mühüm atributlarını tədqiqat obyektinə çevirməyə çağırırdı.

Çingiz Əlioğlunun yaradıcılığı böyük ədəbiyyat faktı olsa da, heyif ki, sağlığında sistemli və geniş araşdırmaların predmetinə çevrilmədi, haqqında dissertasiya işləri yazılmadı. Halbuki yazılmalıydı. Əslində, şeirləri də, tərcümələri də, xüsusən, Anna Axmatovadan tərcümələri, ədəbi-tənqidi fikirləri də geniş elmi tədqiqatların predmeti olmalıydı və olmalıdır. Çünki Azərbaycan poeziyasında cərəyanlaşma dalğasını Çingiz Əlioğlusuz təsəvvür etmək, əvvəldə də dediyim kimi, sürrealizmin, kubizmin - modernizmin, postmodernizmin milli şeirimizdə təzahür mərhələlərini Çingiz Əlioğlu yaradıcılığını sərf-nəzər edərək öyrənmək, sadəcə, mümkün deyil.

 

***

Çingiz Əlioğlu ilə vida mərasimində ürəyimdə onun ən çox sevdiyim şeirini zikr elədim:

 

Mən içən şərabın adı ayrılıq,

Çəkdiyim siqaret həsrət adlanır.

İçmədim, bayıldım, içdim, ayıldım,

Sənsizlik sürgündür... hicrət adlanır.

 

Necə də tünd imiş hicran qəhvəsi,

Sinəmə çəkdiyim tüstü qaradır.

Ağzımdan burulub çıxan nəfəsim

Havada miraj bir obraz yaradır.

 

Sənin xəyalındır ani, apaydın...

Daha yuxuda da məndən qaçırsan.

İşıqlı günümü özün qapadıb,

Zülmət gecələrə qapı açırsan...

 

Özümdən sürgünəm deyir, hal qanan,

Səbr elə, əlacın səbrdir elə.

Daha hardan bilsin halıma yanan,

Səbir də mənimçün Sibirdir elə?!

 

***

Çingiz Əlioğlu dünyanın cazibəsindən çıxdı.

Şeirləri isə bizimlə qaldı - dua kimi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!